İran-İsrail savaşı: baş verəcək, yoxsa..? ŞƏRH

Marianna Belenko: “Müharibəyə keçid etmək üçün qaynar faza artıq mövcuddur”

Son vaxtlar İran-İsrail münasibətlərinin yenidən gərginləşməsi prosesi müşahidə olunmaqdadır. Hətta zaman-zaman iki ölkənin hərbi-siyasi dairələri arasındakı kəskin ritorikalar xarakterində səslənən qarşılıqlı bəyanatların açıq müharibəyə doğru inkişaf etdiyi barədə də mülahizələr irəli sürülməkdədir. İran-İsrail qarşıdurması daha gərgin fazaya keçə bilərmi? Yaxud, ölkələr arasında savaşın baş verməsi ehtimalı nə qədər mümkündür?

“SƏS” qəzeti xəbər verir ki, bu barədə “Kommersant” qəzetinin siyasi şərhçisi Marianna Belenko maraqlı detalları açıqlayıb. Onun sözlərinə görə, silahlı qarşıdurmaya, müharibəyə keçid etmək üçün qaynar faza artıq mövcuddur. Belə ki, İsrail İranın və onun müttəfiqlik etdiyi Suriyanın obyektlərinə zərbələr endirir- tankerlər müharbəsi, İran və ya İsrail gəmiləri üzərində baş verən insidentlər və s. nəzərə alınrasa, situasiya kifayət qədər açıq görünür. Siyasi şərhçi hesab edir ki, savaşın baş verəcəyi halda regionda böyük silkələnmələr yaşana bilər, çünki İsrail İranda müəyyən diversiyalar həyata keçirir. Lakin bu, gizli əməliyyat kimi görünür. “Biz yüz faizlik zəmanətlə deyə bilmədik ki, bunları məhz İsrail edir. O, (İsrail) heç vaxt üzərinə belə bir cavabdehliyi götürə bilməz. Lakin açıq hərbi zərbənin endirilməsi planı gizli olsa belə onsuz da masa üzərindədir”, “Kommersantın” analitiki bildirib.

Belenko İrandakı hakimiyyətin devrilməsi variantında da toxunaraq qeyd edib ki, bunun mümkün olması ehtimalı inandırıcı görünmür. Xüsüsilə bu, İran-Amerika münasibətlərinin müstəvisinə aiddir, çünki ABŞ-ın bölgədəki əvvəlki səhvlərini nəzərə alaraq heç kim bununla razılaşmayacaq.

“Hər kəa anlayır ki, bu çox çətindir, amma İsrail “B” variantını istisna etmir, onu ABŞ-la müzakirə edir, belə ki, orada söhbət nəinki hərbi təhlükələrdən, həm də iqtisadi və siyasi təzyiqlərdən gedir”, deyən Belenko bu xüsusda İsrailin ərəb ölkələri ilə yaxınlaşması faktoruna da toxunub və xatırladıb ki, ərəb ölkələri ilə münasibətlərin qurulması fərqlidir. 90-cı illərdə sülh prosesinə başlanılarkən Misir də daxil olmaqla bir sıra ərəb ölkələri ilə sülh prosesinə start verildi və bu gün İsrailin misirlə əlaqələri dostluq səviyyəsindədir.

“Başqa məsələ isə 2000-ci ildəki ikinci intifada (müqavimət hərəkatı) zamanında münasibətlərin pozulmasıdır, haradasa iqtisadi təmasların dayandırılması qərarları da verildi. Lakin buna baxmayaraq Körfəz ölkələri ilə qeyri-rəsmi, səssiz təmaslar olurdu və İsrailin onlarla nəyi isə bölüşdürməsinə də ehtiyacı yoxdur, misal üçün BƏƏ və Bəhreynlə. Onlar arasında problem yoxdur, ona görə ki, orada ABŞ da iştirak edir və məqsəd potensial anti-İran blokunun qurulmasıdır. İrailin və ərəb ölkələrinin də əlaqələr qurmaq istəkləri eynilik təşkil edir: təhlükəsilik sferasında əməkdaşlıq, iqtisadi təmaslar, yəni bütün bunlar ani deyil”, analitik bildirib.

İranın qısa müddətdə nüvə silahına sahib olması, buna qarşı dünya mərkəzlərinin maneələr yaratması məsələsinə toxunan Belenko da etiraf edib ki, İran nüvə silahının yaradılması fazasına yaxındır və bu ətrafda danışıqlar aparılmaqdadır: “Aİ Rusiya ilə İranı inandırmağa çalışır ki, ABŞ-la yenidən danışıqlar masasına otursun. Lakin tərəflərin bu situasiyadan çıxmaları üçün qeyri-müəyyən fikir ayrılıqları var. Hələlik, onlar danışmağa hazırdırlar və heç kim başqa variantlara müraciət etmək istəmir. Situasiyanın sonra necə inkişaf edəcəyini görəcəyik”.

Suriya məsələsində Rusiya ilə Türkiyənin yanaşmalarında hansı vahidliyin olması, eyni zamanda, Soçidə Putin-Ərdoğan görüşünün Suriyadakı daxili proseslərə necə təsir edəcəyi barədə də danışan “Kommersant”ın analitiki bildirib ki, Rusiya və Türkiyə Suriyadakı siyasi proseslərin əvvəl olduğu kimi davam etməsinə razıdırlar və tərəflər hərəsi öz cinahından bu prosesə yanaşma edirlər.

“Lakin onların Suriyanın siyasi gələcəyi ilə bağlı baxışları fərqlidir: Türkiyə gələcəyi Bəşər Əsədlə görmür, Rusiya isə onu legitim prezident kimi görür. Lakin Putin və Ərdoğan Soçi görüşündə hərbi məqamları müzakirə ediblər. Onların hansı nəticəyə gəlmələrini kimsə bilmir, razılaşmalar haqqında heç bir dəqiq məlumatlar yoxdur, ona görə də hər iki tərəf bu günə qədər nə ediblərsə, onu da davam etdirəcəklər”, deyə analitik bildirib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə