"Azərbaycan bundan sonra da davamlı şəkildə irəliləyəcək" - POLİTOLOQ AÇIQLADI

"Qoşulmama Hərəkatının növbəti Zirvə toplantısının giriş nitqini Hərəkatın sədri kimi cənab Prezident İlham Əliyev açıb və eyni zamanda onlayn formatda iştirakçıları salamlayaraq Azərbaycanın bu illər ərzində Qoşulmama Hərəkatının dünyada etdiyi təşəbbüslər və apardığı siyasət haqqında danışıb". Bu sözləri SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, xüsusilə Covid-19 pandemiyası ilə əlaqədar olaraq Azərbaycan tərəfindən bir sıra təşəbbüslər irəli sürülüb və BMT-nin covid ilə əlaqədar xüsusi sessiyasına çağırılıb: "İlk dəfə olaraq vaksinasiyanın ədalətsiz bölünməsi ilə bağlı məsələyə qarşı çıxmaq və bunu ictimailəşdirmək də Qoşulmama Hərəkatında geniş şəkildə deyilib. Uzun müddətdir ki, Qoşulmama Hərəkatına canlanma lazım idi. Təsadüfi deyil ki, dünyanın bir çox liderləri qeyd edirlər ki, Azərbaycanın rəhbərliyi altında Qoşulmama Hərəkatı yarandığı ilk illərdəki gücünü özünə qaytarmış olub. Eyni zamanda cənab Prezident bir sıra təşəbbüslərlə çıxış etdi. Ermənistanın apardığı 30 il ərzindəki işğalçılıq siyasətini ifşa edib və sərhədlərin toxunulmazlığının yol verilməz olduğunu qeyd edib. Təbii ki, bu kimi tədbirlər Azərbaycanın beynəlxalq imicinin artmasına ciddi şəkildə təsir edib. Azərbaycan belə təşkilatlar, platformalar vasitəsilə bu 30 il ərzində diplomatiya və informasiya sayəsində ciddi uğurlar əldə edib və bundan sonra da davamlı şəkildə irəliləyəcək".

Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə