Məlahət İbrahimqızı: "Dəmir yumruq" bundan sonra da hər zaman əmrə hazır vəziyyətdə olacaqdır" RƏY
Düz bir il öncə Müzəffər Ali Baş Komandanımız, Möhtərəm Cənab İlham Əliyev haqq və ədalət naminə otuz ilə yaxın erməni təcavüzü nəticəsində işğal altında olan torpaqlarımızı mənfur düşmən işğalından azad etmək üçün Azərbaycanın şanlı Milli Ordusuna "İrəli" əmri verdi. XXI əsrin ən modern hərbi texnika ilə təchiz edilmiş, yüksək əhval-ruhiyyəli Milli Ordumuz 44 gün ərzində düşmənə nəfəs belə çəkməyə imkan vermədi. Əslində, qəhrəman Ordumuz və əziz xalqımız bu müharibəni nəinki çoxdan gözləyirmiş kimi qarşıladı, hər kəs hətta bu müharibənin başlanmasını toy-bayram kimi qəbul etdi. Çünki xalqda münaqişənin sülh danışıqları ilə həll olunacağı ümidi itmiş və səbrin son sərhədləri idi. 7-dən 77-yə əli silah tutan hər kəs ərazi bütövlüyümüz uğrunda mübarizə və müharibəyə hazır idi. Və Ali Baş Komandanın əmrini gözləyirdi. Çünki xalqımıza bəlli idi ki, Ali Baş Komandan nəyin necə və nə zaman edəcəyini çox gözəl bilir. Və ötən dövr ərzində Möhtərəm Prezidentimizin ötən dövr ərzində fəaliyyətinə nəzər salsaq, bunun bir daha şahidi olarıq. Sözsüz ki, XXI əsrin üçüncü onilliyində dünyada misli görünməmiş bir savaş nümayiş etdirmiş Azərbaycan xalqının 44 günlük Vətən müharibəsi nəinki bu gün, hətta gələcəkdə də ciddi təhlil edilərək, öyrəniləcək və hərb elmində tətbiq ediləcək. Qürurla deməliyik ki, tariximizdə heç vaxt itirilmiş torpaqlarımızın nə vaxtsa geri qaytarılması olmamışdır. Bu mənada, tarixin ötən səhifələrinə nəzər salsaq, bu müharibədə qazanılan qələbənin nə qədər misilsiz qiymətə malik olduğunu bir daha təsdiq edərik. XIX əsrin əvvəllərindən bu günə qədər müxtəlif səbəblərə görə Azərbaycan torpaqları sürətlə bölgədə gedən geosiyasi proselərin qurbanı olmuşdur. Tarixi Kürəkçay, Gülüstan və Türkmənçay müqaviləsindən sonra ərazilərimizin etnik tərkibinin ədalətsiz və haqsız olaraq sürətlə dəyişdirilməsi və əzəli və əbədi dədə-baba yurdlarından azərbaycanlıların müxtəlif bəhanələrlə deportasiya edilməsi siyasəti həyata keçirilmişdir. Təbii ki, tarixin bu haqsızlıqları gələcəkdə də dərindən araşdırılaraq tədqiq ediləcək və tərəqqipərvər ictimaiyyətə çatdırılacaqdır. Amma bir həqiqət var ki, vicdansızcasına törədilmiş bu tarixi cinayətlər gec və ya tez Böyük Yaradan tərəfindən mütləq cəzalandırılacaqdır. Məhz dünən dünya azərbaycanlılarının böyük qürurla qeyd etdiyi 27 Sentyabr Şəhidlərimizin Anım Günündə Müzəffər Ali Baş Komandanımız, Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev xalqa müraciətində bir daha Şəhidlərimizin ruhuna sonsuz minnətdarlıq və ehtiramını bildirdi və onların göstərmiş olduğu rəşadəti və şücaəti xalqımızın əbədi olaraq ürəyində yaşayacağını diqqətə çatdırdı. Bu müraciət, həm də 44 günlük Vətən müharibəsinin dünənin, bugünün və gələcəyinin siyasi, tarixi, hərbi, hüquqi, haqq-ədalət, humanizm aspektdən dərindən təhlili idi. Bununla bərabər bu müraciətdə həm xalqımız, həm də bölgə və dünya üçün çox ciddi mesajlar səsləndirildi. Xüsusi qeyd etmək istərdim ki, bu çağırışların əksəriyyəti təcavüzkar və qondarma Ermənistan dövlətinə, onu idarə edənlərə, erməni faşizmini təbliğ edən və əsrlərdir ki, öz xalqının beynini zəhərləyən erməni "liderlər"inə və erməni diaspora təşkilatlarına ünvanlanırdı. Bu çağırışlar həm də revanşist qüvvələrə və onların havadarlarına çox ciddi xəbərdarlıq idi. Əslində, Möhtərəm Prezidentimiz işğal altındakı torpaqlarımızın azad olunmasında apardığı sülh danışıqlarında da hər dəfə bu mesajları çatdırmışdı. Görünür, onlar və onların dəstəkçiləri Azərbaycan xalqının, onun dövlətinin, Milli Ordusunun və onun əzmkar, qətiyyətli, uzaqgörən və Müdrik Liderinin gücünü və Vətən sevgisini yetərincə dəyərləndirə bilməmişlər.
Müharibəni izləyən hər kəs də şahid oldu ki, müharibənin ilk günlərindən təcavüzkar qonşumuz və onun cinayətkar ordusu Möhtərəm Prezidentimizin sözləri ilə desək, iflic vəziyyətə düşmüşdü. Bu iflic o qədər ağır özünü biruzə verirdi ki, onlar nəinki erməni ordusunu, hətta dövlətlərini, xalqı idarə bilmirdilər. Bu isə müharibənin ilk günündən mənfur düşmənimiz olan Ermənistanda geridönməz bir xaos yaratmışdı. Əksinə, ölkəmizdə xalqımızının öz Milli Ordusu və öz lideri ilə həmrəylik və birlik göstərməsi, Müzəffər Ali Baş Komandanın davamlı olaraq xalqa müraciəti savaş meydanındakı əsgər və zabitə yüksək ruh yüksəkliyi verməklə onun qələbəyə inamını daha da artırırdı. Düşmənlərimizi lərzəyə salan bu müraciətlər Azərbaycan xalqını günün 24 saatı ərzində müsəlləh əsgər kimi, əmrə hazır vəziyyətdə olmağa çağırırdı. Bu gün dünyanın ayrı-ayrı ölkələrində bu müharibə təhlil edilir və hərb elmində ən yüksək təcrübə kimi tədris edilməsi bildirilir. Lakin bu müharibədə əldə edilən qələbənin ən əsas, həlledici şərtlərindən biri Ali Baş Komandandan tutmuş sıravi əsgərə və vətəndaşa qədər Vətən torpağının hər qarışı uğrunda şəhid olmağı şərəf bilməsi idi. Möhtərəm Cənab Prezidentimiz ötən illər ərzində aparılan sülh danışıqlarında da hər zaman öz barışmaz mövqeyini və prinsipiallığını bildirirdi. Bu mənada mənfur düşmənimiz olan işğalçı Ermənistan və onu dəstəkləyən qüvvə və təşkilatlar, şüurları zəhərlənmiş erməni xalqı anlamalı və bu mühaibədən tarixi dərs çıxarmalıdır. Onlar dərk etməlidirlər ki, Azərbaycan xalqının gücünü özündə cəmləşdirən dəmir yumruq bundan sonra hər zaman əmrə hazır vəziyyətdə olacaqdır. Qeyd etdiyimiz kimi, xalqımızın bu qələbəsi bir mənalı olaraq bölgədə yeni reallıqlar yaratdı və bu gün Azərbaycan və onun məğlubedilməz Lideri əsas söz sahiblərindəndir. Hesab edirəm ki, bölgəmizdə hər hansı bir marağı olan dövlətlər, təşkilatlar və qüvvələr ən yaxın vaxtda yaranmış bu gerçəkliyi düzgün dəyərləndirməli və istəsə də, istəməsə də bununla barışmalı və konstruktiv təşəbbüs və təklifləri dəstəkləməlidir. Eyni zamanda, onlar, xüsusən erməni xalqının faşist ideologiyalı “liderləri”, “ziyalıları”, “öndə gedənləri” nə qədər gec deyil Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin istər dünənki, istərsə də müharibə dövründəki müraciətlərini, münaqişə ilə bağlı BMT-dəki və beynəlxalq təşkilatlardakı çıxışlarını, bu günlərdə Rusiyanın Milli Müdafiə jurnalına, eləcə də, qardaş Türkiyənin Anadolu Agentliyinə verdiyi müsahibələri diqqətlə oxumalı, dərindən təhlil etməli və düzgün nəticə çıxarmalıdır. Əks halda, erməni xalqı özünün sonunun əvvəlini gətirmiş olacaqdır.
Məlahət İBRAHİMQIZI
Milli Məclisin deputatı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB