"Avropa İttifaqı heç vaxt konkret olaraq vahid ordu qura bilməyəcək" - POLİTOLOQ AÇIQLADI

"Avropa İttifaqı heç vaxt konkret olaraq vahid ordu qura bilməyəcək" - POLİTOLOQ AÇIQLADI

“Avropa İttifaqının ordu yaratmaq məsələsi konkret olaraq gündəmdədir. Avropa İttifaqı nə qədər çalışsa da, neçə illərdir ki, bu barədə fikirlər ortaya qoysa da, ortada bir nəticə yoxdur. Çünki Avropa İttifaqının vahid ordusunu yaratmaq üçün həmin dövlətlərin yalnız iqtisadi yox, həm də hərbi və geosiyasi maraqları üst-üstə düşməlidir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Sahil İskəndərov deyib.

Onun sözlərinə görə, Böyük Britaniya Avropa İttifaqının tərkibindən çıxıb: “Böyük Britaniyanın hərbi qüvvələri olmadan Avropa İttifaqının hansı ordusunu yaratmaq olar? Hərbi silahlar baxımından, silahlı qüvvələrin yaranması baxımından iki əsas rol oynaya biləcək dövlət var. Bunlar Almaniya və Fransadır. Onların da arasında tarixən çox ciddi geosiyasi ziddiyyətlər mövcuddur. Yəni, ümumiyyətlə, Avropa İttifaqının özü şişmiş bir konqlomeratdır. Son vaxtlar Avropa və ABŞ arasında ziddiyyətlər meydana gəlib. İlk növbədə, bu, NATO kontekstindədir. Çünki ABŞ-ın keçmiş prezidenti Donald Tramp güc tətbiq etməklə, zorla NATO-nun nizamnaməsində qeyd olunduğu kimi, Avropa İttifaqının üzvlərinə konkret olaraq onlara qəbul etdirdi ki, öz ümumdaxili məhsullarının 2%-ni hərbi xərclərə yönəltsinlər.

Məsələ burasındadır ki, ABŞ bunu etməklə konkret olaraq Avropanın özünün təhlükəsizliyi üçün pul xərcləməyə vadar edirdi. Əgər, NATO-nun tərkibində bu dövlətlər öz hərbi xərclərini yerinə yetirməyə hazır deyilsə, bəs Avropa İttifaqının ordusunu necə yaradacaqlar? Düşünürəm ki, onlar bu ordunu yarada bilməyəcəklər. Avropa İttifaqının özünün ordusunun yaradılması Avropa İttifaqının yeni üzvlərinin Rusiyadan gələn təhdidlərə qarşı məsələsi də gündəmdə ola bilər. Bu məsələdə ABŞ nəinki bütövlükdə Avropanı, ilk növbədə, Avropa İttifaqının yeni üzvlərinin təhlükəsizlik məsələlərini öz üzərinə götürüb. Bu kontekstdə Avropa İttifaqının yaradacağı ordu nəyə xidmət edəcək? Bu, aydın deyil. Avropanın liderləri nə deyirlərsə, desinlər. Onlar heç vaxt konkret olaraq vahid ordu qura bilməyəcəklər. Buna nə gücləri, nə də siyasi iradələri çatmır. İkinci bir tərəfdən isə buna heç pul da xərcləmək istəmirlər”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə