"Yeni siyasi konfiqurasiya YAP-ın daha da güclənməsini tələb edir" - Sədaqət Vəliyeva

“Yeni Azərbaycan Partiyasının VII Qurultayında verilmiş qərarlar partiyamız qarşısında mühüm vəzifələr qoymaqdadır. Partiyamızın Sədri, cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında Yeni Azərbaycan Partiyası ölkəmizdə və regionda yaranmış yeni reallıqlara uyğun olaraq keyfiyyətcə yeni inkişaf mərhələsinə yüksəlməkdədir. Xüsusilə də, yeni siyasi konfiqurasiya Yeni Azərbaycan Partiyasının daha da güclənməsini, baş verən bütün ictimai-siyasi proseslərin önündə olmağı tələb edir. Bütün bu yeni çağırışlar Yeni Azərbaycan Partiyasının hər bir üzvünün də üzərinə Heydər Əliyev ideyalarının təbliği, Prezident İlham Əliyevin siyasi kursunun təşviqi istiqamətində böyük fəallıq və işğüzarlıq tələbi qoyur. Partiyamızın yeni Nizamnaməsi imkan verir ki, həm Yeni Azərbaycan Partiyası daha da güclənsin, həm də hər bir üzv daha da fəallaşsın”. SİA-nın verdiyi məlumata görə, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, YAP-ın yeni Nizamnaməsinin tələblərinə əsasən partiyanın rayon təşkilatlarına yeni sədrlərin təyinatı da baş tutur: “Bu mühüm prosesi alqışlayır və dəstəkləyirəm. Düşünürəm ki, atılan addımlar partiyamızın daha da güclənməsinə əlavə təkan verəcək. Onu da əlavə edim ki, partiyanın rayon təşkilatlarının sədri olmuş, uzun illərdir ictimai-siyasi proseslərlə bağlı təcrübəsi olan şəxslər bundan sonra da partiya işlərində fəal olmalıdır, uğurların, nailiyyətlərin əldə olunması üçün malik olduğu nəzəri-praktik bilikləri əsirgəməməlidir. Cənab Sədr, Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi gəncləşmə siyasətini partiyamızda da görmək sevindiricidir. İnanıram ki, gənclərin partiya vəzifələrinə təyinatı Yeni Azərbaycan Partiyasının daha da güclənməsi istiqamətində görülən işlərə əlavə nəfəs verəcək. Rayon təşkilatlarına təyin olunan yeni sədrlərə də gələcək fəaliyyətlərində uğurlar, partiyamızın, dövlətçiliyin daha da gücləndirilməsi yolunda yorulmaz fəaliyyət, sarsılmaz əqidə arzu edirəm”. yap.org.az

Bütün xəbərlər Facebook səhifəmizdə