Firənglərin at oynatmaqlığı KÖŞƏ

Dünyada hər gün alınan yeni-yeni xəbərlərin içində itib-batırıq. Koronavirus bəlasından tutmuş dünya güclərinin bir-birinə siyasi “atyaşkaları”na qədər, məzlumun haqqının yeyilib, zalımın zülmünə dəstək verilməsindən tutmuş, dini təəssübkeşliyin ifrat formasına qədər eşitmədiyimiz söz, qarşılaşmadığımız mövqe qalmayıb artıq. Dünya o günə qalıb ki, firənglər, yəni Fransa adlanan dövlət də başlayıb özünü hegemon dövlət kimi aparmağa. Guya kimsə bilmir ki, vaxtilə BMT-nin təhlükəsizlik şurasına daimi üzv olmasına səbəb ABŞ və Böyük Britaniyaya vassallıq eləmək məqsədilə reallaşıb. Bilmirəm, bəlkə özüm də türk mənşəli olduğuma görə belə düşünürəm, amma içimdə firənglərlə türklərin müqayisəsini aparıram, istər tarixi döyüşkənlik baxımından, istər dövlətçilik tarixi baxımından, istərsə də bəşəriyyətə bəxş etdikləri mədəniyyət baxımından firənglər türklərlə heç tərəziyə qoyulmağa belə layiq bilinmir. Ən azı, mən belə düşünürəm və mənim qənaətim bunu deməyə əsas verir. Oxucum düşünməsin ki, mən firənglərin ermənipərəstliyinə görə onlara belə aşağılayıcı mövqedən yanaşıram. Əsla! Firənglərin də, onlar kimi erməni sevdalılarının hamısının da sərgilədikləri mövqeyə Azərbaycan və Türkiyə rəsmiləri kifayət qədər lazımlı və hamının istədiyi kimi kəskin cavablar verirlər. İndi bir köşə yazıda durub onlara nəsə deməyə nə hacət? Sadəcə, firənglərin son vaxtlar özlərini dünyanı idarə edən güclərlə bir arada görməsi, dünya düzəninə təsir etməyə çalışması məni bu kəlamları yazmağa vadar elədi.

Bu günlərdə xəbər yayıldı ki, Fransa dövləti ABŞ-da və Böyük Britaniyada olan fövqəladə və səlahiyyətli səfirlərini geri çağırıb (Qudurasan qurbağa...). Mən siyasətçi də deyiləm, siyasətşünas da. Amma siyasətçilərdən və siyasətşünaslardan öyrənmişəm ki, bu cür addım siyasətdə və diplomatik münasibətlərdə ən kəskin və ən son addım hesab olunur. Mənası da odur ki, həmin dövlətlərlə diplomatik əlaqələrə xitam verilir və bundan sonra düşmən münasibətin bünövrəsi qoyulur. Firənglər bu addımı onunla əlaqələndirirlər ki, niyə ABŞ və Böyük Britaniya Avstraliya ilə birləşib Çinin Sakit Okean hövzəsində hərbi gücünü artırmasına qarşı sənəd imzalayırlar? Burada, yəni firənglərin bu qərarı qəbul etməsində iki məqsəd ola bilər. Birincisi və ən inandırıcısı odur ki, dünənə kimi ABŞ-ın vassalı rolunda çıxış edən firənglər Çinin yüksəlişini görür və dostları ermənilər kimi mövqeyini dəyişib özünü Çinə sırımaq istəyir. İkinci məqsəd də o ola bilər ki, dünyanın ən taleyüklü problemlərinin həllinə yaxın buraxılmayan firənglər bu üsulla “mən də varam” deməyə çalışır. İstənilən halda heç bir səbəb onlara haqq vermir ki, dünəni yadından çıxarsın, özünü dünyaya təsir edə biləcək güc sahibi kimi tanıtdırmağa çalışsın. Əgər Fransa dünyanın taleyini həll etməyə girişəcəksə, onda vay dünyanın halına. Ən azı türkiyəyə və ümumən türk dünyasına münasibəti də bunu deməyə əsas verir. Türklər o millətdir ki, Atillanın vasitəsilə Avropaya, o cümlədən firənglərə mədəniyyət gətirib. Türklər Makedoniyalı İsgəndərin qurduğu nəhəng bir imperiyanı darmadağın edib, dini mənsubiyyətindən asılı olmayaraq bütün Avropaya və Asiyaya ədalət gətirən qüdrətli bir xalqdır. Tarixi sadalamaq fikrində deyiləm. Amma elə firənglərin tarixində yetişmiş yeganə güclü sərkərdə olan Napoleon Bonapartın bir fikrini xatırlatmaq istərdim: “Mənə türklərdən ibarət ordu verin, dünyanı zəbt eləyim!”. Firənglərin ən böyük cəngavəri bunu deyirsə, gərək onun nəvə-nəticələri də bunun fərqində olsunlar axı!. Türklərin, indiki zamanda Türkiyənin qabağında “at oynatmaq” fikrinə düşməmişdən öncə firənglər bunu düşünsələr, yaxşı olar.
Və bir də gərəkdir firənglər unutmasınlar ki, ötən əsrin ortalarında almanlar, Adolf Hitlerin rəhbərliyi altında o boyda firəngistanı cəmi ikicə aya işğal elədi. Əgər məhz indi meydan oxumaq istədiyi ABŞ və Böyük Britaniya olmasaydı, o işğaldan canını qurtara da bilməyəcəkdi. Başına vurulan qapazın qarşısını alan dövlətlərə, bir az özünə gələn kimi dirsək göstərmək isə yer üzündə iki millətə xasdı: ermənilərə və firənglərə! Görünür, elə onları bir-birinə bu qədər sevdirən də həmin xarakter birliyidir. Yazıq dünya, gör nə günə qalmısan ki, Fransa sənin taleyinin həll olunmasında rol almaq istəyir. Bu yerdə yenə Dərviş Məstəli şaha ehtiyac var deyəsən. Vəlixalarını, məlixalarını, kəlixalarını başına yığıb firənglərin baş kəndi Parisi bir daha yerlə yeksan eləməyi çox vacibdi indi. Dünyamızın xilası və gələcəyin ədalətli dünyası naminə lazımdı bu. Amma bu dəfə gərəkdir elə dağıtsın ki, bir də belə qudurmağa özündə güc tapmasın!..

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə