Müstəqilliyin ildönümü tədbiri əleyhinə etiraz aksiyası keçirilib ERMƏNİSTANDA

İrəvan polisi 21 sentyabrda Ermənistanın müstəqilliyinin 30-cu ildönümünə həsr olunmuş bayram tədbirləri keçirmək planlarına qarşı etiraz edənləri saxlayıb. SİA xəbər verir ki, bu barədə RİA Novostinin yerli müxbiri məlumat yayıb.

Qeyd olunur ki, bir qədər əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan "ölkədə bayram əhval-ruhiyyəsi olmasa da, müstəqilliyin ildönümü düzgün qeyd olunmalıdır" deyib. O, bildirib ki, sentyabrın 21-də Respublika Meydanında ilk növbədə Ermənistanın müstəqilliyi, təhlükəsizliyi, suverenliyi və Qarabağda ölənlərin şərəfinə geniş miqyaslı, rəngarəng bayram tədbiri keçiriləcək. Buna cavab olaraq Qarabağda münaqişənin gərginləşməsi zamanı ölən hərbçilərin yaxınlarından bir çoxu bayram tədbirinin ləğv edilməsini tələb ediblər. Cümə və şənbə günləri etiraz aksiyaları elan edilib.

Etirazçılar "Moskva" kinoteatrının binası qarşısına toplaşaraq Respublika Meydanına üz tutmaq istəyiblər, lakin polis onların yolunu kəsərək etirazçıların bir hissəsini saxlayıb. Cümə günü, qarşıdurmanın böyüməsi əsnasında ölən hərbçilərin yaxınları bayramın əleyhinə danışıblar.

Xatırkadaq ki, bir qədər əvvəl polis 20 və 21 sentyabr tarixlərində Respublika Meydanına gedən bütün küçələrin bağlanacağını bildirmişdi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə