Azad edilmiş ərazilərdə "yaşıl enerji" zonası yaradılır TƏHLİL

Prezident İlham Əliyev: "Biz enerji generasiya güclərimizi, ötürücü xətlərimizi yenidən quraraq Qarabağı "yaşıl enerji" zonasına çevirəcəyik"

44 günlük Vətən müharibəsi taiximizin şanlı səhifəsidir və bu tarix bizə böyük bir sevinci yaşatmış oldu. İşğalda olan torpaqların geri alınması əlbəttə ki, böyük rəşadət idi. Tarix də bunu sübüt edir. Qələbə sevincini bizə yaşadan Azərbaycan Prezidenti İlham Əliyev qısa bir zamanda 30 ilə yaxın həsrətində olan torpaqlarımızda abadlıq-quruculuq işlərinə start verdi. Azərbaycanın iqtisadi gücü, potensialı buna imkan yaradır. Çox keçməyəcək ki, insanlar öz doğma el-obalarının sakini kimi bu yerlərdə rahat və firavan bir həyata qovuşacaqlar. Artıq demək olar ki, bir qisim iş görülüb və hər ötən gün abadlıq-quruculuq işlərinin daha da sürətləndirildiyindən xəbər verir. Bu ərazilərdə yol infrastrukturu yaradılır, beynəlxalq hava limanların tikilir və artıq Füzuli Beynəlxalq hava limanının açılışı oldu. Dini-tarixi abidələrimiz təmir və bərpa olunur, eyni zamanda bərpa işləri arasında elektrik enerjisi təchizatı da mühüm yer tutur. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, müharibədən dərhal sonra ilk günlərdən biz bu işlərlə məşğul olmağa başlamışıq. Bildiyimiz kimi, ilk olaraq Şuşa şəhərinin elektrik enerjisi ilə təchiz etmək üçün əməli addımlara start verildi. Cənab Prezident İlham Əliyev çıxışlarında azad olunmuş ərazilərin "yaşıl enerji" zonasına çevriləcəyini dəfələrlə bəyan etmişdir. Erməni işğalından azad olunmuş ərazilərin dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə bərpa edilməsi və yenidən qurulması istiqamətində davamlı tədbirlər həyata keçirilir. "Ağıllı şəhər" və "Ağıllı kənd" konsepsiyalarının reallaşdırılması məqsədi ilə işlər görülür.

"ERMƏNİLƏR TƏRƏFİNDƏN UZUN İLLƏR ƏRZİNDƏ QANUNSUZ İSTİSMAR EDİLMİŞ, ONLAR TƏRƏFİNDƏN DAĞIDILMIŞ BÜTÜN SU ELEKTRİK STANSİYALARINI BƏRPA EDƏCƏYİK"

Bildiyimiz kimi, artıq dövlət başçısı Güləbird kəndində Su Elektrik Stansiyasının açılışını etmişdir. Cənab Prezident bildirmişdir ki, Laçın rayonu işğaldan azad olunandan heç iki ay keçməmiş – ay yarımdan sonra artıq burada Su Elektrik Stansiyası istismara verilir: "Bu Su Elektrik Stansiyasının generasiya gücü 8 meqavatdır. Kiçik su elektrik stansiyaları arasında 8 meqavatlıq stansiya orta həcmli stansiya sayıla bilər. Əsas məsələ ondadır ki, bu stansiya işə düşəndən sonra artıq burada generasiya gücləri yaranır və beləliklə, biz təbiətimizdən - Həkəri çayından səmərəli şəkildə istifadə edəcəyik". Xatırladaq ki, bu, azad edilmiş torpaqlarda istismara verilən ilk elektrik stansiyası idi və rəmzi məna daşıyırdı. "Biz qayıdırıq bu torpaqlara. Biz Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa edəcəyik", - deyən Prezident bildirib ki, düşmən təkcə Laçın rayonu ərazisində 5 su elektrik stansiyasını dağıdıb.

"Mən bəyan etmişdim ki, azad edilmiş torpaqlar "yaşıl enerji" zonası olacaq", - deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirib. Artıq xarici və yerli investorlar dəvət olunub. İşğaldan azad olunan ərazilərdə Kəlbəcər və Laçın rayonlarında külək enerjisinin çox böyük potensialı olduğunu bildirən dövlət başçısı Zəngilan, Cəbrayıl rayonlarında daha çox Günəş enerjisinin böyük potensialı olduğunu bildirib: "Biz enerji generasiya güclərimizi, ötürücü xətlərimizi yenidən quraraq Qarabağı "yaşıl enerji" zonasına çevirəcəyik".Xatırladaq ki, Cənab Prezident İlham Əliyevin müvafiq Fərmanına uyğun olaraq işğaldan azad edilmişərazilərdə xüsusi dövlət əhəmiyyətli binaların elektrik enerjisi ilə təchizatının təcili təmin olunması çərçivəsində təxirəsalınmaz tədbirlər həyata keçirilir.Artıq Cəbrayıl şəhərində və Hadrut qəsəbəsində yerləşən xüsusi dövlət əhəmiyyətli binalar Horadiz yarımstansiyasından qidalanan yeni çəkilən elektrik veriliş xətti vasitəsiylə elektrik enerjisi ilə təmin olunub.

Dünyada davam edən pandemiyaya baxmayaraq, Azərbaycanda sosial layihələr uğurla reallaşdırılır və işğaldan azad olunan ərazilərdə böyük abadlıq-quruculuq işləri aparılır. Görülən işlər, həyata keçirilən silsilə və kompleks tədbirlər deməyə əsas verir ki, tezliklə işğaldan azad olunan ərazilərimizdə işıqlı həyat başlanacaq.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə