"Təlimlər geniş perspektivlər yaradacaq” - SƏDR MÜAVİNİ AÇIQLADI

“Üç qardaş-2021” təlimləri ordumuzun peşəkarlığının artırılması baxımından mühüm əhəmiyyətə malikdir". Bu sözləri SİA-ya aşıqlamasında Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.

Onun sözlərinə görə, bu təlimlər hər üç dövlətin ordusunun döyüş hazırlığının daha da yüksəlməsi baxımından mühüm əhəmiyyətə malikdir. Təlimlər bütün dünyada orduların döyüş qabiliyyətini yüksək səviyyədə saxlayan əsas amildir. Bu baxımdan Azərbaycan, Türkiyə, Pakistan dövlətlərinin birgə təşkil etdiyi təlimlər də hər üç ordunun xüsusi təyinatlı qüvvələrinin peşəkarlığının yüksəldilməsinə, öz bacarıqlarını daha da təkmilləşdirməsinə xidmət edir.

Məlumat üçün qeyd edim ki, Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlı qüvvələrinin “Üç qardaş-2021” adlı təlimi ilk dəfə olaraq Bakıda reallaşdı. Təlimlərdə əsas məqsədlərdən biri də hərbi əməliyyatlar zamanı dost ölkələrin xüsusi təyinatlı bölmlərinin fəaliyyətini əlaqələndirmək, ortaq koordinasiya şəklində hərəkəti təmin etmək idi. Hansı ki, bu təlimlər, sadəcə, adı çəkilən ölkələrdə deyil, bütün dünyada böyük maraq doğurdu.

Polkovnikin sözlərinə görə, bu təlimlər həm də bütün dünyaya, anti-Azərbaycan, anti-türk qüvvələrə mesajdır. Bu barədə Cəlil Xəlilov fikrini belə izah edib:“Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlı qüvvələrinin “Üç qardaş-2021” adlı təlimi bu ölkələrin həm də qardaşlıq mesajıdır. Təlimin adından da göründüyü kimi üç dövlət bütün dünyada hər zaman hər situasiyada bir yerdə olacaqlarının mesajını verir. Ermənistan və onun havadarlarını qorxuya salan məqamlardan biri də məhz bununla bağlıdır. Bu təlim həm də üç dövlətin birlik və qardaşlıq mesajıdır və hər kəs, xüsusilə də, Ermənistan və ona dəstək olmağa çalışan qüvvələr bu mesajın ciddiliyinin fərqində olmalıdır”

44 günlük Vətən müharibəsində ordumuzun xüsusi təyinatlıları böyük qəhrəmanlıqlara imza atıb. Bu barədə Cəlil Xəlilov fikirlərini belə izah edib:“44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun xüsusi təyinatlı qüvvələri böyük qəhrəmanlıqlara imza atdı. Hərbi əməliyyatlar göstərdi ki, Azərbaycan ordusunun xüsusi təyinatlı qüvvələri dünyanın hərbi baxımdan ən inkişaf etmiş ordularına örnək ola biləcək səviyyədədir. Məhz bu üstünlüyü qoruyub saxlamaq, öz bacarığını daha da inkişaf etdirmək üçün ordumuz beynəlxalq təlimlərdə aktiv iştirak edir, öz üzərində ciddi şəkildə işləyir. Hesab edirəm ki, bu təlimlər hər üç ölkənin xüsusi təyinatlı qüvvələrinin öz peşəkarlığını daha da artırmasına təkan verəcək, gələcək əməkdaşlıq və yeni təlimlər üçün geniş perspektivlər yaradacaq”.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə