"Hava şəraiti və digər texniki məsələlər müzakirə edilir" - HƏRBİ ESKPERT AÇIQLADI

"Hava şəraiti və digər texniki məsələlər müzakirə edilir" - HƏRBİ ESKPERT AÇIQLADI

““TurAz Şahini-2021” təlimləri 2015-ci ildən keçirilir. Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri bu təlimlərə özünün Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar, erkən xəbərdarlıq, idarəetmə təyyarəsi və müxtəlif təyinatlı herikopterlərlə qatılırlar”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, bu təlimlərdə əsas məqsəd iki qardaş ölkənin Hərbi Hava Qüvvələri arasında qarşılıqlı əlaqəni, birgə döyüş imkanlarını artırmaqdan və birgə döyüşə hazırlıq səviyyəsinin yüksəldilməsindən ibarətdir: “İlk dəfə keçirilən bu təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinə aid döyüş təyyarələri məhz bu təlimlər çərçivəsində Türkiyə-Ermənistan sərhədləri istiqamətində uçuşlar keçirilmişdir. Bu təlimlərin digər bir əhəmiyyəti də azərbaycanlı pilotların ilk dəfə NATO qırıcıları və erkən xəbərdarlıq təyyarələrin iştirakı ilə birgə təlimlərdə iştirak etmələridir. Pilotlar ilkin mərhələdə müxtəlif brifinqli təlimlərdə iştirak edirlər. Hava şəraiti və digər texniki məsələlər müzakirə edilir. Sonrakı mərhələdə isə ətrafı tanımaq üçün uçuşların keçirildiyi də ehtimal olunur. Yalnız bu prosedurdan sonra taktiki uçuş təlimləri planına əsasən pilotlar verilmiş hündürlükdə məlum marşrutlar üzrə birgə uçuşlar yerinə yetiriləcəyi gözlənilir”.

Hərbi ekspert fikirlərinə davam edərək həmçinin qeyd edib ki, yəqin ki, təlimlər zamanı pilotlarımız qardaş ölkənin heyəti ilə birlikdə şərti düşmənin hava hücum müdafiə sistemlərinə vacib yerüstü hədəflərinə zərbələr endirilməklə bərabər rəqibin qırıcı aviasiyasını zərbələrindən yayındırmaq üçün manevrləri icra edəcəklər: “Pilotlu və pilotsuz aviasiyanın qarşılıqlı əlaqəsinin təşkilinə dair müəyyən bir yeniliklərin tətbiqi də gözləniləndir. Həm Vətən müharibəsindən əvvəl, həm də sonrakı dövrdə Azərbaycan və Türkiyə silahlı qüvvələri qədər digər strateji və ya tərəfdaş tapmaq mümkün deyil. Şuşa və Bakı bəyannamələrindən sonra bu cür təlimlər təbii ki, daha da intensivləşib və gələcəkdə qardaş ölkələrin hərbi qulluqçularının bir-birinə daha da yaxınlaşdıran dostluq, qardaşlıq, mehribançılıq münasibətləri gücləndirən birgə fəaliyyət tədbirlərinin daha da geniş vüsət alacağını izləyə bilərik. “TurAz Şahini – 2021” təlimləri məğlubiyyətə məruz qaldığı halda belə qırıcılarını havaya qaldırmağa risk etməyən Ermənistan və onu təkrar silahlandırmaqla münaqişəni alovlandırmağa cəhd edən tərəfdaşları üçün növbəti bir mesaj olacaq”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə