“Azərbaycanın qələbələri əbədi olacaq” - MEDİA EKSPERTİ MÜNASİBƏT BİLDİRDİ

2020-ci ilin noyabrın 10-da Ermənistanın kapitulyasiya aktının imzalanmasından, yəni Azərbaycanın 44 günlük Vətən müharibəsində qalib gəlməsindən və işğal altında olan torpaqların azad etməsindən dərhal sonra Azərbaycan dövləti bu ərazilərdə abadlıq, quruculuq, bərpa işlərinə start verib. Azərbaycan dövlətinin Qarabağda həyata keçirdiyi layihələr ən mühüm sahələri əhatə edir”. Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli bildirib.

M.Ələsgərlinin sözlərinə görə, həm mədəniyyət abidələri, həm yaşayış üçün zəruri olan infrastruktur, həm də sənaye iqtisadi obyektlər və s. tikili istifadəyə verilir: “Azərbaycan Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bölgəyə çox intensiv şəkildə səfər edirlər və hər səfərləri zamanı onlar yeni obyektlərin açılışını edirlər. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva sonuncu səfəri avqustun 29-da həyata keçirildi və Onlar Füzuli, Xocavənd, Şuşa şəhərində onlarla obyektin açılışını etdilər. Biz qısa şəkildə deyə bilərik ki, Şuşa şəhərində abadlıq quruculuq bərpa işləri ümumilikdə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən işlərin simvolu kimi qəbul oluna bilər. Cənab Prezident sonuncu avqustun 29-da səfəri zamanı burada onlarla obyektin açılışını etdi. Burada Qarabağ oteli istifadəyə verildi, yeni otel və konfrans mərkəzinin tikintisinə start verildi, eyni zamanda, böyük sənətkarımız Üzeyir Hacıbəyovun, Bülbülün, Mola Pənah Vaqifin muzeylərinin açılışı edildi. Bunlarla yanaşı Şuşada yeni yaşayış massivinin əsası və təməli qoyuldu və həmin massivin tikintisi üçün Prezident layihəni imzalamış oldu”.

M.Ələsgərli onu da qeyd etdi ki, cənab Prezident səfəri zamanı eyni zamanda, Füzulini ziyarət etdi və burada inşa olunan hava limanı ilə yaxından tanış oldu: “Füzuli hava limanı son 8 ay ərzində tikilib və istifadəyə hazır vəziyyətinə gətirilib. Bu Azərbaycanda eyni zamanda, bütün dünyada bu qədər sürətlə tikilmiş yeganə hava limanıdır. Yəni 8 ay ərzində bir hava limanının tikilib istifadəyə verilməsi heç də asan məsələ deyil. Amma Azərbaycan bu işi bacarmış oldu. Necə ki, 44 günlük müharibəni sürətli şəkildə həyata keçirtdisə eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə abadlıq-quruculuq işlərini də çox sürətlə həyata keçirir. Görülən işlər ilk növbədə Azərbaycanın iqtisadi qüdrətindən xəbər verir. Çünki bu işləri görmək böyük maliyyə yatırımları tələb edilir. Azərbaycan bu işləri görməklə həm dünya ictimaiyyətinə, həm beynəlxalq erməni lobbisinə, həm Ermənistan dövlətinə, həm də erməni xalqına mesajlar vermiş olur. Mesajlar ondan ibarətdir ki, Ermənistan 28 il ərzində orada heç bir proses və abadlıq işlərini həyata keçirməyib. Gördüyü işlər yalnız ərazilərin dağıdılması və xarabazara çevirməsindən ibarət olub. Amma 8 ay ərzində Azərbaycan dövləti burada abadlıq-quruculuq və bərpa işlərini həyata keçirib. Yol infrastrukturu, hava nəqliyyat infrastrukturu qurulub, yaşayış massivləri tikilib, keçmiş yaşayış binaları bərpa olunub və yaşayış üçün hazır vəziyyətə gətirilib. Bu ərazidə yaşayan və erməni xalqının təmsilçisi olan insanlara da bir mesajdır. Onlar görməlidirlər ki, əgər Azərbaycan vətəndaşlığını qəbul edib, burada sakit şəkildə yaşamağa üstünlük verəcəklərsə Azərbaycanın iqtisadi qüdrəti, siyasi iradəsi quruculuq-abadlıq işləri onları da əhatə edəcək. Yox onlar fərqli davranacaqlarsa onda Azərbaycanın yenə də sərt üzünü görmüş olacaqlar”.

Media eksperti bildirdi ki, son 8 ay ərzində icra olunan ən uğurlu layihələrdən biri də Füzulidən Şuşaya qədər uzanan Zəfər yoludur: “Məlumat üçün deyim ki, bu yolun uzunluğu 101 kilometrdir və həmin 101 kilometrlik iki zolaqlı yol artıq tikilərək istifadəyə verilib. Azərbaycan Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın regiona səfərləri çərçivəsində avqustun 29-da yeni bir layihənin də təməli qoyuldu, burda artıq 6 zolaqlı yolun Şuşaya qədər çəkilməsi nəzərdə tutulur. Zəfər yolu Azərbaycanın iqtisadi, siyasi, hərbi qüdrətinin simvoluna çevrilib. İnşallah ümid edirik ki, Azərbaycanın qələbələri əbədi olacaq, iqtisadi, siyasi, hərbi qüdrəti daimi olacaq və bütün region üçün, Azərbaycan bütövlükdə bir qalibiyyət simvoluna çevriləcək”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə