"Azərbaycan xalqı bu yerin sahibidir" DEPUTAT AÇIQLADI

"Azərbaycan xalqı bu yerin sahibidir" DEPUTAT AÇIQLADI

"Zəfər yolunun xalqımız, dölətimiz, tariximiz üçün həm siyasi-iqtisadi, həm də böyük tarixi-mənəvi əhəmiyyəti var. Məhz bu yolla bizim qəhraman əsgərlərimiz, hərbçilərimiz gedərək Şuşanı yüngül silahla azad etmişdilər. İndiyə qədər belə bir yol olmayıb. Bu, məhz cənab Ali Baş Komandan İlham Əliyevin bizim üçün müqəddəs olan Şuşa şəhərini Azərbaycanımızın digər bölgələri ilə birləşdirmək üçün çəkdirdiyi yoldur. Bu yolun çəkilişi ötən ilin sonlarında elə müharibə qurtarandan sonra cənab Prezidentin tapşırığı ilə başlayıb. Relyefi olduqca narahat bir relyef olan ərazi meşəlik, dağlıq ərazidir. Amma buna baxmayaraq qısa bir vaxt ərzində Azərbaycan inşaatçıları artıq bu yolun çox böyük bir hissəsini inşa etmişlər. Yəqin ki, yaxın günlərdə bu yolun açılışı olacaq". Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.

Onun sözlərinə görə, zəfər yolunun açılşından sonra bu yol artıq yaxın vaxtlarda yəqin ki, açılacaq Zəngəzur dəhlizi ilə qovuşacaq. Bundan sonra yol, Şuşanı Azərbaycanın digər bölgələri ilə, eləcə də, dünya ilə birləşdirəcək. Eyni zamanda, Zəfər yolunun açılması Azərbaycanın həm hərbi-iqtisadi təntənəsi, həm də tarixən bu torpaqların bizə mənsubluğunun ifadəsi olacaq. Çünki 30 il ermənilər o torpaqları işğal altında saxladıqları zaman orada nəinki bir yol çəkmədilər, nəinki bir tikili tikmədilər. Əksinə, olanları da dağıtdılar, daşı daş üstə qoymadılar.

"Bu gün təkcə zəfər yolunun tikintisi getmir. Orada müxtəlif yol infrastruktrunun tikintisi gedir. Orada müxtəlif su elektrik stansiyalarının açılışını cənab prezident həyata keçirir. Burada üç böyük aeroportun tikintisi uğurla davam edir. Artıq Füzuli aeroportu hazırdır. Zəngilan və Laçın aeroportunda da artıq işlər başlanıb və uğurla davam edir. Bütün bunlar hamısı, eyni zamanda, Zəngilanda ağıllı kənd layihəsinin başlanması, Ağdamın yenidən qurulması planın icraya yönəldilməsi Şuşa şəhərində bir-birindən gözəl infrastruktur və digər binaların tikilməsi və istifadəyə verilməsi, orada geniş tədbirlərin həyata keçirilməsi bir daha dünyaya sübut edir ki, bura Azərbaycanın əbədi, əzəli torpaqlarıdır. Azərbaycan xalqı bu yerin sahibidir və bu yeri yaxın zamanda cənnətə çevirəcək" - deyə deputat vurğulayıb.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə