Dost ölkələr işğaldan azad edilmiş torpaqlarda icra olunacaq layihələrdə iştirak edəcək ŞƏRH
Prezident İlham Əliyev: "Biz 10 min kvadratkilometr ərazisi olan yerləri yenidən qurmalıyıq"
"Bizim ölkələrimizi dostluq əlaqələri birləşdirir və müstəqillik dövründə Koreya-Azərbaycan əlaqələri daim uğurla inkişaf etmişdir. Yüksək səviyyəli qarşılıqlı rəsmi səfərlər həyata keçirilmişdir və siyasi əlaqələrimizin inkişafı üçün çox önəmli addımlar atılmışdır". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 19-da Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soqun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib. "Əminəm ki, Bakıda keçirəcəyiniz görüşlər Koreya-Azərbaycan əlaqələrinin inkişafına xidmət edəcək" – deyən, Prezident Azərbaycan ilə Koreya arasında ikitərəfli əlaqələrə nəzər salıb. Azərbaycan müstəqilllik əldə etdikdən sonra bir çox dünya dövlətləri ilə yanaşı, Koreya ilə də diplomatik əlaqələr qurmuşdur.
İki ölkə arasındakı münasibətlərdən danışarkən, 2006-cı ildə Koreya Respublikasının Azərbaycan Respublikasında və 14 mart 2007-ci il tarixində Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliklərinin təsis olunması da qeyd olunmalıdır. Bu, dövlətlərarası əlaqələri daha da intensivləşmişdir. Eyni zamanda, hər iki ölkə başçılarının qarşılıqlı səfərləri ölkələr arasında əməkdaşlığın əsasları üçün yeni imkanlar açmış, iqtisadi və ticarət əlaqələrinin genişlənməsi və sərmayələrin cəlb olunmasını təşviq etmişdir. Səfərlər çərçivəsində bir sıra mühüm sazişlər imzalanmışdır. Həmçinin, ikitərəfli münasibətlərin inkişafına parlamentlərarası dostluq qrupları da töhfələrini verir. Dostluq qruplarının qarşılıqlı səfərləri möhkəm təməllər üzərində qurulan münasibətlərə söykənir. Bugünədək Azərbaycanla Koreya arasında əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 60-dan çox hüquqi sənəd imzalanıb.
Dövlət başçısı Koreya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə iştirak etdiyini və müxtəlif layihələri həyata keçirdiklərini ifadə edib. Bildiyimiz kimi, Azərbaycan ilə Koreya arasındakı siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələr qurulmuşdur. Eyni zamanda, nəqliyyat, informasiya və telekommunikasiya, alternativ enerji, ətraf mühit və tikinti sektorlarında mövcud olan fəal əməkdaşlıq da bu münasibətlərin davamlığının göstəricisidir. İkitərəfli münasibətlərin daha da genişləndirilməsi istiqamətində Azərbaycanın sənaye, əczaçılıq, kənd təsərrüfatı, kimya sənayesi və turizm kimi sektorlarında da səmərəli əməkdaşlıq qurulmuşdur. "Əlbəttə, əminəm ki, gələcəkdə iqtisadi-ticari əlaqələrimizin həcmi daha da artacaq" – deyə Cənab Prezident bildirib. Bu gün 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunan ərazilərimizdə layihələrin icrasında Azərbaycana dost olan, onunla isti münasibətdə olan dövlətlərin iştirakı istisna deyil. Bu sırada Koreya da var. Dövlət başçısı bildirib ki, biz Koreya şirkətlərini azad edilmiş torpaqlarda icra olunacaq layihələrə dəvət etmişik: "Mən artıq dəfələrlə demişdim ki, bu layihələrdə Azərbaycan üçün dost olan ölkələrin şirkətləri iştirak edəcəklər. Görüləcək işlərin həcmi çox böyükdür. Biz 10 min kvadratkilometr ərazisi olan yerləri yenidən qurmalıyıq".
Azərbaycanın dinamik iqtisadi inkişafı, dünyanın güclü, nüfuzlu ölkələrindən birinə çevrilməsi diqqətdən yayınmır. Ölkəmizə səfər edən, dövlət nümayəndələri, qonaqlar bu inkişafa münasibətlərini ifadə edirlər. Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soq Azərbaycanın müstəqillik dövründa inkişaf etdiyini və Azərbaycanda həm siyasi sabitliyin hökm sürdüyünü, həm də Azərbaycan iqtisadi cəhətdən inkişaf etdiyini bildirib. Ölkəmizə son səfərindən sonra Bakının çox dəyişdiyini, inkişaf etdiyini bildirib: "Canlı şahidiyəm ki, Bakını tanımaq olmur. Bakı çox inkişaf edib".
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB