ABŞ-ın Əfqanıstandan çıxmaqda məqsədi

Əfqanıstanda baş verən son proseslərlə bağlı verilən açıqlama və təhlillərdə bir çox hallarda tələskənliyə və səthi yanaşmaya yol verilir. Halbuki bu proseslər səbəbsiz deyil və çox mürəkkəb geosiyasi və geoiqtisadi qarşıdurmanı hədəf alır. Söhbət Çinin 2013 cü ildən başlıca qlobal layihəsi olan - "Bir qurşaq - bir yol" layihəsindən gedir. Əfqanıstan isə bu layihədə daima olduqca önəmli nöqtə olaraq qalıb .

Məsələləri daha aydın anlamaq üçün suallar verməliyik. Nə baş verir? ABŞ Əfqanıstandan çıxdığını elan edib . Bunun fonunda ilk işləri Çini hədələmək olan taliblər, çox sürətli bir şəkildə Əfqanıstan üzərində nəzarəti tam ələ keçirir. Bu isə bütünlükdə Mərkəzi Asiyanı hədəf taxtasına çevirir. Həmin Mərkəzi Asiyanı ki, sözügedən layihədə önəm daşıyır. Bu zaman bölgədə marağı olan ayrı-ayrı ölkələrin hədəflərinin ciddi şəkildə toqquşmasını görürük. Siyasi şərhçi Vüqar Zifəroğlu isə öz fikirlərini belə bildirib.

O, "Taliban"ın qüvvətlənməsini xarici dəstəklə əlaqələndirib: "Gəlin, mövqe və münasibətləri nəzərdən keçirək. Deməli, ABŞ Mərkəzi Asiyada Əfqanıstan üzərindən Talibanı irəli çəkir. Bu o Talibandır ki, 70-ci illərin sonlarında məhz silahlı islami hərəkat kimi Sovetlərə qarşı Amerika tərəfindən yaradıldı və dəstəkləndi. İndi isə Çinin Mərkəzi Asiya həmləsinə qarşı irəli cəkilir. Talibanın başına hərəkatın Qətər nümayəndəliyinin rəhbəri gətirilir. Bu həmin Qətərdir ki, Yaxın Şərqin ən kilid ölkəsidir, ABŞ-ın strateji müttəfiqidir və ərazisində ən çox amerikalı hərbi kontingent olan ölkədir. Yəni Amerika talibləri məhz Qətər vasitəsilə nəzarətdə saxlamağı planlaşdırır . Amma Qətər həm də Türkiyənin ən önəmli müttəfiqidir . Bura Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının Talibanı tanıyacaqları ilə bağlı mövqelərini də əlavə etmək lazımdır. Hər iki ölkənin Türkiyə ilə münasibətləri ziddiyyətlidir. Türkiyə isə "Bir qurşaq - bir yol" layihəsini dəstəkləyir. Türkiyə həm də Pakistanla müttəfiqdir. Digər tərəfdən Pakistan həm də Çinlə yaxın strateji müttəfiqdir və sözügedən layihəni tam dəstəkləyir. Eyni zamanda Talibanla münasibətləri normaldır, talibləri tanıya biləcəkləri ehtimalı realdır.

Burada isə Çinin də dəstəyi ilə Mərkəzi Asiyada Pakistanın artan nüfuzuna qarşı Hindistanı irəli çəkən Rusiya və İran yada düşür. Həmin Rusiya və İranın isə ənənəvi olaraq sözügedən bölgə üzərində təsir imkanları var. Ruslar Orta Asiyanın qarışmasında maraqlı deyillər, belə ki, həmin bölgədə Al-Qaidə dəstəkçisi olan kifayət qədər passiv hücrələr var, bu hücrələlərin aktivləşməsi zaman məsələsidir. Növbəti mərhələdə prosesin Şimali Qafqaza keçməsi də realdır. İran isə onsuz da etnik ərəblər və bəlucalar yaşayan bölgədə sıxıntı çəkir (bir necə gün bundan əvvəl Xuzistanda yaşanan və tezliklə bütün ölkə üzrə öz təsirini göstərmiş su qiyamı buna əyani sübutdur, əlavə olaraq məzhəb faktoru işə düşür), Pakistan isə etnik olaraq bəluclara (məzhəbsəl və etnik faktor) dəstək verir. Lakin həm Rusiya, həm də İran eyni zamanda Çinin "bir qurşaq - bir yol" layihəsində maraqlıdırlar. Onlar Türkiyə ilə də müttəfiqdirlər (Astana formatı) . Baxmayaraq ki, yuxarıda da qeyd etdiyimiz kimi, bu layihədə önəmli oyunçu, Çinin tam dəstəklədiyi, Türkiyənin yaxın müttəfiqi olan Pakistana qarşı Hindistanı dəstəkləyirlər. Beləliklə, mürəkkəb şahmat partiyasini xatırladan gedilərlə müşayət olunan bu oyunda, hər fiqurun öz marağı var. Kimin şah, kimin vəzir, kimin piyada olduğu isə yaxın bir ayda bəlli olacaq. Sadəcə unutmaq olmaz ki, şahmatda piyada vəzir də ola bilir və rəqibin şahinin "mat" vəziyyətinə düşməsinə səbəb olur.

Xatirlatmaq istərdik ki, 2011-ci ildə Yaxın Şərqdə ərəb baharı başladılanda da, hədəflər başqa idi, nəticə tam əksi oldu. Belə ki, Şahmat bir oyundur. Oyunlar isə həmişə gözlənilən və hesablanmış nəticələri vermir.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə