Dövlətlər arasında münasibətlərin yaranması, əməkdaşlığın möhkəmlənməsi məqsədi ilə həyata keçirilən tədbirlər, görüşlər dostluq və qarşılıqlı əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır, iqtisadi, mədəni, siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur. Dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanla Fransa arasında əlaqələr də müstəsnadır. Avqustun 5-də Fransa Respublikasının Prezidenti Emmanuel Makronun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etməsi dövlətlərarası münasibətlərin davamlı olmasını göstərir. Söhbət zamanı dövlət başçıları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonrakı dövrdə regional məsələlər və Bəyanatın müddəalarının həyata keçirilməsi, Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyət və postmünaqişə dövründə regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıblar. Söhbət əsnasında Azərbaycan-Fransa ikitərəfli əlaqələrinin müxtəlif sahələrinə aid məsələləri də müzakirə edilib. Dünyada etibarlı tərəfdaş imici qazanan, beynəlxalq tədbirlərin, yarışların iştirakçısı və təşkilatçısı olan, regional layihələrdə əsas iştirakçı qismində çıxış edən Azərbaycan beynəlxalq əməkdaşlığa xüsusi önəm verir. Beynəlxalq aləmdə olan böyük siyasi güclərin ölkəmizə münasibəti, Cənubi Qafqazın əsas söz sahibi olan Azərbaycanla əməkdaşlığa böyük önəm vermələri ölkəmizlə münasibətlərin qurulmasına maraqlı olduqlarından təsdiqləyir. Azərbaycan-Fransa əlaqələri və bu münasibətlərin inkişafı xüsusi qeyd olunmalıdır. Cənubi Qafqazın lider ölkəsi kimi Azərbaycanla münasibətlərin inkişafına əhəmiyyət verən Fransa ikitərəfli əlaqələrin yüksək səviyyədə saxlanılmasında hər zaman maraqlı olmuşdur. Azərbaycan və Fransa arasında mülki müdafiə, aeronavtika, elmi əməkdaşlıq, turizm, qadın və uşaqların cəmiyyətdə yeri məsələləri haqqında sazişlər imzalanıb. Cari ilin 2 iyun tarixində Fransa Respublikasının Prezidenti Emmanuel Makronun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə milli bayramımız münasibəti ilə ünvanladığı təbrik məktubu da dövlətlərarası münasibətin daha bir göstəricisidir. Fransa Prezidenti Azərbaycanın milli bayramı münasibətilə Cənab Prezidentə və eləcə də bütün Azərbaycan xalqına ən səmimi təbriklərinin ünvanlayaraq sülh, firavanlıq və tərəqqi arzularımı bildirmişdir. Məktubda qeyd olunurdu ki, ölkələr arasında diplomatik münasibətlərin qurulmasının otuzuncu ildönümü yaxınlaşdıqca möhkəm və uzun müddət davam edən ikitərəfli münasibətlər xeyli gücləndi. "Dağlıq Qarabağda ölümcül döyüşlərə son qoyan 2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyanatdan altı ay sonra yerlərdə davamlı sülhə şərait yaratmaq üçün dərin işləri davam etdirmək lazımdır. Bu, xüsusilə Ermənistan və Azərbaycan arasındakı sərhədin sülh yolu ilə delimitasiyasını və hərbi əsirlərin öz yaxınlarına qovuşa bilmələrini nəzərdə tutur. Bölgənin bütün irsinin müxtəlifliyi ilə qorunması da vacibdir", fikirləri məktubda qeyd olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lömuanı qəbul etməsi də dövlətlərarası münasibətlərin inkişafında önəmlidir. Vurğulamaq yerinə düşər ki, dörd ilə əvvəl dövlət katibi Jan Batist Lömuan Azərbaycana səfər etmiş və Bakıda Fransız-Azərbaycan Universiteti - UFAZ-ın yeni tədris binasının açılışında iştirakı etmişdir. Azərbaycan-Fransız Universitetinin timsalında və ya son dövrlərdə müsbət inkişaf əldə edən Fransa İnkişaf Agentliyi ilə ikitərəfli layihələr dostluğu və əməkdaşlığı möhkəmləndirməyə və gələcəyə inamla baxmağa imkan verən uğurlardır. Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ilin iyulunda bu ölkəyə səfəri və səfər çərçivəsində Fransa prezidenti Emanuel Makronla görüşü ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynamış oldu. Səfər çərçivəsində geniş müzakirələr aparıldı və Azərbaycanla Fransanın 11 şirkəti arasında 2 milyard ABŞ dolları həcmindəəməkdaşlıq müqavilələri imzalandı. Həmin şirkətlər kosmik fəzanın tədqiqi, müasir təyyarələr, təhsil, elm, mədəniyyət, ekoloji sfera, texnologiyalar, nəqliyyat, enerji və s. bu kimi sahələrdə çalışırlar. Bunlar onu təsdiq edir ki, Fransa Paris Azərbaycanla bütün sahələrdə əlaqələrini daha da genişləndirməkdə və intensivləşdirməkdə maraq göstərir.
Əlbəttə ki, iqtisadi əlaqələr dövlətlərarası münasibətlərin inkişafında xüsusi yer tutur. Bu sahədə müşahidə edilən müsbət dinamika Azərbaycan Fransa arasındakı əlaqələrinin daha da genişlənməsinə töhfələr verir. Ölkələr arasında qeyri-neft sektorunda həyata keçirilən layihələr, Fransa şirkətlərinin Azərbaycanın özəl qurumları ilə işgüzar əlaqələri və digər amillər əməkdaşlıq sahəsində əhəmiyyət kəsb edir. İqtisadi sahədə əməkdaşlıq üçün böyük potensial mövcuddur və Azərbaycanda 50-dən artıq fransız şirkəti fəaliyyət göstərir. Qeyd edək ki, Fransa şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyət göstərməsi və onların həm investor kimi, həm də podradçı qismində bu gün bir çox layihələrdə iştirakı önəmlidir. Fransanın "Elf - Aquitaine" şirkəti "Şahdəniz" neft yatağının istismarına dair müqaviləyə qoşulub. Azərbaycan Dövlət Neft Şirkəti və Fransanın "Total" və "Elf - Aquitaine" şirkətləri arasında Azərbaycanın "Lənkəran - dəniz" və "Talış - dəniz" yataqlarının birgə işlənməsi barədə müqavilə imzalanıb.
Ölkəmizlə Fransa arasında əlaqələrinin inkişafından danışarkən humanitar sahədə olan əməkdaşlığı da vurğulamalıyıq. Bu əlaqələrin tarixi kökü olsa da, bu gün yeni müstəvidə inkişafdadır. Heydər Əliyev Fondu Fransada bir çox əhəmiyyətli layihələr həyata keçirir. Bərpa işləri aparır, sərgilər təşkil edir, müxtəlif tədbirlər həyata keçirir. Artıq Fransanın mədəni həyatında Heydər Əliyev Fondunun özünəməxsus yeri və rolu vardır. Azərbaycan dövləti Luvr muzeyinin İslam İncəsənəti Departamentinin bərpasında iştirak edib, Heydər Əliyev Fondunun səyləri ilə Strasburqun Kafedral kilsəsi, Fransanın digər rayonlarında tarixi və memarlıq abidələri bərpa olunub. Fransa incəsənəti ölkəmizdə hər zaman yüksək dəyərləndirilib və fransız dilinə, ədəbiyyatına, musiqisinə olan rəğbət bütün dövrlərdə hiss olunubdur. Keçmişə nəzər salsaq, Fransa-Azərbaycan mədəni tellərini sadalamaq da mümkündür. Bu sırada hələ XIX əsrdə məşhur yazıçı Aleksandr Dümanın ölkəmizə səfəri və səfər zamanı xan qızı Xurşidbanu Natəvan ilə görüşü, dahi Üzeyir bəyin 1995-ci ildə Parisin "Femina" teatrında fransız dilində tamaşaya qoyulmuş "Arşın mal alan" operettası, Fransada vaxtilə nəşr olunan "Qafqaz" jurnalının redaktoru Ceyhun Hacıbəylini və Fransa ədəbiyyatına "Banin" imzası ilə daxil olan və ilk fransızdilli yazıçımız Ümbülbanu Əsədullayevanı xatırlamaq olar. Bütün bu şəxsiyyətlər Azərbaycan-Fransa mədəni əlaqələrinə silinməz töhfələr veriblər.
Müasir dövrdə müstəqil Azərbaycan digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də Fransa dövləti ilə əlaqələrini möhkəmləndirir və çox yüksək dəyərləndirir. Fransanın paytaxtında və regionlarında Azərbaycanın mədəniyyət günləri təşkil olunur, müxtəlif sərgilər, festivallar, konsertlər keçirilir. Bundan əlavə, Azərbaycan Dillər Universitetində fransız dili və ədəbiyyatı mərkəzi, Bakı Slavyan Universitetində fransız dili mərkəzi, Bakı Fransız Liseyi və Fransız-Azərbaycan Universiteti uğurla fəaliyyət göstərir. Bu gün Fransanın ali məktəblərində yüzlərlə azərbaycanlı tələbə təhsil alır, bir çox Fransa universitetlərində Azərbaycan dili və tarixi tədris olunur. Azərbaycanın paytaxtı Bakıda fransız liseyi fəaliyyət göstərir. Bakıda Fransız-Azərbaycan Universitetinin yeni tədris binasının açılışı bu əlaqələrin daha da inkişafına töhfələr verir. Azərbaycan Prezident İlham Əliyevin vurğuladığı kimi, əgər ilkin olaraq Azərbaycanda fransız liseyi açılmışdırsa, indi isə artıq universitet də fəaliyyət göstərir. Bu, ölkələr arasında əlaqələrin möhkəmlənməsi və genişləndirilməsində daha bir addım oldu.
Görülən işlər xalqlar və ölkələr arasında dostluq əlaqələrini genişləndirib. Bu münasibətlər qarşılıqlı hörmət və marağa əsaslanır. Fransa Respublikasının Prezidenti Emmanuel Makronun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etməsi bir daha göstərir ki, Azərbaycanın Cənubi Qafqazda lider dövlət olması dünya tərəfindən nəinki qəbul edilir, hətta böyük dövlətlər onunla əməkdaşlıq üçün böyük maraq göstərirlər.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB