"Jirinovski Rusiya deyil, əslində, o heç rus da deyil" - DEPUTAT AYDINLIQ GƏTİRDİ

"Vladimir Jirinovski Rusiya siyasətinin həlledici fiquru deyil, sadəcə barəsində dözümlülük nümayiş etdirilən, parlamentdə təmsil olunan bir partiyanın sədridir". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, Rusiya rəhbərliyinin ona dözümlülüyünün yeganə səbəbi ali dairələrin ona təlxək kimi yanaşmasıdır: "Daha dəqiqi 75 yaşlı bu qoca ölkəsində hakimiyyət üçün saray təlxəyi olub və olmaqdadır. Bəzən, iddia olunur ki, rəsmi Moskva deyə bilmədiyini Jirinovskiyə dedirdir. Ola bilsin ki, daxili siyasətdə, konkret olaraq ayrı-ayrı qüvvələrin zaman-zaman silkələnməsi üçün bu avantüristin xidmətindən istifadə oluna bilər, amma dəqiqdir ki, Rusiya kimi nəhəng gücün Qafqaz kimi strateji bir bölgədə Jirinovskinin pozuq və pəltək dili ilə danışmasına ehtiyacı yoxdur. Konkret olaraq Azərbaycanla bağlı bu təlxəyin fikirlərinə gəlincə, Jirinovski icarəyə götürülən təhqir və böhtan maşınıdır, kim pulun ödəyirsə, o da növbəti çıxışının mövzusunu müəyyən edir. Yəni, Jirinovskini bu cür danışmağa bir tərəfdən türk fobiyası vadar edirsə, digər tərəfdən aldığı sifarişlə hərəkət edir. Bu sifarişin isə hökumətdən gəlməsi inandırıcı deyil. Rəsmi Moskva hansısa şizofreniya xəstəsinin ümidinə qalmayıb ki, dolayısı ilə Bakıya və Azərbaycan hakimiyyətinə söz çatdırsın".

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Rusiya Azərbaycan münasibətlərinin xarakteri də, səviyyəsi də, maraqlarının sərhədləri də bəllidir: "Rusiya prezidenti Vladimir Putinin şəxsən prezident İlham Əliyevlə yüksək səviyyəli münasibətləri var və bu yanaşma Vətən müharibəsinin gedişatında Azərbaycana münasibətdə də aydın göründü. Bu mənada Vladimir Jirinovskinin ləyaqətsiz davranışını qiymətləndirərkən unutmamalıdır ki, Jirinovski Rusiya deyil, əslində, o heç rus da deyil. Lakin, deputatdır, partiya sədridir və bu mənada bu təlxəyin cavabı da verilməlidir".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə