ABŞ, Rusiya və Fransa səfirləri səfərə niyə getmədilər? - MÜSAHİBƏ
Politoloq Samir Hümbətovun SİA-ya müsahibəsini təqdim edirik:
- Bildiyimiz kimi, bu gün Tovuz döyüşlərinin ildönümüdür. Başda general-mayor Polad Həşimov olmaqla bir neçə hərbiçimiz şəhid olub. Bir çox insan Tovuz hadisələrini Vətən müharibəsinin başlanğıcı adlandırır. Siz bu barədə nə deyə bilərsiniz?
- Bu, bir il ərzində Azərbaycanın həm xarici, həm də daxili siyasətində xeyli uğurlu addımlar atmasına şərait yaratdı. Təbii ki, hər hadisənin arxasında böyük hadisə dayanır. Biz uzun illər ərzində zəhmətlə yetişdirdiyimiz hərbiçilərin itirilməsi, onların şəhid edilməsi hadisəsini yaşasaq da, burada 44 günlük Qarabağ savaşının təməlinin atıldığının şahidi olduq. Elə məhz bu hadisələrdən sonra xalqımız arasında həm milli birlik və milli vəhdətin yaranması prosesi daha da sürətləndi. Dövlət və xalq arasında möhkəm bir bağ yarandı. Bu bağın nəticəsində də ölkə başçısı cənab Prezident İlham Əliyevin qətiyyətli qərarı ortaya qoyuldu. Allah bütün şəhidlərimizə rəhmət etsin. Bu allahın onlara böyük bir lütfüdür ki, onlar vətən yolunda şəhid olublar. Onların qəhrəmanlığı bir ilə, iki ilə, beş ilə yox, tarixə, illərə, əsrlərə sığacaq addımdır. Xüsusilə də, dünya miqyasında öz torpağı uğrunda şəhid olan çox az generallar var. Hesab edirəm ki, bu hadisə bizim nüfuzumuzu dünya dövlətləri arasında daha da qaldırdı və gələcək nəsillərə də örnək olaraq, şanlı tariximizin əsas qızıl səhifələrindən birinə çevrildi.
- 9-10 iyul tarixlərində ölkəmizdəki diplomatik korpusun rəhbərlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri təşkil edilib. Burada diqqəti çəkən məqam Rusiya, ABŞ və Fransa səfirləri bu səfərdən imtina etdilər və ya yaxud da qatılmadılar. Nəzərə alsaq ki, sözügedən ölkələr həm də ATƏT-in Minsk qrupunun həmsədr ölkələridir, bunun arxasında hansı məqsəd dayanır?
- Təbii ki, bununla bağlı dünən də sosial şəbəkədə qeyd apararaq bu məsələyə toxundum. Mən hesab etmirəm ki, burada təsadüf hansısa bir addım atılıb. Çünki, nəzərə alsaq ki, artıq Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinin sayca 7-ci səfəri idi. Sonuncu səfər cənab Prezident İlham Əliyevin birbaşa tapşırığı əsasında həyata keçirilirdi və burada həm də Prezidentin köməkçisi Hikmət Hacıyevin və birinci xanım Mehriban Əliyevanın bu səfərdə iştirakı idi. Bu onu göstərir ki, Azərbaycan hökuməti bu məsələdə böyük təşkilatçılıq missiyasını üzərinə götürmüşdü. Təəssüflə deyək ki, sözü gedən üç dövlətin diplomatik korpusunun nümayəndələri bu səfərdə iştirak etmədilər. Bunun da bir neçə səbəbi var. Birinci səbəb özlərini “neytral” göstərməyə çalışmaqdır. Yəni, onlar istəyirlər ki, Ermənistanla münasibəti də pis etməsinlər. Burada həm də özlərinin iç üzlərini göstərirlər. Eyni zamanda, məsələnin niyə 30 ildir uzandığının, münaqişənin niyə həll olunmamasının səbəbləri elə buradan ortaya çıxır. Digər məsələ isə həmin o üç dövlətdə erməni lobbisi çox güclü fəaliyyət göstərir. Hesab edirəm ki, burada bir də erməni lobbisini küsdürməmək siyasəti tuturlar. Təbii ki, bu məsələ dövlət tərəfindən ciddi qarşılanmalıdır. Aydın məsələdir ki, bizə dost və müttəfiq olan dövlətlər bu səfərdə iştirak etdilər. Bu səfərin daha geniş dünya miqyasına çıxmağına kömək oldular. Bu onu göstərir ki, Azərbaycan artıq bundan sonrakı mərhələdə dostunu və düşmənini daha yaxşı ayırd edəcək. Bu da Azərbaycanın gələcək xarici siyasətində hansı dövlətlərlə nə cür münasibət qurmağına olduqca böyük stimul yaradacaq.
- Bu səfərə qatılmayanlarla bağlı bir neçə nüans diqqət çəkir. Münaqişə müddətində sözügedən ölkələr, yəni ATƏT-in Minsk qrupunun üzvləri Qarabağa dəfələrlə Ermənistan tərəfdən səfər ediblər. Onlar heç vaxt Azərbaycan tərəfdən Qarabağa getməyiblər. Bu birinci məqamdır ki, niyə onlar Qarabağa münaqişə dövründə getdikləri halda, indi getmək istəmirlər. İkinci məqam budur ki, ABŞ və Rusiya arasında hər zaman biri-birinə qarşı ziddiyyət olub. Bu gün də onlar arasında soyuq küləklər əsir. Amma sanki, ikisinin də ortaq nöqtələri Qarabağdır. Bu haqda nə deyə bilərsiniz?
- Həm ikinci Qarabağ savaşı ərzində, həm ondan əvvəlki dövrlərdə dəfələrlə hər üç ölkənin nümayəndələrinin qeyri-qanuni şəkildə Ermənistan ərazisindən keçərək Qarabağa səfər etdiyinin şahidi olmuşuq. Bu həm mətbuatda yayılıb, həm də bizim özümüzün diplomatik kanallar vasitəsilə aldığımız məlumatlarda da var. Amma ikinci Qarabağ savaşının bitməsindən sonrakı mərhələdə Azərbaycan tərəfinin təşkil etdiyi bu səfərlərdə həmin sözügedən dövlətlərin nümayəndələrinin iştirak etməməsi onu göstərir ki, burada onlar açıq şəkildə birtərəfli mövqe tuturlar. Yəni, onlara hansı tərəf lazımdırsa onu da tuturlar. Burada bir də mənafe söhbəti var. Yəni, sözügedən ölkələrdə, Fransada da, ABŞ-da da erməni lobbisi olduqca güclü fəaliyyət göstərir və dövlət siyasətinə təsir etmək imkanına malikdir. Orada bir qayda olaraq hakimiyyətə gələn şəxslərin hakimiyyətə gəlməsində erməni lobbisinin dəstəyi olur. Hesab edirəm ki, onların içində bir də qorxu hissi var ki, erməni lobbisinin dəstəyini itirə bilərlər. Görünür, onlara xəbərdarlıq gəlir ki, Azərbaycanla hansısa səfərdə və ya tədbirdə iştirak etsəniz, bizdən dəstəyinizi kəsə bilərsiniz. Rusiya da artıq məlumdur ki, Cənubi Qafqazda özünün maraqlarını təmin etmək üçün ermənilərdən istənilən formada istifadə etməyə hazırdır. Bu məsələdə də Rusiyada müəyyən dairələrin açıq şəkildə Ermənistana dəstək verdiyinin şahidi olduq. Bu gün də bu dəstək davam edir. Nəzərə alsaq ki, Rusiyanın vəzifəli şəxslərinin milliyətcə ermənilərə daha yaxın olması da buna təkar verir. Bu onu göstərir ki, onların içində erməni sevgisi daha çoxdur. Ona görə də, Azərbaycanla bu tip məsələlərdə məsafəli davranmağa çalışırlar. Amma bizim üçün önəmli olan dost və müttəfiq dövlətlərlə münasibətlərin sıxlaşdırılmasıdır. Bunların içində Ukraynanın adını xüsusi qeyd etmək lazımdır. Hesab edirəm ki, bundan sonra Ukraynayla olan münasibətlərin strateji hədəfləri daha böyük olacaq.
- Ukraynanın Azərbaycandakı səfiri həmin səfərlə bağlı öz sosial şəbəkə hesabında paylaşımlar edib. Bu da ermənilərdə qıcıq yaradıb. Bu mövzu haqqında nə deyə bilərsiniz?
- Ümumiyyətlə, Ukrayna dövlətinin rəsmi mövqeyi ondan ibarətdir ki, Qarabağ bütünlükdə Azərbaycan ərazisidir. Bura istər indiki sülhməramlıların nəzarət etdiyi, istərsə də işğaldan azad olunan ərazilər daxildir. Bunu ən yüksək səviyyədə Ukrayna rəsmilərinin dilindən hər zaman eşitmişik. Təbiidir ki, Ukrayna səfirinin bu cür fikirlər işlətməsi, Azərbaycana qarşı mehriban münasibət göstərməsinin də kökündə, Azərbaycanın Ukraynaya qarşı mehriban dost münasibəti dayanır. Yəni, bu onu göstərir ki, Azərbaycanın dünyada düşmənindən çox dostu var. Bunların arasında da Ukraynanı xüsusi qeyd etmək lazımdır. Əvəllər belə bir fikir formalaşmışdı ki, Azərbaycana yalnız müsəlman dövlətləri dəstək verir. Amma son proseslər onu göstərir ki, bu fikir yalnışdır. Hətta, xristian dövlətləri belə bu məsələdə Azərbaycanla həmrəylik nümayiş etdirirlər. Necə ki, bu sonuncu səfər çərçivəsində görüldü, hesab edirəm ki, bizim üçün önəmli olan Azərbaycanın gələcək strateji hədəflərini daha dəqiq müəyyən etmək və buna doğru iri addımlarla irəliləməkdir. Hansı dövlətin hansı münasibətdə olmasının prinsipcə bizim üçün heç bir əhəmiyyəti yoxdur. Məlum, məsələdir ki, onlarla ermənilər arasında əlaqələr mövcuddur. Onların Azərbaycanın siyasi və iqtisadi inkişafına marağı yoxdur.
- Səfərə qatılmayan dövlətlər arasında Almaniya və Böyük Britaniya da var idi. Almaniya ilə bağlı bir neçə gün öncə, Zəngilan rayonu ərazisindən keçən Oxçuçayın çirklənməsi və burada vaxtilə Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən Almaniya şirkətini səbəbkar kimi göstərirdilər. Açıq qalan suallarla bağlı biz Almaniyadan cavab istədikdə isə Almaniya mətbuatında Azərbaycana qarşı qara piar kampaniyası başladıldı. Bu kampaniyaların arxasında başqa hansı səbəblər dayanır?
- Ümumiyyətlə, alman mətbuatında yaradılmış bu fikir yeni deyil. Yəni, uzun müddətdir davam edir. Amma son dövrlər bu daha çox inetnsivləşib. Almaniyanın bu cür addım atmasının arxasında Avropa Birliyinin Azərbaycanla tam ortaq razılığa gəlib, hansısa bir sənədi tam şəkildə işləyib ortaya qoymamasından da irəli gələ bilər. Nəzərə alsaq ki, Avropa Birliyinin əsas lokomativi məhz elə Almaniyadır. Bu da nəticə etibarı ilə Almaniyanın Cənubi Qafqazda hansısa formada maraqlarının təmin olunmasını kölgə altına sala bilir və salır da. Hesab edirəm ki, bu məsələyə görə Almaniyanın Azərbaycana qarşı bir qərəzli münasibətini görə bilərik. Düşünürəm ki, bu belə beynəlxalq münasibətlər sistemində normal qarşılanmır.
- Üç ölkə səfirinin səfərdən imtina etməsi ilə bağlı bu səfirlərin məsələ ilə əlaqədar öncədən görüşü olub? Yoxsa bu tamamən təsadüfdür?
- Hesab etmirəm ki, onlar arasında hər hansısa bir görüş və ya əlaqə olmasın. Burada bir razılıq var. Normalda onlardan ikisi getməyib, biri gedə və yaxud da əksinə ola bilərdi. Demək ki, bu həmsədrlər arasında ciddi bir razılıq əldə olunub ki, üçü də bu səfərdə iştirak etməmək qərarı verib. Çox yaxşı olardı ki, məhz sonuncu gün Azərbaycan rəsmiləri də bu üç dövlətin tədbirlərindən imtina etsinlər. Onlar da başa düşsün ki, biz Azərbaycanın dəvətinə müsbət cavab vermiriksə, onlar da bizə edəcək. Bu zaman onlar etdiklərini başa düşəcəklər.
- Bəlkə də, arada üçüncü qüvvələr olmasa biz artıq Ermənistanla sülh bağlamışdıq. Siz bu barədə nə düşünürsünüz?
- Bu mümkündür. Çünki, erməni əhalisi və Ermənistanın özündə belə nəinki Azərbaycan, hətta Türkiyə ilə bərabər normal siyasi diplomatik əlaqələrin qurulmasına can atan qüvvələrin olduğunu görmək olar. Hesab edirəm ki, Nikol Paşinyan özü belə bu gün atdığı addımlarda müəyyən mənada Azərbaycan-Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində addımlar atır. Bu da prinsipcə bizim üçün olduqca faydalı bir hərəkət ola bilərdi. Gələcəkdə Azərbaycan Ermənistan əlaqələrində normal diplomatik əlaqələrin qurulma ehtimalı daha çoxdur. Təbii ki, bunun arxasında birinci şərt olaraq sülh müqaviləsinin imzalanması və Ermənistanın qeyd şərtsiz olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıması durur.
- Nikol Paşinyan 7 iyul Moskvaya Putinin əlini, ətəyini öpməyə gedib və öz hökümətinin formalaşması üçün Putindən tapşırıqlar alıb. Mətbuatda da yayılmışdı ki, Paşinyan Moskvadan artıq müəyyən tapşırıqlarla Ermənistana qayıdıb. Sizcə bu tapşırıqlar nədən ibarət ola bilər? Qarabağdakı problər öz həllini tapacaqmı?
- Bu Paşinyanın Rusiyaya səfəri deyil, Putinin Paşinyanı yanına çağırması kimi dəyərləndirilir. Çünki, görüş zamanı Paşinyan özünü o formada aparırdı ki, sanki qul ağanın yanına gəlib. Paşinyan orada sadəcə olaraq məruzə edirdi. Ermənistan özünü həmişə kölə kimi göstərməyə hazırdır. Onların hər birində bu ruh var. Qaldı ki, bu görüş çərçivəsində hansı məsələlər müzakirə oluna bilərdi və olunub, hesab edirəm ki, burada birinci məsələ yeni formalaşacaq hökümətin tərkibində rusiyaönümlü qüvvələrin nümayəndələrinin olması məsələsidir. Bu mütləqdir. İkinci məsələ minaların xəritələrinin verilməsi məsələsidir. Ermənistana həm Azərbaycan, həm də Türkiyə tərəfindən basqıların olduğunu nəzərə alaraq həmin xəritələrin verilməsinin tərəfdarı ola bilər. Amma burada da bəzi nüanslar var: vaxtı mümkün qədər uzatmaq, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinə gedən yolu mümkün qədər ləngitmək, Ermənistanı və erməniləri bölgədə izale etmək.
- Son vaxtlar Rusiya mətbuatında da belə bir xəbərlər yayılıb ki, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına yenidən üzv olması ehtimalı var. Sizcə bu səsləndirilən fikirlər nə dərəcə realdır?
- Əvvəllər Azərbaycanın bu təşkilata üzv olub-olmaması məsələsi hələ olmayıb. Amma bundan sonrakı mərhələdə aydın məsələdir ki, Azərbaycanın bu və ya digər formada bu təşkilata üzv olması görünmür. Ona görə ki, Azərbaycanın birinci xarici siyasət doktrinasında hər hansı bir hərbi bloka qoşulmamaq məsələsi var. Hətta biz NATO-nun illər öncə etdiyi təklifi belə qəbul etməmişdik. Yəni, hansısa məsələdə əməkdaşlıq və tərəfdaşlıq edə bilərik. Amma bu Azərbaycanın hər hansı bloka qoşulması demək deyil. Qaldı ki, siyasi baxımdan Azərbaycan üçün KTMT-nin üzvü olması o qədər də önəmli deyil. Çünki, Ermənistanın xarici KTMT üzvləri ilə əməkdaşlığı var. Burada xüsusilə, Belarusiya və Qazaxıstanı xüsusi qeyd etməliyik. Çünki, onlarla daha çox iqtisadi, hərbi və siyasi baxımdan əlaqələrimiz daha güclüdür. Hesab edirəm ki, Azərbaycanın heç bu məsələdə müşahidəçi olması belə o qədər əhəmiyyətli deyil. Çünki, Azərbaycanın tərəfdaş və müttəfiq dövlətləri var. Buraya xüsusilə, Türkiyə, Pakistan və İsrail daxildir.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB