Rusiya heç vaxt Azərbaycanla münaqişəyə getməyəcək - MOSKVADAN MÜSAHİBƏ
“KTMT heç vaxt sırf erməni maraqlarını müdafiə etməyəcəkdir. Rusiya isə Azərbaycanla dərin, etibarlı əlaqələr qurur. Moskva bundan heç vaxt vaz keçməyəcək”
Cənubi Qafqaz bölgəsindəki hərbi-siyasi vəziyyət Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya səfəri zamanı əsas mövzulardan biri oldu. Yeri gəlmişkən, bu, Ermənistan liderinin bu yaxınlarda keçirilmiş erkən parlament seçkilərindən sonra ilk xarici səfəridir.
Rusiya Prezidenti Vladimir Putin ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında aparılacaq danışıqlar ərəfəsində İrəvan mediası Rusiya ilə sülhməramlı qüvvələrin Ermənistan və Azərbaycan sərhədində yerləşdirilməsi məsələsinin müzakirə ediləcəyini bildirdi.
Sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıqlar zamanı Rusiya sülhməramlılarının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi ilə bağlı sənədin imzalanması barədə məlumatları təkzib etdi.
Bundan əlavə, Nikol Paşinyanın Moskvaya səfəri ərəfəsində “Rusiya və KTMT-yə ümid qalmadığından” (“Lragir” qəzetindən sitat) Ermənistanda təhlükəsizlik məsələlərini həll etmək üçün yeni müttəfiqlər tapmağın zəruriliyindən bəhs edilir.
KTMT Baş katibi Stanislav Zasın Azərbaycanla yeni bir sərhədin yaradılması ilə əlaqədar olaraq Ermənistanın cənubundakı vəziyyətin kəskinləşməsinin “sərhəd hadisəsi” olduğunu və bu problemin Kollektiv müdafiəyə dair KTMT nizamnaməsinin müddəalarına uyğun gəlməməsini dedi.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Stanislav Zas ilə hətta telefon danışığı apararaq onu “məsələni həll etmək üçün konstruktiv səyləri təhlükə altına salmamaq üçün” ifadəsində təmkinli olmağa çağırdı.
Ermənistan parlamentinin hakim partiyadan olan üzvü Ruben Rubinyan da bu mövzuda danışdı. O, KTMT Baş katibi Stanislav Zasın Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı son açıqlamasını “qəribə” adlandırdı.
Pravda.Ru media holdinqinin hərbi müşahidəçisi Aleksandr Artamonov “Caliber” informasiya analitik mərkəzinin suallarını cavablandırarkən, ilk növbədə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “KTMT-yə işarə etmək cəsarəti olan” sözlərini vurğuladı.
“Baş katib Stanislav Zas, Ermənistan-Azərbaycan sərhədindəki hadisələrə bu şəkildə reaksiya göstərməyin uyğun olmadığını bildirdi. Mənim fikrimcə, bu cür sözlər (Armen Qriqoryanın sözləri- red.) ən azından balanssızdır və üçbucaqdakı (Rusiya-Ermənistan, Rusiya-Azərbaycan və Azərbaycan-Ermənistan) münasibətlərin inkişafının bütün məntiqinə ziddir”- Artamonov deyib.
Bu haqda nə düşündüyü haqda suala cavab olaraq Artamonov deyib: “Əvvəla, qeyd etmək istərdim ki, Stanislav Zas ermənilərə KTMT-nin ermənipərəst bir təşkilat olmadığını, məqsədi Ermənistanı Rusiyanın Qafqazdakı forpostu kimi dəstəkləmək olmadığını bildirən ilk baş katib deyil. Xatırladım ki, KTMT-nin keçmiş baş katibi Nikolay Bordyuja İrəvana səfərlərindən birində Ermənistana Rusiyanın öz maraqlarına sahib olduğunu, bunun erməni fikirlərinə uyğun gəlməyəcəyini göstərdi. Sonra bu fikir Ermənistanda qəzəb fırtınasına səbəb oldu. İndi Stanislav Zasın eyni yanaşmanı öz ifadəsi ilə, öz qiymətləndirmələrində təsdiqlədiyini görürük.
Gəlin görək, Rusiya Ermənistanı Cənubi Qafqazdakı müstəsna, qeyd-şərtsiz və strateji tərəfdaşı hesab edirmi. Fikrimcə, Rusiya Federasiyası heç vaxt yalnız Ermənistana stavka etməyib. Moskva münaqişənin iştirakçısı olmaqdansa, vasitəçi rolunu yerinə yetirən bir ölkə rolunu üstün tutur. Rusiya Azərbaycanla ittifaqda nə edir? Moskva ermənilərin mövqeyini tutsaydı, dünya arenasında ermənipərəst siyasət aparsaydı, ehtimal ki, Azərbaycanla çox sayda müdafiə müqaviləsi olmazdı. Və belə əməkdaşlıq uzun illərdir inkişaf edir, zərbə silahları da daxil olmaqla hərbi tədarükləri əhatə edir. Bunlar Mi-35M döyüş vertolyotları, “Solntsepek” termobarik sistemlər, “Smerç” reaktiv yaylımlı raket sistemləri, “Msta-S” özüyeriyən qaubitsalar, “Pion” özüyeriyən artilleriya qurğuları, T-90 tankları (təxminən 100 ədəd tədarük olunub və daha 180-dən çoxu da tədarük edilir) və daha çox, o cümlədən tank əleyhinə raket sistemləri (PTRK) "Kornet" də daxil olmaqla. Beləliklə, Rusiya Azərbaycana silah tədarük etməyi məhdudlaşmır, bunun Yerevanda etiraz doğurmasına baxmayaraq.
Rusiya ilə Ermənistan arasında bir çox müqavilələr (270-dən çox) imzalanmışdır. Bununla yanaşı, Rusiya ilə Azərbaycan arasında milyonlarla dollarlıq təchizat üçün müqavilələr var və deyərdim ki, xüsusilə Moskva, Bakı və Ankara arasında imtiyazlı münasibətlər davam edir. Əlbətdə ki, erməni tərəfi bunu sevmir.
KTMT-yə qayıdırıq. Bu təşkilat bir neçə səbəbə görə heç vaxt sırf erməni maraqlarını müdafiə etməyəcəkdir. Birincisi, Rusiya Azərbaycanla dərin, etibarlı əlaqələr qurur. Rusiya bundan heç vaxt vaz keçməyəcək. İkincisi, KTMT yalnız Rusiya deyil. Bu, həm də təbii olaraq Azərbaycanla ittifaqa meyl göstərən Qırğızıstan, Qazaxıstandır. Və onlar da heç vaxt Bakıya qarşı çıxmayacaqlar. Belə çıxır ki, Nikol Paşinyanın- ondan əvvəl isə sələfləri, həmçinin keçmiş döyüşçü Robert Köçəryanın- siyasətini qurduğu xətt səhvdir.
Ancaq nədənsə, ermənilərə elə gəlir ki, Rusiya mütləq türk xalqları ilə mübarizə aparmalıdır və KTMT Rusiyanı buna məcbur etməyə kömək edəcək vasitədir. Ancaq bu belə deyil. Və 2006-2007-ci illərdə Ermənistanda anti-Rusiya hissləri təsadüfən yaranmadı. Türkiyəli analitik Sedat Laçinerin yalnız 2007-ci ildə “Türk Həftəsi” nəşrində qeyd etdiyi kimi, ermənilər bunun KTMT-də, Rusiya xalqının mənafeyinə zidd olduğunu anlamadan Rusiyada nəsə qurmağa çalışırlar.
Stanislav Zasın danışmasına səbəb olan sərhəd hadisəsinə nəzər salaq. Bu, əsasən Zəngəzur-Sünik bölgəsində tamamilə normal bir sərhəd demarkasiyası prosesi ilə əlaqəlidir. Xatırlayıram ki, ermənilər 90-cı illərin əvvəllərində müstəqilliklərini elan edəndə Naxçıvanı ələ keçirmək cəhdi olmuşdu. Bu, Azərbaycanın ərazi bütövlüyünə dair növbəti cəhdə dərhal, sərt və düzgün reaksiya göstərən Türkiyə ilə qarşıdurmanın səbəbi idi.
İndiki sərhədləmə ermənilər arasında etiraz doğurmaya bilməz. Bu torpaqlara yayıldılar, nələrsə tikildi. İndi çox ağrılı bir proses başlayıb, ərazinin sərhədlərini təyin etmək lazımdır. Bəs 750 min azərbaycanlı Qarabağda və ətraf bölgələrdə evlərini tərk edərkən niyə ermənilər maraqlı deyildi? Beləliklə, Ermənistan tərəfinin demarkasiya prosesi aparıldığı üçün incidildiklərini haqda danışmasına ehtiyac yoxdur, çünki Azərbaycan hərbçiləri dövlət sərhədinin həmişə olduğu yerlərdə normal qaydada sərhəd qururlar”.
Nikol Paşinyan Moskvaya səfəri və səfərin mahiyyəti haqda suala cavabında isə ekspert deyib: “Bəli, bu, KTMT mövzusu və Rusiyanın sabitləşdirici roludur. Paşinyan nə istəyir? Rusiya sülhməramlılarının Ermənistan-Azərbaycan sərhədinin bəzi hissələrində dayanması üçün. Ancaq unutmasınlar ki, Rusiya heç vaxt Azərbaycanla münaqişəyə getməyəcəkdir. Moskva üçün bu, sərfəli deyil. Bu, onun həm müttəfiq, həm ticari maraqlarına, həm Azərbaycanla, həm də Türkiyə ilə razılaşmalarına ziddir. On illərdir qurulmaqda olan hər şeyə.
Rusiya sülhməramlıları yalnız həm Azərbaycan, həm də Ermənistan tərəfi ilə razılaşdırıldığı yerdə dayanırlar. Moskva İrəvana onu “barmağına dolamağına” imkan verməz. Ermənistan "köpəyin yellənən quyruğu" olmayacaq. Təəssüf ki, ermənilərin bütün davranış xətti türkiyəli erməni jurnalist Hrant Dinkin zamanında söylədiklərinə əsaslanır. O, ermənilərin qanında zəhər olduğunu, hər şeyin türklərlə ziddiyyət üzərində identifikasiya edildiyini və bunun ermənilərin maraqlarına zidd olduğunu söyləmişdi.
Ermənistanı türk dövlətləri, türk əhalisi əhatə edir. Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan da bir vaxtlar Ermənistanın öz qarşısına həmişə mümkün olmayan vəzifələr qoyduğunu və bu səbəbdən uduzduğunu söylədi. Naxçıvanı işğal etmək cəhdi, Qarabağı işğal etmək cəhdi, türklərə bir növ sərhəd iddiaları təqdim etmək cəhdi. Həmişə də bir məğlubiyyət var. Ermənistan, eynilə Levon Ter-Petrosyanın da qeyd etdiyi kimi, münasibətlərini daim türk xalqları ilə münaqişə üzərində qurur.
Ermənistanın tutduğu mövqe bunun üçün dağıdıcıdır. Bir tərəfdən Azərbaycanla, digər tərəfdən Türkiyə ilə həmsərhəddir. Cənubdan isə 30 milyon İran azərbaycanlısı ilə. Ermənistan Rusiya ilə sərhədi olmayan və türk xalqları okeanı ilə əhatə olunmuş kiçik bir dövlətdir.
Ermənistan rəhbərliyinin təşviq etdiyi xətt, əslində, ölkənin məhv olmasına gətirib çıxarır. Ermənistan iqtisadiyyatı bunu açıq şəkildə göstərir. 20% ərazisini itirəndən sonra Azərbaycan çətin vəziyyətdə olduqda nə etdi? Ölkə iqtisadiyyatını inkişaf etdirməyə başladı. Bəs Ermənistan? Əhalinin qaçdığı və normal yaşamaq imkanlarından məhrum olan kiçik, kasıb bir dövlət. Və haraya qaçırdılar? Qəribədir ki, həm də düşmənçilik etdikləri Türkiyəyə. İndi Ermənistanın əhalisi təxminən bir milyon yarım, hətta 2 milyona qədər deyil. Ancaq 30 il qabaq 3 milyondan çox idi. Və bunu Azərbaycandakı vəziyyətlə müqayisə edin, hər şey aydın olacaq.
Müəlif: Nair Əliyev
Tərcümə: Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB