“Rusiya Azərbaycanla hesablaşır” - ANAP SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“Rusiya Azərbaycanla hesablaşır” - ANAP SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“Rusiyanın Ermənistana hərbi, siyasi, diplomatik dəstəyini göstərməsi fikri ilə razılaşa bilmərəm. Ermənistan elə hərbi əməliyyatların gedişində də ümid etdikləri və arzuladıqları dəstəyi ala bilmədilər”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, son dövrlər sərhəddə baş verən hadisələr zamanı Ermənistan Rusiyadan heç bir dəstəyi almadı: “Əksinə Rusiya Ermənistanın qəbul etmədiyi mövqeyi ortaya qoydu. Yəni Ermənistan bütün vasitələrlə sərhədlərin müəyyənləşməsindən delimitasiya və demorkasiyadan qaçdığı halda və Fransa da bu məsələdə onu dəstəklədiyi halda Rusiya açıq şəkildə dedi ki, bu sərhədlərin müəyyənləşməsi işi sürətləndirilməlidir və Rusiya bu işdə tərəflərə yardım göstərməyə hazırdır. Eyni zamanda, sərhədlərinin Azərbaycan hərbiçiləri tərəfindən pozulduğunu iddia edən Ermənistan KTMT-yə müraciət etdi və növbəti rədd cavabı aldı. Yəni təşkilatın baş katibi açıq şəkildə bildirdi ki, bu sərhəd mübahisəsi məsələsidir. Sizin sərhədləriniz Azərbaycan tərəfindən pozulmayıb, hərçənd ki, onlar hesab edirdilər ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü pozub, ən azı 3 kilometr yarım Ermənistanın daxilinə doğru irəliləyib. Ancaq KTMT-nın baş katibi bildirdi ki, sərhəd pozmayıb”.

A.Səmədov bildirdi ki, KTMT bu məsələyə qarışmaq fikrində deyil: “Ən azı bir neçə məsələdə Ermənistan arzuladığı dəstəyi ala bilmədi. İndi danışıqlar prosesində Paşinyan nümayişkaranə şəkildə göstərir ki, mən 3 aydan sonra yenidən Rusiyaya səfər etməklə Ermənistan üçün mühüm olan məsələləri həll etmək istəyirəm. Ancaq, orada əsas müzakirələr Putinin müəyyən etdiyi gündəlik əsasında aparılacaq. Ən əsası regionda əməkdaşlığın genişləndirilməsi, 10 noyabr və 11 yanvar bəyanatlarının icrası və ilk növbədə də Zəngəzur dəhlizinin açılması istiqamətində addımların atılmasıdır. Bu prosesi Ermənistan ləngitdi, artıq mart ayından layihələr hazırlanaraq təqdim olunmalı idi və Ermənistanda baş verən proseslər bunu bir qədər ləngitdi. Ola bilsin ki, Ermənistan da daha çox sərhədlərlə bağlı məsələni gündəliyə gətirməyə çalışacaq. Ruslarda hələlik yalnız mübahisəsiz yerlərdə yerləşməyə razılıq veriblər. Azərbaycanla mübahisə olan yerlərdə rus əsgərlərini hələ ki, yerləşdirmək istəmir Rusiya. Təbiidir ki, bu istiqamətdə də danışıqlar gedəcək. İnanmıram ki, orada Azərbaycanın zərərinə hansısa qərar qəbul olunsun. Rusiya Azərbaycanla hesablaşır. Azərbaycan Türkiyə İttifaqı ilə hesablaşır. Bu gün Azərbaycan Rusiya üçün qat-qat əhəmiyyətlidir, nəyin ki, Ermənistan”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə