İki qardaş dövlətin "göz dağı" əməliyyatı

İki qardaş dövlətin "göz dağı" əməliyyatı

Türkiyə-Azərbaycan birgə hərbi təlimləri –“Bir millət, iki dövlət” birlik-qardaşlığın növbəti təzahürüdür

Bu, tarixən belə olub və bu gün də belədir. Ən çətin anların sınağından çıxan, dünyada analoqu olmayan qardaşlığın, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” tezisinə əsaslanan reallığın təcəssümü olan bu birlik, qardaşlıq işğalçı Erəmnistanı həmişə içində yandırıb. Çünki Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət”, Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri - kədərimiz, sevinci - sevincimiz” kəlamları bu gün dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir.

Prezident İlham Əliyev: “Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir”

“Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir” bu fikirləri səsləndirən cənab Prezident İlham Əliyev bir daha Azərbaycan və Türkiyə dövlətlərinin arasına heç bir 3-cü dövlətin girə bilməyəciyini, zaman keçdikcə bu iki qardaş dövlətin daha da möhkəm bağlarla bir birinə bağlanacağını və hər iki dövlətin gələcək inkişafında qardaşlığın və birliyin çox böyük əhəmiyyəti olacağını qeyd etmişdir. Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməyin əsl örnəyini nümayiş etdirmişdir. Prezident İlham Əliyev həmişə Türkiyənin nümayəndələrinin olmadığı Beynəlxalq tədbirlərdə Türkiyə əleyhinə hər hansısa bir fikir səsləndirən olduqda onların cavabını Türkiyə burda yoxdur mən varam, Azərbaycan var deyə vermişdir. Bu mesajlar bütün dünya dövlətlərinə Azərbaycanın və Türkiyənin bir birinə necə möhkəm bağlarla bağlı olduqlarını, qardaşlıqın və birliyin sözdə yox, əməldə olduğunu göstərmişdir.

44 günlük Vətən müharibəsi dövründə Azərbaycanı birmənalı olaraq dəstəkləyən Türkiyə dövləti daim öz qardaşının yanında olduğunu və işğal altında olan torpaqlarımızın azad olunması üçün nə lazımdırsa edəcəyini, sona qədər Azərbaycanı dəstəkləyəcəyini bütün dünya dövlətlərinin qarşısında açıq şəkildə bəyan etmişdir.

Prezident Rəcəb Tayyib Ərdoğanın “Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır”

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın qətiyyətli və dönməz addımları bütün dünya dövlətlərinə Azərbaycanın tək olmadığını və bu mübarizədə Türkiyənin var gücü ilə öz qardaşının yanında olduğunu göstərdi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır” mesajı hər ötən gün siyasi, hərbi, iqtisadi, mədəni, ticari – bütün sahələrdə bu əlaqə artaraq davam etməkdədir: «Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır. Dünya birliyində də, şübhəsiz ki, bu iki ölkənin yeri çox önəmli olmaqdadır və olacaqdır”.

Türkiyə-Azərbaycan təlimləri – düşmənə növbəti göz dağı əməliyyatı

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, iyunun 28-dən iyunun 30-dək Bakıda “Mustafa Kamal Atatürk-2021” birgə döyüş atışlı taktiki təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir. Təlimə 600 nəfərədək şəxsi heyət, 40-dək tank və digər zirehli texnika, 20-dək müxtəlif çaplı artilleriya qurğusu və minaatan, 7 ədəd döyüş və nəqliyyat helikopteri, 3 ədəd müxtəlif təyinatlı pilotsuz uçuş aparatı, 50-dək avtomobil texnikası cəlb olunub.

İşğalçı ölkəni və havadarlarını iki dövlət bir millət olan Azərbaycan-Türkiyənin hər bir uğuru narahat edib və bu gün də narahat edir. Dostlar sevinir, qürurlanır, düşmənlər vahimələnir. Ancaq hamı bilir ki, Azərbaycan-Türkiyə birliyi regional və beynəlxalq təhlükəsizliyin təminatçısıdır. Bu qardaşlıq və müttəfiqlik siyasi, iqtisadi, sosial, mədəni və başqa sahələrdə əməkdaşlığa üstünlük verir. Bakı və Ankara bu istiqamətdə fəaliyyət göstərmək istəyən xoşməramlılara qapılarını açıq saxlayırlar. Azərbaycan-Türkiyə birgə hərbi təlimləri bu xoş məramları bir daha təsdiqləyir. Və keçirilən hərbi təlimlərin çox böyük əhəmiyyəti və faydası var. Azərbaycan Prezidentinin dediyi kimi: “Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlim keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür”.

Bu gün dünya bir daha Ulu Öndər Heydər Əliyevin bir millət iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı qardaşlıq münasibətlərinin sönməz, əbədi olduğunun şahidi oldu və heç şübhəsiz ki, bu birlik dosta sevinc, düşmənə göz dağdır! Azərbaycan ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Bakıda keçirilən “Mustafa Kamal Atatürk – 2021” birgə döyüş atışlı taktiki təlimləri regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verməklə yanaşı, həmçinin bir daha göstərdi ki, Azərbaycan-Türkiyə çətin gündə də, şad gündə də bir-birinin yanındadır. Və bu gün Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı sadəcə olaraq, kəlam deyil, bu, gerçəkdir. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Hər zaman da bu belə olacaq: Güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır! Azərbaycan-Türkiyə “Bir millət, iki dövlətdir!”. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı və birliyi!

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə