"Erməni cəmiyyəti daha yaxşı gələcək üçün millətçilikdən imtina etdi" - ŞƏRH

Ermənistanda insanlar sülh istəyirlər ki, artıq müharibə olmasın. Hakim partiyanın qələbəsinin əsas səbəbi budur. Siyasi Tədqiqatlar İnstitutunun direktoru, nüfuzlu politoloq Sergey Markov Ermənistandakı seçkilərin nəticələrini şərh edərkən belə deyib.

"Erməni cəmiyyəti Azərbaycanla sülhü seçdi. Seçkilər, digər şeylərlə yanaşı, xalqın Qarabağ müharibəsindəki məğlubiyyətə görə kimlərin məsuliyyət daşıdığı və gələcək üçün hansı strategiya görmək istədikləri sualına cavab verdi. Məlum oldu ki, insanlar məğlubiyyətdə günahkar Paşinyanı deyil, əvvəlki hakimiyyət orqanlarını - Ermənistanı əvvəlki illərdə idarə edən Köçəryan və Sərkisyanı görür. Bu düzgün qiymətləndirmədir. Həqiqəqətn də, Ermənistan iqtisadiyyatının və ordusunun inkişafını təmin etməyən şəxs Paşinyan deyildi.

Robert Köçəryan və Serj Sərkisyan Qarabağ uğrunda Azərbaycana qarşı mübarizə aparmaq, ilk növbədə orduya investisiya qoymaq istəyən "Qarabağ klanı"nı təmsil edirlər. Paşinyan barışığa getməyi, keçən il 9-10 noyabr tarixlərində imzalanan sülh müqaviləsini yerinə yetirməyi və Azərbaycanla nəqliyyat və iqtisadi əlaqələrin bərpasını təklif edir. İnsanlar bunu ilk növbədə dəstəklədilər.

Paşinyan Amerika tərəfdarı bir siyasətçi kimi gəldi və daha sonra Rusiyapərəst siyasət yürütməyə başladı. Rusiyanın Ermənistanda üstünlük təşkil etdiyini etiraf etdi. İnsanlar da bu keçidi təsdiqlədilər.

Bundan əlavə, Paşinyanın korrupsiyaya qarşı mübarizə cəhdləri də rol oynadı. Həqiqətən də bu istiqamətdə insanların Köçəryan-Sarkisyan komandasına qarşı böyük iddiaları var idi.

Seçkilər göstərdi ki, erməni cəmiyyəti millətçilik ideyası üçün böyük əvəz ödəməyə razı deyil. Milliyyətçilik ideyası yaşayış səviyyəsinin kəskin azalması ilə dolu olmasaydı, müharibəyə səbəb olmasaydı, bəlkə də bu məntiq çərçivəsində yaşamağa davam etmiş olardı. Ancaq millətçilik ideyası yoxsulluğa və məğlubiyyətə gətirib çıxardığı üçün, təcrübənin də göstərdiyi kimi əhali bu yolu tutmağa razı deyil.

Əlbətdə ki, Köçəryan və Sarkisyan blokları parlamentə gəldiyindən, Paşinyana müdaxilə etməyə, o cümlədən Qarabağda “arabanın təkərinə çomaq soxmağa” və hər cür hərəkətlərlə ona qarşı çıxmağa çalışacaqlar. Düşünürəm ki, Paşinyan parlament çoxluğuna, xalqın iradəsinə, Rusiyadan dəstəyə malik olduğuna görə, rəqibləri uğur qazanmayacaqlar. Həm Köçəryan, həm də Sarkisyan bunu sadəcə olaraq dəyişə bilməz. Çətin ki, qətiyyətlə qarşı çıxa bilsinlər.

Əlbətdə ki, Paşinyan bu gün Qarabağ istiqaməti üçün ən yaxşı seçimdir. Həm Rusiya üçün, həm də Azərbaycan üçün. Ancaq eyni zamanda, minalanmış ərazilərin xəritələri məsələsində olduğu kimi, onun müqavilə şərtlərini bazarlıq edərək yerinə yetirəcəyini anlamalısınız. Bu davamlı ticarət hər zaman davam edəcəkdir. Ancaq razılaşmaları qeyd-şərtsiz bloklaya bilməyəcək, çünki Ermənistan müharibədə sarsıdıcı bir məğlubiyyətə düçar oldu, üstəlik bölgə ölkələri də buna imkan verməyəcək.

Bəli, Paşinyanın qələbəsi bəlkə də indi baş verə biləcək ən yaxşı şeydir. Ancaq Ermənistan üçün yeni bir səhifə haqqında danışmaq hələ tezdir. Bu, eyni baş nazirin hakimiyyətinin davamıdır. Ancaq Ermənistanın qonşuları ilə sülhə doğru gedəcəyinə dair müəyyən bir ümid var”.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə