“Bunlara riayət edilsə, müştəri məmnunluğu səviyyəsi yüksək olacaq” EKSPERTDƏN MARAQLI YANAŞMA

İqtisadiyyatda belə bir qanun var ki, tələb təklifi formalaşdırır və hər bir məsələ tələbatın artması ilə bağlıdır. Bu sözləri SİA-ya verdiyi açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov söyləyib.

İqtisadçı vurğulayıb ki, bildiyimiz kimi ötən il ərzində pandemiya ilə əlaqədar sərt karantin rejimi tətbiq olunmuşdu ki, insanlar üçün bəzi yasaqlar mövcud idi və insanlar nəinki xarici ölkələrə, hətta ətraf rayonlara belə səfər edə bilmirdilər.

“Düşünürəm ki, məhz bununla bağlı, yəni səfər etməklə bağlı artıq insanlar bu il belə bir imkan əldə ediblər, kütləvi axın etməyə başlayıblar. Eyni zamanda bir çox xarici ölkələrə səfər etmək üçün qadağalar və məhdudiyyətlər mövcuddur. Bunun üçün də insanlar istirahət etmək üçün, təbii ki, respublika daxili turistik yerlərə üz tuturlar və bu da tələbatın artması fonunda qiymətlərə təsir göstəribdir. Yəni, əvvəl bir yerə iki nəfər iddia edirdisə, indi bir yerə səkkiz nəfər iddia edir.

Bundan başqa, ötən il ərzində tarif şurasının müəyyən qərarları oldu, dövlət tərəfindən tənzimlənən məhsulların qiymətlərinin qalxması ilə bağlı və bu da təbii ki, müəssisə daxili xərclərin artmasına gətirib çıxardı. Təbii ki, bunun da bir təsiri var, buna görə də qiymət artımı müşahidə olunmağa başladı.

Bildiyimiz kimi, istifadəçi seqmenti mövcuddur və onsuz da xaricə getmək istəyən insanlar xaricə üz tutacaqlar. Ölkə daxilində dincəlmək, istirahət etmək istəyən insanlar ölkə daxilində dincələcəklər. Bəli, bu başqa bir müzakirə mövzusudur ki, onların say tərkibi dəyişə bilər, yoxsa yox. Mən düşünürəm ki, dəyişəcək. Xüsusilə, ölkə daxilində istirahətə üstünlük verən insanların sayı daha çox artacaq və bu turizm potensialına ciddi bir təsir göstərməyəcək.

Eyni zamanda bilirik ki, artıq bu ildən Türkiyə Cümhuriyyəti ilə ikitərəfli saziş imzalanıb. Artıq Türkiyə və Azərbaycan vətəndaşları qarşılıqlı olaraq şəxsiyyət vəsiqəsi ilə səfər etməyə başlayıblar. Bu da daxili turizmin inkişaf etməsinə gətirib çıxara biləcək. Sadalanan məsələlərlə bağlı müxtəlif beynəlxalq standartlar mövcuddur. Məsələn, vətəndaş məmnunluğunun artırılması sahəsində İSO 10002:2018 standartı mövcuddur. Bundan başqa İSO 21401 standartı mövcuddur ki, bu standart da turizm obyektlərində idarəetmə sistemlərinin tətbiqi ilə bağlı məsələlər və o cümlədən bir çox yerli, daxili turizmlə əlaqədar Nazirlər Kabinetinin qərarları mövcuddur ki, bunlara riayət edilsə, turizm sahələrində menecment səviyyəsi, müştəri məmnunluğu yüksək səviyyədə olacaq”, deyə Asif İbrahimov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə