Paytaxt avtomobillərinin əcaib səsləri

Paytaxt avtomobillərinin əcaib səsləri

Son vaxtlar avtomobillərdə qadağan olunmuş çoxavazlı və yüksək səsli siqnallardan istifadə halları çoxalıb. Adətən bahalı maşınlarda quraşdırılan belə siqnallar insanların istirahət hüququnu pozur, onların səhhətinə, psixoloji durumuna mənfi təsir göstərir. Qeyd edək ki, sözügedən siqnallardan istifadənin qadağan edilməsinə baxmayaraq, bu gün ölkəyə müxtəlif yollarla həm çoxavazlı və yüksək səsli siqnallar, həm də sürəti ölçməyə maneçilik törədən və ölçmə cihazlarının işini iflic edən antiradar və digər texniki vasitələr idxal olunur. Elə bunun nəticəsidir ki, paytaxtın istənilən yerində heyvan, quş, silah, müxtəlif filmlərdən səslər çıxaran avtomobillərlə rastlaşmaq adi hala çevrilib.

Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, polkovnik-leytenant Vaqif Əsədov SİA-ya açıqlamasında bildirib ki, paytaxt sakinlərinin sağlamlığına mənfi təsir göstərən, nevroloji xəstəliklərin yaranmasına səbəb olan belə pozuntulara yol verən sürücülər ciddi cəzalandırılacaq. Vaqif Əsədov onu da qeyd edib ki, son vaxtlar şəxsi avtomobillərdə qadağan olunmuş səs siqnallarından istifadə halları artıb və bu da əhalinin ciddi narazılığına səbəb olub. V. Əsədov deyib ki, paytaxt ərazisində avtomobillərdə qanunsuz dəyişiklik etmək, əlavə avadanlıq - səs boğucular, çoxavazlı, yüksəktonlu, siren və musiqi səsli siqnallar quraşdırılaraq lüzumsuz yerə istifadə etməklə əhalinin sağlamlığına və təhlükəsizliyinə ciddi zərbə vururlar.

Onun sözlərinə görə, paytaxt sakinlərinin sağlamlığına mənfi təsir göstərən, nevroloji xəstəliklərin yaranmasına səbəb olan belə pozuntulara yol verən sürücülər ciddi cəzalandırılacaq: "Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi problemlə mübarizə məqsədilə təxirəsalınmaz tədbirlərə başlayıb. Belə ki, reydlər zamanı saxlanan avtomobillərdən həmin səs siqnalları açılır və sürücü inzibati məsuliyyətə cəlb edilir".

Onun sözlərinə görə, inzibati məsuliyyətə cəlb edilən şəxslər İnzibati Xətalar Məcəlləsinin 155.7-ci maddəsilə inzibati protokol tərtib olunaraq aidiyyəti üzrə məhkəmələrə göndərilir. Məhkəmələr tərəfindən səs siqnalları müsadirə olunur, sürücülər isə cərimələnir. Bu pozuntuya görə cərimənin məbləği 60 manat nəzərdə tutulub. Şöbə rəisi bildirib ki, avtomobillərin istehsalçı zavod tərəfindən konstruksiyasında quraşdırılması nəzərdə tutulan səs siqnallarından istifadə edilməsinə iki halda - yaşayış məntəqəsindən kənarda ötmə niyyəti aparmaq barədə başqa sürücüləri xəbərdar etmək üçün və yol nəqliyyat hadisələrinin qarşısını almaq üçün icazə verilir.

Qeyd edək ki, müxtəlif səsli siqnallardan istifadə \"Yol hərəkəti haqqında\" qanunun 73-cü (sürücülər tərəfindən səs siqnallarından istifadə etmə), 74-cü (xüsusi siqnalların tətbiqi) maddələrinin tələbi əsasında tənzimlənməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə