“Cinayətkarların hər biri öz cəzasını alacaq” DEPUTAT SƏRT REAKSİYA VERDİ
“Qeyd etmək lazımdır ki, hazırda məhkəməsi keçirilən şəxslərin cinayət əməlləri məhkəmə yolu ilə təsdiqlənibdir. Yəni, Azərbaycan bu insanlarla bağlı uzun zamandır araşdırma aparırdı və onlar məhkəmə qarşısına çıxardılmamışdan əvvəl bu məhkəmə ilə bağlı araşdırmalar aparılıb, şahidlərin ifadəsi səsləndirilir və biz görürük ki, bu insanların hər biri azərbaycanlılara qarşı vəhşilik törədiblər və ya Azərbaycan ərazisində terrora, qətliama cəhd ediblər.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədli deyib.
Millət vəkili qeyd edib ki, Ermənistanın belə bir şou düzəltməsi, beynəlxalq qurumlar qarşısında məsələ qalıdırmağa cəhd etməsi bu, Ermənistanın hərzamankı vərdişidir və bu ilk dəfə deyil ki, belə bir addımı atır və belə bir hay-küy qaldırmağa çalışır.
“Ermənistan hansısa beynəlxalq qurumlar qarşısında məsələ qaldırmaq barədə yox, bu kimi cinayətlərə yenidən yol verməmək barədə düşünməlidir. Yəni, bu günə kimi Ermənistan 4 minə yaxın azərbaycanlının taleyi haqqında Azərbaycan tərəfinə heç bir məlumat vermir. Onların heç birinin taleyi məlum deyil. Bu insanların ailələri bu gün də onların taleyindən narahatdır.
Digər bir məsələ isə, 44 günlük müharibədə Azərbaycan cəmiyyəti, Azərbaycan Ordusu Ermənistan cəmiyyətindən və Ermənistan Ordusundan güclü olduğunu bir daha göstərdi. Ermənistan düşünürdü ki, onların diversiya qrupları, azərbaycanlılara qarşı diversiya törədən hərbçiləri cəzasız qalacaq. Xeyr, bu mümkün deyil. Ermənistanda, azərbaycanlının qanında əli olan bütün cinayətkarların zaman gəldikcə hər biri öz cəzasını alacaq. Yəni, orada Azərbaycan xalqının çoxlu sayda əsgərinin, vətəndaşının qanına əli batmış erməni hərbçiləri var. Bu gün də onlar zaman-zaman Azərbaycana qarşı hansısa revanşist bəyanatlar verir, müxtəlif fikirlər səsləndirirlər. O baxımdan Ermənistan çalışmalıdır ki, bu gün diversiya qruplarının təxribatlarına, revanşist bəyanatlarına son qoysun.
Beynəlxalq qurumlara gəldikdə isə, mən hesab edirəm ki, beynəlxalq qurumların bu məsələdə sağlam mövqe nümayiş etdirməməsi Ermənistanı yeni cinayətlərə təşviq edir. Bu gün biz baxırıq ki, bu insanların cinayətlərinin təsdiq olunmasına baxmayaraq, beynəlxalq qurumlar, hansısa təşkilatlar Azərbaycandakı hərbi əsirlər barədə danışırlar. 10 noyabr razılaşmasından sonra hansı hərbi əsirlərdən söhbət gedə bilər? Yəni, bu insanlar razılaşmadan sonra Azərbaycan ərazisinə keçərək burada diversiya qrupları şəklində təxribatlar törətməyə çalışıblar. Biz nə etməliydik? Bunlara şərait yaratmalı idik ki, razılaşmadan sonra da bizim ərazilərimizdə əsgərlərimizə qarşı təxribatlar törətsinlər? Azərbaycan buna reaksiya verməməli idimi?
Digər baxımdan, əli bir çox azərbaycanlı qanına batmış, azərbaycanlılara işgəncə vermiş iki şəxs, Lyüdviq Mkrtcyan və Xosrovyan Alyoşa ilə bağlı niyə reaksiya verilmir? Azərbaycan mətbuatı uzun zamandır bu barədə reportajlar verir. Niyə bu şəxslərin törətdikləri təxribatlar, Azərbaycana qarşı etdikləri düşmənçilik barədə heç nə deyilmir, heç nə yazılmır, heç bir iş görülmür? Yəni, bununla da beynəlxalq qurumlar və təşkilatlar ikili standartlara və qərəzli yanaşmaya yenə də davam edirlər. Qəti şəkildə ermənilərin bu addımları pislənilməlidir və biz bunu gözləyirik. Azərbaycana hansısa bir təzyiq cəhdinin də əsası yoxdur, bu təzyiqlər heç bir nəticə verməyəcək, Azərbaycan öz işinə davam edəcək və bütün cinayətkarları cəzalandıracaq”, deyə Ceyhun Məmmədov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB