“Ermənistanda vətəndaş qarşıdurması gözlənilir” - MÜSAHİBƏ

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədovun SİA-ya müsahibəsi:

- Abutalıb müəllim, Ermənistanda saxtakarlıqla keçirilən parlament seçkilərində Nikol Paşinyanın qalib gəldiyi bildirilir. Sizcə bundan sonra bu ölkədə hadisələr necə inkişaf edəcək?

- Ermənistanda növbədənkənar parlament seçkiləri gözlənilmədən N.Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasının böyük üstünlüklə qələbəsi ilə başa çatdı. Səsverməyə qatılanların 53,92% səsini alan hakim komanda az qala əksər mütəxəssislər tərəfindən hamıdan çox səs alacağı iddia olunan R.Koçaryanın “Ermənistan” blokundan təqribən 2,5 dəfə artıq səs topladı. Bununla da, həm ikinci turun qaçılmaz olduğunu iddia edən öz komanda üzvlərini, həm də Ermənistanın ikinci prezidentinin rəhbərlik etdiyi bloku favorit sayan rəy sorğusu mərkəzlərini ciddi şəkildə təəccübləndirdi. Yeri gəlmişkən, keçirdiyi rəy sorğularında R.Koçaryanın irəli keçməkdə olduğunu iddia edən məşhur “Gallup International Аssociation”un nüfuzuna Ermənistanda ağır zərbə vuruldu. Onlar anladılar ki, sorğuda suallara cavab verən ermənilər əksər hallarda düşündüklərini yox, onun əksini deyirlər və bu cür dövlətlərdə rəy sorğuları keçirmək belə şirkətlər üçün son dərəcə təhlükəlidir.

- N.Paşinyan Koçaryan və digər müxaliflər üzərində qələbəsini “Polad inqilab” adlandırıb. Sizcə, Paşinyan haqlıdırmı?

- İlkin nəticələr bəlli olandan sonra partiyasının qərargahına gedən N.Paşinyan tərəfdarları qarşısında ən vacib saydığı bəyanatları səsləndirdi. Təbii ki, birinci Ermənistana göstərdiyi dəstəyə görə Rusiya prezidenti V.Putinə təşəkkürünü bildirdi. KTMT və Avrasiya iqtisadi birliyi ilə əməkdaşlığı genişləndirəcəyini dedi və bütün müqavilələrin yerinə yetiriləcəyini bəyan etdi. Çox güman ki, gözləmədiyi nəticənin “şok”unu yaşayan N.Paşinyan növbədənkənar parlament seçkilərindəki qələbəni “Polad inqilabı” adlandırdı. Görünür, Ermənistanı tarixinin ən böyük məğlubiyyətinə uğradan partiyanın əyilsə də sınmamasını və seçkilərdə belə böyük üstünlüklə qalib gəlməsini nəzərdə tuturdu. Haqsız da sayıla bilməzdi. Dünya tarixində qalib liderlərin seçkiləri uduzma faktları hamımıza məlumdur. Ancaq, dövlətini bu cür sarsıdıcı məğlubiyyətə uğradan, ordunu darmadağın edən, xalqı dərin sarsıntı və ümidsizlik içərisinə soxan bir şəxsin seçkilərdə böyük üstünlüklə qalib gəlməsi nadir hadisədir və bu “fenomen”ciddi şəkildə öyrənilməlidir.

- Tərəflər arasında gərgin olan münasibətlərin bundan sonra vətəndaş müharibəsinə çevriləcəyini düşünmək olarmı?

- Bəli, Ermənistanda vətəndaş qarşıdurması gözlənilir. Ancaq müxalifət ilk öncə araşdırma aparacaq. Bu araşdırmanı R.Koçaryan başda olmaqla Ermənistan müxalifəti aparacaq. Necə oldu ki, müxalifət üçün bu cür münbit şərait mövcud olduğu halda, onlar seçkiləri nəinki uda bilmədilər. Əksinə, qəzəb və nifrətlə “kapitulyant” adlandırdıqları N.Paşinyana qarşı belə ağır məğlubiyyətə uğradılar. Bu məsələləri sonraya saxlayan “Ermənistan” bloku hələlik, “seçkilərdə yol verilən pozğunluqları diqqətlə araşdırdığını”-bəyan edir və etiraz tədbirlərinə hazırlaşır. “Bu nəticə son səkkiz ayın əhval-ruhiyyəsinə, müxalifətin çoxminli mitinqlərində müşahidə edilənlərə daban-dabana ziddir”-deyən “Ermənistan”çılar seçkilərin nəticələrini tanımayacaqlarını-bildirirlər. Lakin, hələlik, səslərində qətiyyət hiss olunmur. Görünür, anlayırlar ki, bu nəticə ilə meydana çıxmaq və planlaşdırdıqları etiraz tədbirlərini keçirmək mümkün olmayacaq. Ləngimədən məğlubiyyəti etiraf etmək və yeni həmlə üçün daha uğurlu zamanı gözləmək lazım gələcək.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə