"Ərdoğan dünyaya açıq şəkildə mesaj verdi ki..." - BAŞ REDAKTOR ŞƏRH ETDİ

"Ərdoğan dünyaya açıq şəkildə mesaj verdi ki..." - BAŞ REDAKTOR ŞƏRH ETDİ

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada və Azərbaycan Milli Məclisində çıxışı zamanı verdiyi bəyanatlar qardaş ölkənin yeni reallıqlar fonunda Cənubi Qafqazda apardığı və bundan sonra da aparacağı geosiyasətin əsas konturları kimi də qəbul oluna bilər. Bu konturları şərti olaraq bir neçə istiqamətdə qruplaşdırmaq mümkündür. Bunlar əvvəla Türkiyənin Azərbaycanla müstəqilliyin ilk illərindən başlatdığı və əbədi olaraq müəyyənləşdirilmiş əməkdaşlıq, qardaşlıq, birlik siyasətini daha qətiyyətlə aparmaqla bağlı dünyaya verdiyi mesajdır”. Bu fikirləri SİA-ya açıqlmasında “Bakı Xəbər” qəzetinin Baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Siyasi ekspertin sözlərinə görə, cənab Ərdoğan açıq şəkildə bütün dünyaya bəyan etdi ki, Türkiyə Azərbaycanın yanında olmaq siyasətini bundan sonra da davam etdirəcək: “Əslində bu bütün dünyaya bir mesaj idi ki, dünyadakı qlobal və regiondakı beynəlxalq münasibətlərin hansı formada dəyişməyindən və dəyişəcəyindən asılı olmayaraq Türkiyə Azərbaycanın yanında əbədi olaraq qalacaq. Digər tərəfdən vurğulanan mesaj Türkiyənin bölgədə gələcəkdə meydana gələ biləcək müharibə təhdidlərinə qarşı sinə gərəcəyi ilə bağlıdır. Türkiyə prezidenti bu bölgədə sülhün və təhlükəsizliyin əbədi qalmasında maraqlı olduqları barədə danışdı. Bu marağın ödənməsi üçün Türkiyə əməkdaşlıq mənafeləri və beynəlxalq hüquq tələbləri çərçivəsində gərəkən bütün addımları gələcəkdə də atacaq. Həmçinin, Türkiyə bölgədə yeni reallığa uyğun olaraq əməkdaşlıq perspektivlərinin açılmasına çox maraqla baxır və bu perspektivlərin gerçəkləşməsi üçün əlindən gələni etməyə hazırdır”.

A.Quliyev vurğulayıb ki, cənab Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı daha qətiyyətlə səsləndirdiyi fikirlər deməyə əsas verir ki, həqiqətən Türkiyə lideri Zəngəzur dəhlizinə bu bölgədə böyük bir əməkdaşlıq perspektivi açan layihə kimi baxır və bu layihənin gerçəkləşməsində sona qədər qətiyyətli olduğunu nümayiş etdirir: “Aydın şəkildə görünür ki, cənab Ərdoğan Zəngəzur dəhlizinə təkcə Türk dünyansının bütövləşmə layihəsi kimi deyil, eyni zamanda Zəngəzur dəhlizinə bölgədə sülhün, barışın daha möhkəm şəkildə mövcud olmasına təminat kimi baxır. Türkiyə prezidentinin dünya birliyinə Cənubi Qafqazda yaranmış yeni reallıqlarla bağlı verdiyi mesajlar da xüsusilə maraqlıdır. Buna görə onun Türkiyə-Azərbaycan əməkdaşlığının bölgədə sabitliyin əsas faktorlarından biri kimi olduğu barədə açıq bəyanatı dünyaya açıq mesaj kimi qəbul oluna bilər. Türkiyə prezidenti Azərbaycanla əməkdaşlığın və qardaşlığın bütün sahələrdə daha da dərinləşdirilməsində israrlı olduğunu aydın şəkildə ortaya qoydu. Bu çıxışda bütün istiqamətlər üzrə verilən mesajlar Türkiyənin, həmçinin Azərbaycanın dövlət və milli maraqları ilə və bölgədə sülhün, təhlükəsizliyin davamlı olması maraqları ilə üzvü şəkildə səsləşir. Buna görə, cənab Ərdoğanın mesajlarını bölgədə sülhün və təhlükəsizliyin daha təminatlı və davamlı olmasına yönəlmiş Türkiyənin yeni geosiyasi kursunun əsas konturları kimi şərh etmək lazımdır”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə