Zəfərimizin təməli olan Qurtuluş Günü - DEPUTAT ŞƏRH ETDİ

“Hələ 30 il öncə 1990-cı illərin əvvəlində Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Ulu öndər Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Ulu Öndəri rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Ümummili Lider Heydər Əliyev 1993-cü il 15 iyun tarixində Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Həmin ilin oktyabr ayının 3-də Ulu Öndər Heydər Əliyev ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi. Xüsusilə qeyd ediləcək məqamlardan biri də Ümummilli Liderin növbəti seçkilərdə də xalqın yenidən həmrəylik nümayiş etdirməsi ilə Prezident seçilməsi idi”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Deputatın sözlərinə görə, 1988-1993-cü illərin faciə və gərginliklərini yaşamış hər bir kəs taleyüklü seçim məqamında qətiyyət və siyasi iradə nümayiş etdirdi: “Azərbaycan xalqı 1993-cü ildə olduğu kimi, 1998-ci ildə də düzgün seçim etdi. Əslində, xalqın başqa seçimi də ola bilməzdi. Çünki 1993-cü ilin yayına-Milli Qurtuluşa qədər ölkədə baş verənlər heç kəsin yadından çıxmamışdı. Həmin dövrlərdə ölkədə xalqın xilaskarı Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə daxili sabitlik yaranmış, çörək qıtlığı, ərzaq çatışmazlığı aradan qaldırılıb, vətəndaşların bir-birinə və dövlətə inamı bərpa olunub. Daha sonra isə ölkəmizə beynəlxalq aləmdə yeni nüfuz qazandıran qanunların qəbul edilməsinə, köklü islahatlara start verilmişdi. 1990-cı illərin əvvəlində Azərbaycanda hakimiyyətdə olan rəhbərlərin səriştəsiz, səmərəsiz fəaliyyətinin xalqın taleyinə tam laqeydliyi, o zamankı SSRİ rəhbərliyinə yarınmaq naminə yol verdikləri milli xəyanət, fəaliyyətsizlik və prinsipsizlik 1990-cı il yanvarın 20-də Bakıya sovet qoşun hissələrinin yeridilməsi və Azərbaycan xalqının ədalətli, haqlı tələblərinin qan içində boğulmasına gətirib çıxarmışdı. Həmin dövrdə Moskvada yaşayan Heydər Əliyev sülhsevər Azərbaycan xalqına qarşı silah tətbiq edilməsini qətiyyətlə pisləyən bəyanatla çıxış etmiş və Azərbaycanın haqq səsini dünyaya yaymışdı. Moskvada verildiyi bəyanatlarla 20 yanvar cinayətinin mahiyyətini və onu törədən qüvvələrin niyyətlərini aydın şəkildə göstərmişdi.

İ.Məmmədov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin yeritdiyi kadr siyasəti bütün sahələrdə olduğu kimi, qanunvericilik orqanına da ən bacarıqlı və layiqli adamların seçilməsi üçün şərait yaratdı: “Ali Sovetin işində böyük dönüş yarandı, parlamentdə ölkə həyatının müxtəlif sahələrini əhatə edən yeni daimi komissiyalar fəaliyyətə başladılar. Respublikanın iqtisadi, mədəni və elmi inkişafı üçün hüquqi baza yaradıldı, bu sahələr üzrə onlarla qanun və qərarlar qəbul edildi. Heydər Əliyev bu dövrdə Respublikada qanunçuluğun möhkəmləndirilməsi istiqamətində də mühüm tədbirlərin təşəbbüskarı kimi çıxış edirdi. Azərbaycanın böyük tarixi şəxsiyyətlərinin hər biri azərbaycançılığı bir ideya olaraq görürdü. Heydər Əliyevin isə onlardan böyük fərqi ondan ibarət oldu ki, O, Azərbaycançılığı dövlət ideologiyasına çevirdi. Ümumilli Lider deyirdi: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır! Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir". Ümummilli Lider məhz siyasətçi, böyük tarixi şəxsiyyət idi və ömrünün sonuna qədər öz vətəninin çiçəklənməsi, bütün dünyada layiqincə tanınması və qəbul olunması yolunda yorulmadan mübarizə aparıb. Müstəqil ölkəmizin bugünkü uğurları müasir Azərbaycanın banisi Heydər Əliyev strategiyasının təntənəsidir. Bu gün böyük qürur hissi ilə söyləyə bilərəm ki, Ulu Öndərin siyasi xətti hal-hazırda da Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələbinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davam etdirilir. Müasir, müstəqil və dünya dövlətləri arasında diqtə edən, etibarlı tərəfdaş ölkə olan Azərbaycan Respublikasının yüksək səviyyəli inkişafı-Ölkə Prezidentinin bütün sferalarda uğurlu siyasət aparmasına bariz nümunədir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə