Azərbaycan-Türkiyə əlaqələri həmişə etibarlı dostluq, qarşılıqlı etimad, davamlı inkişaf edən səmimi münasibətlər, yüksək səviyyəli strateji əməkdaşlıq əsasında qurulmuşdur. Eyni soykökünə, dilə, dinə, milli-mənəvi, mədəni dəyərlərə malik olmağımız bu əlaqələrin adi dostluq münasibətlərini aşaraq qardaşlıq nümunəsinə çevrilməsinə səbəb olmuşdur. Xalq şairi Bəxtiyar Vahabzadə bunu bədii şəkildə belə ifadə etmişdi:
Bir ananın iki oğlu,
Bir amalın iki qolu.
O da ulu, bu da ulu, –
Azərbaycan – Türkiyə.
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qardaş ölkə Türkiyə ilə bütün sahələrdə əlaqələr davamlı yüksələn xətt üzrə inkişaf edir. Atılan qəti addımlar nəticəsində Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə inkişaf etdirilməsinə nail olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın həm dövlətlərarası səviyyədə, həm də şəxsi münasibətlərdə əsl qardaşlıq nümayiş etdirmələri Ümummilli liderimiz Heydər Əliyevin qürurla söylədiyi “bir millət, iki dövlət” kəlamını siyasi, iqtisadi, mənəvi, eləcə də geostrateji mahiyyəti ilə tam təsdiq edir. Prezident İlham Əliyevin müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməyi, Əliyev-Ərdoğan birliyi və həmrəyliyi, dövlət başçılarının bir-birinə “qardaşım” deyərək müraciət etmələri xalqlarımız üçün də, dünya birliyi üçün də əsl nümunədir.
Tariximizə zəfər müjdəli 44 günlük Vətən müharibəsi kimi düşmüş “Dəmir yumruq” əməliyyatı zamanı - işğal olunmuş Azərbaycan torpaqlarının erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun Prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təzahürü idi. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün böyük əzmkarlıq göstərdilər. Heç bir beynəlxalq təzyiqlər Türkiyəni qardaşlıq dəstəyi mövqeyindən geri çəkə bilmədi. Bu, “Azərbaycanın kədəri - kədərimiz, sevinci - sevincimiz” – deyən böyük Mustafa Kamal Atatürkün sözlərinin sübutu, böyük türk qardaşlığının təntənəsi idi.
44 günlük Vətən müharibəsindəki tarixi qələbədən sonra Azərbaycan-Türkiyə əməkdaşlığının yeni perspektivləri yaranmışdır. Qardaş ölkənin aparıcı şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işlərində yaxından iştirakı iqtisadi əlaqələrin inkişafında yeni dövrün əsasını qoyur.
Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələr möhkəmlənir, bu isə qarşılıqlı ticarət dövriyyəsinin həcminin indiki ilə müqayisədə xeyli dərəcədə artırılmasına imkan verəcək. Qaz satışı və nəqli ilə bağlı razılaşmalar, ölkələrimiz arasında yeni sazişin imzalanması isə böyük bir coğrafi məkanda reallaşdırılan enerji siyasətinin əsas konturlarını müəyyən edən mühüm faktorlardan biri olacaq. Çünki Avropa İttifaqının, digər Qərb ölkələrinin böyük ümidlərlə baxdığı “Nabukko” kəmərinin inşa edilməsi xeyli dərəcədə məhz Azərbaycanla Türkiyə arasında razılaşdırılan yeni qaz sazişindən keçir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanın, Türkiyənin və digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır. Beləliklə, birgə iqtisadi layihələrin böyük geosiyasi əhəmiyyəti danılmazdır.
Bildiyimiz kimi, 2021-ci il 1-3 iyun tarixlərində YAP-ın nümayəndə heyəti Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) dəvəti ilə Ankara şəhərində səfərdə olmuşdur. Nümayəndə heyətini qəbul edən Türkiyə Prezidenti Türkiyə-Azərbaycan əlaqələrinin hazırkı mərhələyə çatmasında Azərbaycan Prezidentinin rolunu yüksək qiymətləndirdiyini vurğulamış, bundan sonra da bölgədə sülhün bərqərar olması və iki qardaş ölkənin münasibətlərinin daha da inkişaf etdirilməsi işinə Prezident İlham Əliyevin mühüm töhfələr verəcəyinə əmin olduğunu ifadə etmiş, bu işdə hər iki tərəfdən hakim partiyaların rolunu da xüsusi qeyd etmişdir. Beləliklə, partiya liderləri arasında olan dostluq münasibətlərinın YAP və AKP arasında əlaqələrin daha da yaxınlaşmasına, uğurlu təcrübə mübadiləsinə təkan verəcəyinə, ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, hakim siyasi partiyaların münasibətlərində də dostluq və əməkdaşlığın nümunəvi məcrada dinamik şəkildə inkişaf edəcəyinə əminlik yaradır. Siyasi müstəvidə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən bu səfər, YAP və AKP arasında imzalanmış niyyət protokolu “Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir” – deyən prezident İlham Əliyevin, “Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır” – deyən prezident Rəcəb Tayyib Ərdoğanın sözlərinin təsdiqi kimi iki ölkənin siyasi arenada müxtəlif istiqamətlərdə daha da yaxınlaşmasından müjdə verir.
Birdir bizim hər halımız
Sevincimiz – məlalımız.
Bayraqlarda hilalımız, –
Azərbaycan – Türkiyə.
Kəmalə Əliyeva
E.Əliyev adına 234 №-li tam orta məktəbin müəllimi, Əməkdar müəllim
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB