Ölkəmizin dünyaya göstərilən qardaşlıq birliyi – Türkiyə-Azərbaycan birliyi sarsılmazdır ŞƏRH
Azərbaycan–Türkiyə əlaqələri Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” tezisinə əsaslanır. Ayrılmaz tarixi birlik və qardaşlıq nümunəsi olan bu birlik 1991-ci ildən - Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dost və qardaş ölkə Türkiyə ilə bütün sahələrdə əlaqələr davamlı yüksələn xətt üzrə inkişaf edir. Və 1991-ci ilin noyabrın 9-da Türkiyə Cümhuriyyəti Azəbaycanın müstəqilliyini tanıyıb. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk vaxı ilə demişdi "Azərbaycanın kədəri -kədərimiz, sevinci- sevincimizdir".
Göründüyü kimi, düz 30 ildir ki, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri davam edir və daim möhkəmlənməkdədir. Məhz Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün dediyi kimi, bu gün hər iki ölkə bir-birini kədərini kədəri, sevincini sevinci bilir. Bu gün Türkiyə–Azərbaycan dostluğu dünyaya nümunədir. Azərbaycan Prezidenti İlham Əliyevin “Mən dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu, həqiqətdir. Bu, həm tarixi və etnik köklərə əsaslanan həqiqətdir, eyni zamanda, biz - iki qardaş ölkə öz siyasətimizlə bu birliyi möhkəmləndiririk” fikirləri bir daha təsdiqləyir ki, “bir millət, iki dövlət” vəhdətini heç bir kənar qüvvə poza bilməz.
Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin daha da möhkəmləndirilib genişləndirilməsi dövlət başçımızın həyata keçirdiyi xarici siyasətin prioritetini təşkil edir. Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Türkiyə üçün də eyni dərəcədə ağrılı olduğu hər iki xalqın nümayəndələrinə bəllidir. Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycanın sevinci bizim sevincimizdir, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir, Azərbaycan kədərlənərsə, biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik” sözləri deyilənlərin göstəricisidir.
Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması uğrunda 2020-ci ilin sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən Müharibəsində Türkiyə dövlətinin və onun Prezidenti Rəcəb Tayyub Ərdoğanın Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəsdək təmənnasız qardaşlığın parlaq nümunəsidir. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sahələrdə böyük əzmkarlıq göstərdilər. Beynəxalq səviyyədə nə qədər təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərləri çərçivəsində səsləndirilən fikirlər və imzalanan çox sayda sənədlər bir daha dünyaya nümayiş etdirir ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və böyük geosiyasi və geoiqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlmişdir. Bu qardaşlıq birliyin nümunəsi - dekabrın 10-da Azadlıq meydanında keçirilən Azərbaycanın 44 gün İkinci Qarabağ Müharibəsinin Zəfər Paradında Prezident İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bir yerdə olması bir daha bu qardaşlıq birliyinin təcəssümüdür. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında çıxışı zamanı bildirib ki, bu tarixi gündür və bu zəfər Paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, eyni zamanda, Türkiyədən gəlmiş böyük nümayəndə heyətinin, türk əsgər və zabitlərinin paradda iştirakından şad olduğunu söyləyib: "Bu gün tarixi bir gündür. Bu gün Azadlıq meydanında Zəfər paradı keçirilir. Mən çox şadam ki, bu paradda mənim dəvətimi qəbul edərək Türkiyə Cümhuriyyətinin Cümhurbaşqanı, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan iştirak edir. Eyni zamanda, Türkiyədən gəlmiş böyük nümayəndə heyəti, türk əsgər və zabitləri iştirak edirlər. Bu, bir daha bizim birliyimizi, dostluğumuzu və qardaşlığımızı göstərir. Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk".
Həmçinin həmin Zəfər Paradında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Azərbaycanın apardığı mübarizəyə ilk günlərdən bütün qurum və təşkilatları ilə dəstək verdiyini, bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olduğunu demişdir: "Türkiyə Azərbaycanın apardığı mübarizəyə ilk günlərdən bütün qurum və təşkilatları ilə dəstək vermiş, bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olmuşdur. Türkiyə olaraq Azərbaycan ilə münasibətlərimizdə özümüzə hər zaman böyük lider Heydər Əliyevin «Bir millət, iki dövlət» şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün dəqiq ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Bu anlayışla Qarabağı otuz il boyunca sinəmizdə yara etdik. Bu gün də bu yaranın sağalmasının sevincini paylaşmaq, bu şanlı zəfəri birlikdə qeyd etmək üçün aranızdayıq".
Həmçinin, hər iki ölkənin hakim partiyaları - YAP və AKP arasında da uzun illərdir davam edən əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. 2021-ci il 1-3 iyun tarixlərində YAP-ın nümayəndə heyətinin Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) dəvəti ilə Ankara şəhərinə səfər etməsi ölkələrimiz arasında siyasi müstəvidə əməkdaşlığın parlaq nümunədir. Nümayəndə heyətini qəbul edən Türkiyə Prezidenti Türkiyə-Azərbaycan əlaqələrinin hazırkı mərhələyə çatmasında Azərbaycan Prezidentinin rolunu yüksək qiymətləndirdiyini vurğulamış, bundan sonra da bölgədə sülhün bərqərar olması və iki qardaş ölkənin münasibətlərinin daha da inkişaf etdirilməsi işinə Prezident İlham Əliyevin mühüm töhfələr verəcəyinə əmin olduğunu ifadə etmiş, hər iki tərəfdən hakim partiyaların roluna toxunaraq partiya funksionerlərinin fəaliyyətlərini yeni çağırışlara uyğunlaşdıra bilmələrinin vacibliyini qeyd etmişdir.
Bir sözlə, Azərbaycanın və Türkiyənin dövlətçilik tarixindən mühüm tarixi missiya həyata keçirən YAP-ın və AKP-nin gənc üzvlərinin ictimai-siyasi proseslərdəki fəaliyyəti mühüm amil kimi dəyərləndirildi. Diqqətə çatdırıldı ki, gənclər bundan sonra da milli-mənəvi dəyərlərimizin qorunmasında, dövlətçiliyə aid bütün proseslərdə fəal olmalı, təmaslarını intensivləşdirməli, cəmiyyətlərimizdə saf imicləri ilə nümunəvi olmağı davam etdirməlidirlər. Həmçinin, görüşlərdə diqqətə çatdırıldı ki, işğaldan azad edilən ərazilərdə aparılan əsaslı bərpa və yenidənqurma işləri, əhalinin doğma yurduna vahid strategiya əsasında qaytarılması istiqamətində görülən işlər nümunəvidir. Bütün bu proseslərdə Azərbaycanın və Türkiyənin atdığı birgə addımlar təqdirəlayiq, Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının səmərəli əməkdaşlığı qardaşlığımızın qorunmasına böyük töhfə olmaqla yanaşı, həm də Azərbaycan-Türkiyə arasında sürətlə inkişaf edən bu əməkdaşlıq dünyaya əsl qardaşlığın nümunəsi bəyan edir və real həyatda təsdiqləyir. Bir sözlə Türkiyə-Azərbaycan qardaşlığını ifadə edən kəlamlar əsl qardaşlıq birliyinin təcəssümüdür: “Bir millət, iki dövlət” – Ümummilli Lider Heydər Əliyev.
“Azərbaycanın kədəri - kədərimiz, sevinci - sevincimiz” – Mustafa Kamal Atatürk.
“Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir” – Prezident İlham Əliyev.
“Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır” – Prezident Rəcəb Tayyib Ərdoğan.
Bütün bunlar bir daha təsdiqləyir ki, Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır. İki qardaş ölkənin birliyini heç bir qüvvə poza bilməz.
Ramiz Şabanov,
YAP Tərtər rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB