"15 iyun Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bir gün oldu" - DEPUTAT MÖVQE BİLDİRDİ
“1993-cü ilin iyunun 4-də Gəncədə polkovnik Sürət Hüseynovun nəzarəti altında olan hərbi hissə hakimiyyətə itaətsizlik göstərməklə ölkəni xaosa sürükləyirdi. Yaşanan situasiyanı nəzarət altına almaq üçün hakimiyyətin atdığı təsəlik addımlar vəziyyəti düzəltmək əvəzinə daha da qəlizləşdirirdi”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib.
Deputatın sözlərinə görə, həmin dövrdə bir qrup insan vəziyyətlə maraqlanmaq üçün Gəncəyə yola düşür: “Sözügedən şəxsləri qiyamçı hərbi hissənin rəhbərliyi girov götürülərək prezidentin, Baş nazirin, Milli Məclisin sədrinin istefası tələb olunur və bununla da vəziyyət nəzarətdən çıxır. Ölkədə demək olar ki, vətəndaş qarşıdurması yaşanır və bütün buları görən o zamanki hakimiyyət Ümummilli Lider Heydər Əliyevi vəzifəyə dəvət edərək ondan xahiş edirlər ki, vəziyyəti nəzarət altına alsın. Ölkədə sabitliyin yaradılmasına köməklik göstərsin. Ulu Öndər həmin dövrdə Naxçıvandan Bakıya gəlir və hakimiyyət böhranını aradan qaldırmaq üçün əməli fəaliyyətə keçir. Ümummilli Lider Heydər Əliyev bir qrup ziyalı ilə Gəncəyə gedir. Qeyd etmək lazımdır ki, o zaman Gəncəyə getmək böyük risk tələb edirdi. Lakin buna baxmaraq Ümummilli Lider vətəndaş təhlükəsinin qarşısını almaq üçün bu səfərə gedir və təbii ki, buna nail olur. Bu hadisədən bir neçə gün sonra iyun ayının 15-də Ulu Öndər parlamentdə səslənən təkidli xahişlər və ən əsası Azərbaycan xalqının təkidli tələbi ilə Ali Sovetin Sədri vəzifəsinə seçilməsinə razılıq verir”.
V.İsgəndərov vurğulayıb ki, bu hadisəni Respublika tarixində xaos və anarxiyanın qurtuluşa doğru gedən mənəvi başlanğıcı kimi dəyərləndirmək olar: “Beləliklə, biz 15 iyunu Milli Qurtuluş Günü kimi öz tariximizə qeyd etdik. Azərbaycan xalqı o xoşbəxt xalqlardandır ki, onun Ümumilli Heydər Əliyev kimi lideri oldu. Hakimiyyətə gəldiyi zaman ölkə sərhədlərində müharibə, ölkə daxilində xaos-anarxiya, az qala ölkənin parçalanma təhlükəsi vardı. Bu məqamda yalnız Heydər Əliyev dühası Azərbaycan xalqını həmin bəlalardan qurtara bilərdi. 15 iyun Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bir gün oldu. Bugünkü Azərbaycanın uğurlarının bünövrəsi o zamam qoyulmağa başladı. Ölkədə sabitlik, stabillik yarandı, ordu quruculuğuna başlandı. Gələcək işıqlı Azərbaycanın bünövrəsi möhkəm özüllər üzərində quruldu və bunun da banisi Ümummilli Liderimiz Heydər Əliyev oldu”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB