“44 günlük müharibədən sonra yeni geosiyasi reallıqlar formalaşıb. Bu reallıqlar fonunda bölgədə qalıcı sülhün təmin edilməsi və sərhədlərin qarşılıqlı tanınması istiqamətində addımlar atılıb. Gözlənilir ki, Azərbaycan və Rusiya, eləcə də Ermənistan arasında üçtərəfli komissiya formalaşdırılsın. Bu komissiyanın əsas fəaliyyəti isə Azərbaycan-Ermənistan sərhəddində yaradılan gərginliyin aradan qaldırılması, eyni zamanda sərhədlərin qarşılıqlı tanıması istiqamətində delimitasiya və demarkasiya prosesi həyata keçirilməsidir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Politoloq qeyd edib ki, Qazağın 7 kəndi, eləcə də Naxçıvanın Kərki kəndi Azərbaycana qaytarıla bilər: “Bu istiqamətdə diplomatik kanallar vasitəsilə danışıqların həyata keçirilməsi istisna edilmir. Əgər, bölgədə dayanıqlı sülhdən söhbət ediriksə, onda bütün kompleks məsələlər öz həllini tapmalıdır. Sözügedən kəndlər üzərində Ermənistan daxilinə mühüm marşutlar keçir. Ermənistan tərəfi bundan narahatdır ki, Azərbaycan ordusu bu kəndlərdə yerləşərsə, onda bu strateji yollara da nəzarəti ələ keçirəcək. Bu da Ermənistanda böyük gərginlik və panika ilə nəticələnə bilər”.
İ.Hüseynov vurğulayıb ki, bölgədə iqtisadi prioritetlərin müəyyənləşməsilə dövlətlər dayanıqlı sülhü təmin etmək üçün ticari, iqtisadi münasibətləri işə salacaqlarsa, onda ərazi münaqişələri aradan qaldırılmalı və dünyada qəbul olunmuş praktika üzrə bu məsələlər nəzərdən keçirilməlidir: “Dövlətlərin sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü, suverenlik məsələsi beynəlxalq hüququn fundamental norma və prinsipləri hesab olunur. Bu prinsiplər əsasında məsələlərə baxmaq lazımdır. Ermənistan tərəfi 44 günlük müharibədən sonra yeni yaranan sərhəd reallıqlarını qəbul etməli və bu gerçəklə barışmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB