“Ağdamlılar Prezidentin Ağdama olan ali diqqətinə görə minnətdardırlar” - MƏQALƏ

“Ağdamlılar Prezidentin Ağdama olan ali diqqətinə görə minnətdardırlar” - MƏQALƏ

Bu il hər bir azərbaycanlı öz ali bayramı olan 28 May - Respublika Gününü qalib xalqın nümayəndəsi kimi qeyd edir. Biz iki yüz illik erməni faşizminin başını elə əzmişik ki, artıq nəinki öz regionumuzda, hətta bütün dünyada böyük hörmətə malikik. Bu hörmətin ən bariz nümunələri dövlət başçısının ünvanına gələn təbrik məktublarıdır. Sanki builki məktubların mətnlərində diplomatik dilin imkanları daha yaxşı istifadə olunaraq dünya ölkələrinin bizimlə əməkdaşlıq etmək arzusu aydın sezilməkdədir. Bunun səbəbləri bizim inkişafımızın dərinliklərində və 44 günlük Qarabağ zəfərində gizlidir. Dünya birliyi 30 il ərzində həll edə bilmədiyi bir məsələni 44 günə həll edən bir xalqa, dövlətə və onun rəhbərinə ancaq qibtə edə bilər ki, edir də. Azərbaycan dünyaya əməkdaşlıq, sülh və əmin-amanlıq vəd edərkən, Ermənistan ancaq təxribatla məşğuldur. Daxili sabitliyini və qonşuları ilə münasibətlərini düzgün qura bilməyən, ümumiyyətlə dövlət yarada bilməyən ermənilər əllərindəki fürsətləri doğru qiymətləndirmək əvəzinə sərhəddə təxribatlar törədirlər. Son sərhəd insidentindən sonra bir daha ermənilər biabırçı şəkildə dünya qarşısında rüsvay olmuşdurlar. Ali Baş Komandanın dediyi kimi, bir daha cəhd etsələr, yenə məğlub olacaqlar və başları yenidən əziləcəkdir.

Ağdamın ictimaiyyəti və tanınmış şəxsiyyətləri ilə görüşü zamanı hansı tində bəyanata imza atdığı bilinməyən Paşinyandan fərqli olaraq məğrur və qalib Prezident cənab İlham Əliyev bir daha dosta da, düşmənə də milli birliyimizi nümayiş etdirdi.

Hər bir işğaldan azad olunan şəhərdə, rayonda, kənddə cənab Prezident İlham Əliyev ziyarətdə olarkən nədənsə mənə elə gəlir ki, o, əslən Azərbaycanın bu bölgəsindəndir. Məsələn, Cəbrayılda bayraq qaldırarkən cəbrayıllı, Füzulidə aeroportun təməlini qoyarkən füzulili, Qubadlıda xurma toplayarkən qubadlılı, Zəngilanda çinar ağacı əkərkən zəngilanlı, Laçında su elektrik stansiyasını işə salarkən laçınlı, Şuşada Xarıbülbül festivalında Şuşalı, Xocavəndə olarkən xocavəndlidir. Ağdamda şəhərin baş planını təsdiq edərkən çəkilmiş görüntülərə baxdıqda isə məndə elə bir təəssürat yarandı ki, sanki cənab Prezident məndən, mənim yaxınlarımdan, qohumlarımdan daha çox ağdamlıdır.

28 May - Respublika Gününü Ağdamda keçirməyi sizcə buna dəlalət etmirmi?! Ağdamlılar Prezidentin Ağdama olan ali diqqətinə görə minnətdardırlar. Açıq görünür ki, möhtərəm İlham Əliyev Ağdamı hər birimizdən daha yaxşı tanıyır, daha yaxşı öyrənir, daha yaxşı düşünür, daha yaxşı gələcək inkişafını planlaşdırır. Lakin atdığı hər addımı el ağsaqqalları, rayonun ictimai fəalları, tanınmış şəxsləri ilə birgə məsləhət edir. Bu həm ölkəmizin milli adət-ənənələrinə Prezidentin sadiqliyinin, həm də demokratik dəyərlərə verdiyi qiymətin təzahürüdür. Bütün komponentləri birləşdirəndə əmin oluram ki, şübhəsiz cənab İlham Əliyev ən böyük Azərbaycanlıdır!

Müharibənin bitməsindən bizi cəmi 7 ay ayırır. Hələ yaralarımız yenidir, analarımızın gözlərində qürur göz yaşları ilə yanaşı gənc övladlarının dərdləri də var. Lakin biz keçmişə batıb qalmağın milli maraqlarımıza uyğun olmadığını və gələcək gözəl günlərin bizi gözlədiyinin fərqindəyik. Biz şəhərlərimizi, kəndlərimizi abadlaşdırdıqca, qanını vətən yolunda axıdan hər bir şəhidimizin ruhuda şad olacaqdır. Məhz bu səbəbdən dövlətimiz bir tərəfdən əraziləri minalardan təmizləyir, digər tərəfdən isə tikinti-bərpa işlərinə start verir. Bərpa prosesinə Ağdam şəhərindən başlanması da təsadüfi deyildir. Ağdam Qarabağın döyünən ürəyi olmaqla yanaşı, dağlıq və aran hissələrini tən ortadan ayıran strateji mövqeyə malik olan bir yaşayış məskənidir. Qarabağda bərpa prosesinin sənaye və islehsal hissəsinin də Ağdamda yerləşməsi digər müdrik addımdır. Ağdam Sovet dönəmlərindən ticarətin, istehsalın və inkişafın mərkəzi olmuşdur. Ağdam bazarlarında dünyanın hər bir nöqtəsindən gətirilmiş istənilən avadanlığı, əşyanı tapmaq olardı. Mən Ağdamı görməsəm də bilirəm ki, ermənilər zəngin, güclü Ağdamı yerlə-yeksan edərək ondan sanki qisas almışlar.

Ağdam qədim tarixə malik bir məkandır. Orda ilk insan məskənləri aşkar edilmişdir. Qarabağ xanlığının ilk mərkəzi də məhz Ağdamın Şahbulaq deyilən ərazisində qurulmuşdur. Burda olan İmarət kompleksi Qarabağ xanlığının həyatına dair ciddi izlər daşımaqdadır. Bu ərazilərin muzey kompleks və turizm mərkəzləri kimi istifadəyə verilməsi həm regionun turizm potensialına, həm də tarixi izlərin qorunmasına və təbliğinə xidmət edir. Yenidənqurma işlərini həyata keçirərkən cənab Prezidentin vurğuladığı ən əsas məqam binaların öz orjinal mənzərəsini qoruyub saxlanmasını təmin etməkdir. Bu səbəbdən işğaldan sonra hər bir bina, məscid və tikilinin keçmiş mənzərəsinin öyrənilməsinə böyük əhəmiyyət verilir. Lakin binalar yoxdur! Ağdamda heç nə yoxdur! Şəhər yoxdur! Məhz bu səbəbdən Ağdamda həm işğalın izlərini özündə əks etdirən “İşğal” muzeyinin, həm də 44 günlük qələbənin hər gününün, hər anının, hər saniyəsinin xatirələrini yaşadan “Zəfər” muzeyinin bünövrəsinin qoyulması gələcək nəsillər qarşısında vəzifə borcumuzdur.

İşğaldan əvvəl Ağdam şəhər mərkəzinin əhalisi cəmi 40 min nəfər olmuşdur. Ərazisi isə yeni Ağdamdan iki dəfə kiçik idi. Yenidənqurmadan sonra ilkin mərhələdə 50 min, perspektivdə isə inkişaf mərhələlərinə müvafiq olaraq 100 min nəfərlik şəhərin tikilməsi planlaşdırılır. Ətraf 8 kəndin Ağdama birləşməsi və müasir şəhər mədəniyyətləri nümunələrinin öyrənilməsi, Ağdamın lokal şəraiti ilə uyğunlaşdırılması cənab Prezidentin Ağdam şəhərinə qarşı ali diqqətindən xəbər verir. Qarabağı cənnətə çevirəcəyik deyən dövlət başçısı dünyada olan ən yeni texnologiyaları Ağdama və işğaldan azad olunan bütün şəhərlərə tədbiq edəcəkdir. Bütün Qarabağın yaşıl zona elan edildiyini xatırladan Prezident Ağdamın 23 faiz ərazisinin parklar, bağlar və yaşıllıq zonası olacağını vurğulamışdır.

Yenidənqurma zamanı hər bir məqam nəzərə alınmışdır. Logistika baxımından Ağdam Qarabağın mərkəzində yerləşir. Buna görə də Bərdə-Ağdam avtomobil və dəmiryollarının, dəmiryolu vağzalının, Ağdam sənaye parkının, Ağdamda 140 il əvvəl yaradılmış, daha sonra erməni qəsbkarları tərəfindən tamami ilə məhv edilmiş 1 nömrəli məktəbin təməlinin qoyulması Qarabağın gələcək inkişafının carçısıdır. Ağdamda gələcəkdə əsası qoyulacaq və möhtərəm İlham Əliyevin şəxsi təşəbbüsü olan Qarabağ Dövlət Universitetinin də yaradılması Ağdamın müasir şəhər simasına öz töhfəsini verəcəkdir. Yeni təhsil şəhərcikləri, kampuslar tələbə qonaqların hesabına şəhərin daha da böyüməsinə və inkişafına xidmət edəcəkdir. Şəhərdə nəzərə alınan başqa bir müasir yanaşma nəqliyyatla bağlıdır. Bütün şəhər ərazisində 79 km-dən artıq xüsusi çəkilmiş yol velosiped sürənlərin ixtiyarına veriləcək. Bu həm şəhərin ekoloji vəziyyətinin qorunmasına, həm də insanların sağlam həyat tərzinə verilən əhəmiyyətin təzahürüdür. Ümumiyyətlə, gələcək Ağdamda ekoloji tarazlığın qorunması məqsədi ilə geniş ekolayihələr həyata keçiriləcəkdir. Eyni zamanda da şəhərdə avtomobil nəqliyyatı ilə yanaşı yeni üslubda qurulmuş və avtomobil yollarından ayrılmış trolleybus yollarının salınması Ağdama başqa bir müasir mənzərə təqdim edəcək.

Ağdam şəhər mərkəzində hündür mərtəbəli yaşayış binaları ilə yanaşı şəhər ətrafında və kəndlərdə fərdi evlərin də tikintisi təsdiq olunan baş planda öz əksini tapmışdır. Ümumi yanaşmadan mən belə başa düşdüm ki, Ağdam gələcəkdə Bakı, Gəncə, Sumqayıt kimi böyük sənaye şəhərlərindən birinə çeviriləcəkdir. Bunun üçün həm iqtisadi potensial, həm siyasi iradə, həm də strateji mövqeyə malik olan Ağdam ölkəmizin əsas şəhərlərindən biri, Qarabağ bölgəsinin isə əsas iqtisadi-nəqliyyat mərkəzi olacaqdır. Dəfələrlə dövlət başçısı bildirmişdir ki, zaman erməni və azərbaycanlı icmalarının aralarında olan çətin münasibəti aradan qaldıracaqdır. Təbii ki, əgər ermənilər revanşist fikirlərdən, məkirli mövqelərdən uzaqlaşa bilsələr. Qarabağda yaşayan ermənilər özləri qərar verəcəklər, müasir, dünyada nümunəyə çeviriləcək Ağdama gələrək ticarət və ictimai əlaqələr qursunlar, yoxsa dalana dirənmiş İrəvanla. Əlbəttə, bizim izlədiyimiz görüntüləri Xankəndi və ətrafında yaşayan 30 min erməni vətəndaşımız da izləyir. Bilirlər ki, nə burada müvəqqəti sülhməramlı missiyanı yerinə yetirən ruslar, nə də İrəvanda öz haylarına qalmış ermənilər onların dərdlərinə dərman olmayacaqlar. Nicat Azərbaycan bayrağında, vətəndaşlığında və rəhbərindədir.

Ağdamın kəndlərində də hər bir ailə üçün torpaq və təsərrüfat sahələri ayrılacaqdır. Hər bir kənd sakininin düz ağdamlılar demişkən, doqqazının ağzında su krantları olacaq. Suqovuşanın azad edilməsi ilə nəinki Ağdamı, hətta Bərdəni, Tərtəri də təchiz edəcək qədər su ehtiyatlarına sahibik. Yeni kanallar yaradılacaq. Yeni kəhrizlər, su quyuları qazılacaq. Bugün Ağdamın işğal olunmamış ərazilərində 160 kəhriz qazılıb istifadəyə verilib, 100 faiz qazlaşdırma aparılmışdır. Əlbəttə, analoji işlər daha böyük şövqlə işğaldan azad olunmuş ərazilərdə də həyata keçiriləcəkdir. Biz, ağdamlılar cənab Prezidentin yaratdığı şəraiti və bizə təqdim olunan imkanları yüksək qiymətləndirərək Ağdamda bircə santimetr də boş torpaq saxlamamalıyıq. Möhtərəm Prezident özü ağdamlı sahibkarlara konkret təkliflərlə çıxış etmək üçün müraciət etmişdir.

Ağdam mədəniyyət beşiyidir. Əlbəttə, mədəniyyət paytaxtı ilə yaxın coğrafiyası, buz kimi bulaqlarından axan suları gözəl səsli xanəndələrin yetişməsinə səbəb olmuşdur. Gələcək şəhərin baş planında amfiteatr şəklində açıq hava meydanının, bayram meydanının və Muğam mərkəzinin tikintisi də nəzərdə tutulur. Bir sözlə deyə bilərəm ki, Ağdam cənab Prezidentin arzusunda olduğu kimi çox məqsədli və özünün də dediyi kimi əsil yaşanmalı şəhər olacaqdır.

Mən əslən Qarabağlı, Şuşa əsilli Ağdamlı olsam da Bakıda doğulub boya-başa çatmışam. Lakin bu gələcək inkişafı gördükdən sonra böyük məmnuniyyətlə Ağdamda yaşayıb yaratmağa hazıram!

Ənvər Haqverdiyev

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə