“Bu qəbuledilməzdir və beynəlxalq hüquqa ziddir”

“Bu qəbuledilməzdir və beynəlxalq hüquqa ziddir”

“Bu gün Azərbaycan-Türkiyə münasibətləri güclənir və ölkələrimiz arasındakı münasibətlərin inkişaf səviyyəsi regional bölgədəki sülhə və təhlükəsizliyə töhfə verməkdə davam edir”. Bu sözləri SİA-ya açıqlamasın siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski deyib.

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə münasibətləri tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər və yüksək səviyyəli əməkdaşlıq əsasında daim möhkəmlənir: “Xalqlarımızın eyni köklərə, dilə, dinə, mədəniyyətə və mənəvi dəyərlərə sahib olması bu iki ölkəni həmişə bir-birinə doğma etmişdir, sevinc və kədərli günlərdə bir-biriləri ilə tarix boyu birlikdə olublar. Son zamanlarda hər sahədə əməkdaşlıqda böyük irəliləyişlərə nail olunmuşdur. Azərbaycanla Türkiyə arasındakı münasibətlərin bu səviyyədə inkişafı təkcə bu ölkələrə deyil, eyni zamanda bölgənin ümumi tərəqqisinə və sabitliyinə də mühüm töhfə verir. Eyni zamanda, bu gün türk dünyasının yaxınlaşmasının ən vacib amillərindən biri də məhz Azərbaycan ilə Türkiyə arasında əlaqələrin inkişafıdır. Türkiyə Vətən Müharibəsinin əvvəlindən sonuna qədər Azərbaycana dəstək verərək bütün dünyaya iki ölkənin birliyinin gücünü nümayiş etdirdi. 44 günlük Vətən Müharibəsində qazanılan qələbə və Ermənistan tərəfindən ərazilərimizin 30 illik işğalının dayandırması həm Azərbaycan xalqını, həm də Türkiyə vətəndaşlarını sevindirdi. Bu gün əməkdaşlığımız artıq hərbi sahədə də özünün ən yüksək mərhələsindədir. İki ölkənin hərbi qüvvələrinin birgə keçirdikləri təlimlər və hər bir azərbaycanlı üçün müqəddəs hesab edilən Vətən Müharibəsi zamanı Türkiyədən alınan silahların istifadə olunmasını qeyd etmək kifayətdir. Hərbi sahədə əməkdaşlıq bu gün də sürətlə inkişaf etməkdədir. Bildiyiniz kimi, 44 günlük Vətən Müharibəsindən sonra işğaldan azad olmuş ərazilərdə böyük quruculuq işlərinə start verilmişdir və artıq irimiqyaslı layihələr həyata keçirilməyə başlanmışdır. Ancaq silahlı münaqişənin Ermənistanın kapitulyasiyası ilə nəticələnməsinə baxmayaraq, hələ də mənfur qonşularımız öz çirkin əməllərindən əl çəkmirlər. Minalanmış ərazilərin xəritələrinin Azərbaycan tərəfinə təqdim edilməməsi bunun bariz nümunəsidir. Ermənistan minalanmış ərazilərin xəritəsini verməməklə həmişəki kimi destruktivlik nümayiş etdirir. Təbii ki, ermənilərin niyyətləri də aydındır. Bunlardan biri mümkün qədər çox insan ölümünə səbəb olmaq, digəri isə azərbaycanlıların azad olunmuş öz doğma ərazilərinə qayıtmasını mümkün qədər ləngitməkdir. Beləliklə, Ermənistan tərəfi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmasını çətinləşdirməyə və təxirə salmağa yönəlmiş növbəti cinayət törədirlər. Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi haqqında Konvensiya 1 mart 1999-cu ildə qüvvəyə minmişdir, və bu Konvensiyaya əsasən insan əleyhinə minalardan istifadə qadağandır. Buna baxmayaraq, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində kütləvi minalama siyasəti aparmışdır. Bu qəbuledilməzdir və beynəlxalq hüquqa ziddir. Azərbaycan torpaqlarının işğalı zamanı ermənilər hətta mülki şəxslərin yaşadığı yerlərdə də geniş əraziləri minalamışdır”.

Elvin Talışinski həmçinin qeyd edib ki, tezliklə işğaldan azad edilmiş ərazilər çiçəklənən bir guşəyə çevriləcək: “Bildiyiniz kimi, böyük quruculuq işlərinin həyata keçirilməsi ilə yanaşı, Prezident İlham Əliyevin göstərişi ilə azad edilmiş ərazilərdə minalardan təmizləmə işləri də aparılır. Bu baxımdan Türkiyədən alınan minatəmizləmə avadanlığı Azərbaycana gətirildi və azad edilmiş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işinə cəlb edildi. Bu gün ÖMAT, METİ və PMKİ minalarını tapmaq və zərərsizləşdirmək üçün Türk Silahlı Qüvvələri qrupları Azərbaycan ərazilərinin minalardan təmizlənməsi, eləcə də Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin hazırlanması üzərində işləyirlər. Ankara azad edilmiş ərazilərdə minaların təmizlənməsi prosesini sürətləndirmək üçün Bakıya növbəti mühəndis maşın və avadanlıq göndərdi. Azərbaycan ordusunun azad edilmiş ərazilərdəki mühəndis-istehkam vahidlərinin sərəncamına veriləcək maşın və avadanlıqlar yolların, yaşayış məntəqələrinin, yararlı əkin sahələrinin və digər yerlərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi üçün istifadə ediləcəkdir. Təbii ki, bu sahədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən müvafiq işlər aparılmaqdadır. Lakin qardaş Türkiyədən alınan minatəmizləmə qurğuları sayəsində bu proses daha da sürətlənəcək ki, bu da öz növbəsində həmin ərazilərdə tikinti-quruculuq işlərinin aparılması üçün də şərait yaradacaqdır. Üstəlik bu qurğulardan istifadə edilməsi üçün milli kadrların hazırlanması da Azərbaycan üçün mühüm əhəmiyyətə malikdir”.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə