“Sığortalı həyat qəzasız həyat deyil, qəzaya hazırlıqlı həyatdır” sloqanı altında maarifləndirici kampaniya başlayıb
Dövlət Sığorta Nəzarəti Xidməti bu gündən "Sığortalı həyat qəzasız həyat deyil, qəzaya hazırlıqlı həyatdır" sloqanı altında maarifləndirici kampaniyaya başlayıb. Bu münasibətlə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin təşəbbüsü ilə mətbuat konfransı keçirilib. SİA-nın xəbərinə görə, konfransda çıxış edən Maliyyə Nazirliyinin şöbə müdiri Mahir Abdullayev bildirib ki, Dövlət Sığorta Nəzarəti Xidməti Azərbaycanda sığorta fəaliyyətinə nəzarət edən dövlət orqanıdır. Hazırda Xidmət nəinki sığorta fəaliyyətinə nəzarət etməyi, həm də sığorta xidmətlərini təbliğ və təşviq etməyi və insanların sığortadan iqtisadi xidmət kimi maksimal faydalanmasını qarşısına məqsəd qoyub.
Nazirlik rəsmisi onu da diqqətə çatdırıb ki, bir çox xarici ölkələrdə insanların özləri sığorta şirkətlərinə müraciət edirlər, ancaq təəssüf ki, Azərbaycanda bu sahə istənilən səviyyədə inkişaf etməyib: "İnkişaf etmiş ölkələrin təcrübəsinə görə, sığorta bazarının inkişafı və insanların ondan tam bəhrələnməsi üçün iki istiqamətdə fəaliyyət göstərmək gərəkdir: "Birincisi, sığorta bazarının infrastrukturunun inkişafı üçün \"münbit mühitin yaradılması", ikincisi, əhalinin sığorta sahəsində savadlılıq səviyyəsinin artırılması."
Ölkədə sığorta bazarının infrastrukturunun inkişafına xüsusi diqqət yetirildiyini vurğulayan Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov bildirib ki, Azərbaycanda bu sahədə hüquqi infrastruktur yaradılıb: "Ölkədə kifayət qədər sığorta şirkəti fəaliyyət göstərir. Geniş əhali kütləsi arasında yayılmasına imkanlar yaradılır. Sözsüz ki, bundan yararlanmaq üçün istifadə qaydalarını bilmək lazımdır. Sığorta bazarının infrastrukturunu inkişaf etdirib maarifləndirməni kölgədə qoymaq bütün görülmüş işləri gərəksiz edir və ya əksinə, insanları savadlandırıb, sığorta bazarının infrastrukturunun dəstəyi unudulsa, sığortaya ehtiyac hiss edənlər bazarda tələb olunan sığorta məhsulu tapa bilməzlər."
Xidmətinin rəisi inkişaf etmiş ölkələrdə belə sığorta sahəsində bəzən müəyyən problemlərin yarandığını deyib: "Azərbaycanda sığortanın inkişafı üçün qanunvericilik üzrə bir çox problemlər həll olunsa da, bazarın inkişafı arzuolunan səviyyədə deyil. Bunun əsas səbəblərindən biri əhalinin sığorta məhsulları haqqında kifayət qədər məlumatlı olmamasıdır. Maliyyə Nazirliyi belə vəziyyəti aradan qaldırmaq məqsədilə vətəndaşların sığorta sahəsində maarifləndirilməsinə diqqəti artırmağı planlaşdırıb".
N. Xəlilov qeyd edib ki, insanların maarifləndirilməsi hərtərəfli müsbət nəticələr verir: "Bir tərəfdən insanlar sığorta haqqında nə qədər məlumatlı olsalar, ondan bir o qədər çox və səmərəli faydalana bilərlər. Digər tərəfdən isə tələbkar və sığortadan xəbərdar müştərilər şirkətləri rəqabətə daha davamlı olan təkliflər hazırlamağa vadar edəcəklər.
Bu məqsədlə Dövlət Sığorta Nəzarəti Xidməti AA&M advertising şirkəti ilə birlikdə təbliğat-təşviqat xarakterli TV çarxlar çəkib, video-təlimatlar hazırlayıb, maarifləndirici veb-portal yaradıb".
N. Xəlilov mayın 27-dən ölkədə maarifləndirici kampaniya başladıldığını diqqətə çatdırıb: "Sığortalı həyat qəzasız həyat deyil, qəzaya hazırlıqlı həyatdır" sloqanı altında keçiriləcək kampaniya ölkənin ən populyar kütləvi informasiya vasitələrini əhatə edəcək. Bu sloqan təsadüfi seçilməyib. Bir çox insanlar gözlənilməz hadisələr nəticəsində çətin maddi duruma düşürlər. Sığorta institutunun bütün dünyada məhz bu durumlar üçün müvəffəqiyyətlə fəaliyyət göstərməsinə baxmayaraq, bizim ölkədə belə problemlər qohumlara müraciət etməklə, bəzən isə əmlakı satmaqla, borc almaqla həll olunur. Fikrimizcə, insanların bu cür üsullara əl atması onların sığortanın üstünlüklərindən xəbərsiz olması ilə əlaqədardır. Bütün kampaniyanın məqsədi sığortanın bir iqtisadi xidmət növü kimi mahiyyətini insanlara başa salmaqdır".
"Bütün yaradılmış vəsaitlər vətəndaşların məlumatlandırılmasına və əlavə sualların yarandığı zaman rahat və tez cavab tapmasına xidmət edəcəkdir.
Əminik ki, planlaşdırılmış kampaniya əhalinin sığortadan daha geniş miqyasda faydalanması üçün də bünövrə rolunu oynayacaq", Xidmətinin rəisi Namiq Xəlilov deyib.
Daha sonra insanları maarifləndirmə məqsədilə çəkilən TV çarxlar və video-təlimatlar nümayiş etdirilib, jurnalistlərin çoxsaylı sualları ətraflı cavablandırılıb.
Xatırladaq ki, hazırda Azərbaycan Respublikasında 28 sığorta şirkəti fəaliyyət göstərir. Onlardan 3-ü həyat sığortası, qalan 25-i isə qeyri-həyat sığortası şirkətləridir. Həyat sığortası şirkətləri həyat sığortası sahəsində fəaliyyət göstərmək üçün lisenziyaya malik olan və həyat sığortası növləri üzrə sığorta müqaviləsi bağlamaq hüququ olan şirkətlərdir. Qeyri-həyat sığortası şirkətləri isə qeyri-həyat sığortası sahəsi üzrə lisenziyası olan və bu sahəyə aid növlər üzrə sığorta müqaviləsi bağlamaq hüququ olan şirkətlərdir.
Sığorta şirkəti (sığortaçı) sığorta müqaviləsi ilə öz üzərinə müqavilədə nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə sığorta ödənişini həyata keçirmək öhdəliyini götürür. Sığorta şirkətləri Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən sığorta fəaliyyətinə verilmiş lisenziya əsasında fəaliyyət göstərirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB