KTMT-dən əli üzülən Ermənistan BMT-yə müraciət etmək istəyir? - ANALİZ

KTMT-ni Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə görə hərəkətsizlikdə günahlandıran Paşinyan BMT Təhlükəsizlik Şurasına müraciət etmək imkanını nəzərdən keçirir

Son günlər Azərbaycan-Ermənistan sərhəddində erməni tərəfin törətdiyi təxribatlar və silahlı qüvvələrimizin bu təxribatlara layiqli cavab verməsi dünya mediasının və siyasi mərkəzlərin diqqət mərkəzindədir. Moskva-Baku Portalında yayımlanan “Moskva-Bakı. Bu gün" proqramında regionumuzda, həmçinin Azərbaycan-Ermənistan sərhəddində gedən proseslərlə bağlı maraqlı məqamlara toxunulub. Verilişdə qeyd olunan məqamları oxucularımızın nəzərinə çatdırırıq.

Yeni atəşlər və saxta xəbərlər

Bu gün Azərbaycan Müdafiə Nazirliyi bir bəyanat yayaraq mayın 24-dən 26-dək Azərbaycan ordusunun ölkənin Kəlbəcər və Gədəbəy rayonlarındakı mövqelərinin Ermənistanın Qeqarkunik rayonundan vaxtaşırı atəşə tutulduğunu bildirdi. Bundan əlavə, erməni tərəfinin Şuşa şəhərinin yaxınlığında yerləşən Azərbaycan postları istiqamətində avtomatik silahlardan havaya atəş açdığı bildirilir. Eyni zamanda, Azərbaycan Müdafiə Nazirliyi cavab atəşi açılmadığını və itkilərin olmadığını vurğuladı.

Dünən Ermənistan Müdafiə Nazirliyi, guya Ermənistanın Qeqarkunik rayonundakı sərhəddə Azərbaycan və Ermənistan tərəfləri arasında baş verən atışma nəticəsində müqaviləli hərbi qulluqçusunun öldüyünü elan etdi. Buna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan tərəfinin erməni mövqelərinə atəş etmədiyini və erməni hərbçisinin ölümü ilə heç bir əlaqəsinin olmadığını bildirdi. Bundan sonra Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanı vəziyyəti gərginləşdirməməyə çağırdı.

“Ermənistanın yaydığı başqa bir yalan, tərəflərin Silahlı Qüvvələri arasındakı hadisədən sərhəd keçid məntəqəsindəki vəziyyəti gərginləşdirmək üçün məqsədyönlü şəkildə istifadə etmək cəhdidir. Ermənistan tərəfini vəziyyəti yalan bəyanatlarla gərginləşdirməməyə, bu və digər məsələlərdə fikir ayrılıqlarını həll etmək üçün konstruktiv danışıqlar aparmağa çağırırıq”.

Bundan əlavə, bir gün əvvəl sosial şəbəkələrin erməni seqmentində Azərbaycan və Ermənistan sərhədçiləri arasındakı qarşıdurmanın videosu yayılıb. Video görüntülərə görə, təxribat məqsədi ilə böyük bir erməni əsgəri qrupu Azərbaycan postuna doğru irəliləyərək bitişik əraziyə nəzarəti ələ keçirməyə çalışdı. Beş azərbaycanlı sərhədçini mühasirəyə aldılar və ona qarşı amansız güc tətbiq etdilər. Azərbaycan KİV-lərinin hərbi mənbələrə istinadən verdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl Laçın rayonu ərazisindəki Azərbaycan-Ermənistan sərhədinin Zəngəzur istiqamətində baş verib.

Qeyd edək ki, bu hadisədən dərhal sonra Azərbaycan ordusunun bölmələri qəti cavab tədbirləri gördü, bundan sonra erməni tərəfi bu ərazidən geri çəkildi. Eyni zamanda, Azərbaycan hərbçiləri bir neçə daha sərfəli mövqedə möhkəmləndilər və əraziləri nəzarətə aldılar. Erməni sərhədçiləri silah və ləvazimatlarını qoyub getməyə məcbur oldular.

Ziddiyyətli bəyanatlar

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı hesab edir ki, Azərbaycanla Ermənistan arasındakı sərhəddə vəziyyətin kəskinləşməsi siyasi-diplomatik xarakterli təcili tədbirlərin qəbul edilməsini və iki ölkə arasındakı sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlərin həllini tələb edir. Bunu təşkilatın baş katibinin müavini Valeri Semerikov KTMT-nin Birgə Qərargahında məruzə ilə çıxış edərkən deyib.

Semerikov hesabatında KTMT-nin məsuliyyət zonasında və ətrafındakı ümumi hərbi-siyasi vəziyyəti qiymətləndirib. Xüsusilə, Cənubi Qafqazdakı vəziyyətə toxunan baş katibin müavini üçtərəfli bəyanatın imzalanmasından sonra Qarabağdakı vəziyyətin ümumən sabitləşdiyini bildirdi. Uzunmüddətli sülhün yaradılması perspektivi, onun fikrincə, Rusiya sülhməramlılarının yerləşdirilməsi və davam edən danışıqlar prosesi ilə gücləndirilir.

Eyni zamanda, Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan parlamentin bugünkü iclasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tənqid edərək, bütün böhran dövründə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı açıq mövqe bildirmədiyini söylədi.

“Qeyd etmək istərdim ki, indiyə qədər KTMT açıq bir mövqe bildirməyib, Azərbaycanın öz qoşunlarını Ermənistan ərazisindən çıxarmalı olduğunu bildirməyib. İş səviyyəsində bu mövqe səsləndirildi, ictimai məkanda yox"

Paşinyan bildirib ki, indi Ermənistan Azərbaycan-Ermənistan sərhədindəki problemlə əlaqədar BMT Təhlükəsizlik Şurasına müraciət etmək imkanını nəzərdən keçirir.

Xatırladaq ki, mayın 12-də rəsmi İrəvan Azərbaycan hərbçilərinin Ermənistanın dövlət sərhədini keçərək Qara göl yaxınlığındakı Sünik (Zəngəzur-red) bölgəsindəki ölkənin içərisinə doğru 3,5 kilometr irəlilədiyini elan etmişdi. Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-yə müraciət etdi və eyni zamanda, Rusiya prezidentindən hərbi yardım istədi, buna baxmayaraq, Moskva buna cavab olaraq "emosiyaları böyütməməyə" çağırdı, sərhəddəki vəziyyətin həllində Bakı və İrəvana yardım göstərməyi təklif etdi və Ermənistan- Azərbaycan Delimitasiya və Demarkasiya Komissiyası yaratmaq təşəbbüsü ilə çıxış etdi. KTMT də məsələnin siyasi və diplomatik yolla həll edilməli olduğunu bildirdi.

İnkişaf üçün effektli addım

İranla Ermənistan arasında Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisindən keçən dəmir yolu bağlantısı Tehran ilə İrəvan arasında iqtisadi əlaqələrin inkişafına kömək edəcəkdir. Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Ermənistan paytaxtında Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə bəyan edib.

İran xarici işlər naziri Tehranın bölgədə sülh yaranmasını istədiyini və bunun üçün "vacib ikitərəfli və regional məsələləri" həll etmək lazım olduğunu bildirdi.

İran xarici işlər naziri ilə Ermənistan Baş naziri arasındakı görüşdə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət də müzakirə edildi. Zərif bununla əlaqədar olaraq dünən "Azərbaycan Prezidenti ilə çox ətraflı və mənalı bir söhbət" etdiklərini vurğuladı və Nikol Paşinyanla görüşün "böhranın sülh yolu ilə həllinə kömək edəcəyinə" ümid etdiyini bildirdi.

Xatırladaq ki, Azərbaycana səfər edən İran xarici işlər naziri Məhəmməd Cavad Zərif prezident İlham Əliyev tərəfindən qəbul edilib. Danışıqlarda İran xarici işlər naziri Azərbaycan liderini torpaqların azad edilməsi münasibətilə təbrik etdi və eyni zamanda Tehranın Bakının bölgədə davamlı sülh yaratmaq üçün İrəvanla əlaqələr qurmaq niyyətini yüksək qiymətləndirdiyini vurğuladı.

Sülh müqaviləsi mümkündür

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla suverenliyin və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması ilə bağlı sülh müqaviləsi imzalamağı mümkün sayır. C. Bayramov bu dünən Vyanada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Daimi Şurasının xüsusi iclasında çıxış edərkən dilə gətirdi.

Xarici işlər nazirinin sözlərinə görə, Qarabağın işğaldan azad edilməsi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına şərait yaradır.

Nazir çıxışında Qarabağın bərpası və reinteqrasiyası mövzusuna toxundu, Azərbaycanın bu istiqamətdə ATƏT-in icra strukturları ilə əməkdaşlığını davam etdirəcəyini bildirdi və eyni zamanda Qarabağ münaqişəsinin həllinin sülh üçün yeni perspektivlər yaratdığına diqqət çəkdi və qeyd etdi ki, ATƏT bölgədəki təhlükəsizlik və əməkdaşlıq prosesinə töhfə verə bilər”.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti Şura iclasında bölgədəki nəqliyyat və iqtisadi kommunikasiyaların blokdan çıxarılmasının xüsusi əhəmiyyət kəsb etdiyi vurğulandığını da qeyd etdi. Bundan əlavə, iclas iştirakçıları Azərbaycan-Ermənistan sərhədindəki gərginliyin danışıqlar yolu ilə həll edilməsinin vacibliyini qeyd etdilər.

Minalanmış sahə

Azərbaycanın minalanmış ərazisi Şimali və Cənubi Koreya arasındakı bütün təmizlənmiş ərazilərdən daha böyükdür. Bu barədə Fransanın Azərbaycan Respublikasındakı səfiri Zakari Qross bu gün öz “Twitter” səhifəsində bildirib.

Diplomat, işğaldan azad edilmiş minalanmış Azərbaycan torpaqlarının çox böyük bir ərazi olduğunu vurğuladı.

Bundan əvvəl Qros dəfələrlə Azərbaycanın azad edilmiş ərazilərinin təmizlənməsinin zəruriliyi barədə məsələ qaldırmışdı. Diplomat həmçinin bir fransız diplomatı kimi, fevral ayında Azərbaycan və Ermənistanın Ottava Minalarının Qadağan edilməsi üzrə Konvensiyaya qoşula biləcəyi fikrini bildirmişdi.

Eyni zamanda, Türkiyə Müdafiə Nazirliyi bu gün Türkiyə tərəfinin minaların təmizlənməsi üçün 5 ədəd mexaniki texnikanın Azərbaycana təhvil verildiyini bildirdi. Nazirlik "Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin texnikanın istismarı ilə bağlı təlimləri başa vurduqlarını və müvafiq sertifikatları aldıqlarını"-bildirdi.

Xatırladaq ki, Azərbaycan tərəfi mütəmadi olaraq Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməməsi problemini gündəmə gətirir, bununla əlaqədar həm hərbi qulluqçular, həm də mülki şəxslər mina partlaması nəticəsində ölür.

Bu gün azərbaycanlı, rus və türk mütəxəssislər Qarabağ münaqişəsi zonasında minaların təmizlənməsi ilə məşğuldurlar.

Müəllif- Anna Nemolyakina

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarının müdafiəsi" istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə