"Beynəlxalq müstəvidə əməkdaşlıq regional inkişafın şərtidir" - MƏQALƏ
Ermənistanla Azərbaycan arasında 44 gün davam etmiş müharibə Cənubi Qafqaza tektonik dəyişikliklər gətirdi. Azərbaycan 44 gün ərzində təkcə hərb meydanında yox, siyasət, diplomatiya və informasiya savaşında da öz sözünü dedi. Prezident İlham Əliyevin çoxşaxəli intensiv fəaliyyəti böyük dəyişikliklərə səbəb oldu. Azərbaycanın haqlı qələbəsi ilə nəticələnən İkinci Qarabağ müharibəsi artıq region üçün yeni yanaşma yaratdı. Belə ki, Cənubi Qafqazda fəal əməkdaşlıq və inteqrasiya mühiti yaradılması zərurətə çevrildi. Düzdür, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında illərdir ki, iştirak edir. Bu istiqamətdəki layihələrdən “Cənub Qaz Dəhlizi"nin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Qaz Boru Kəməri, TANAP və TAP vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir. Azərbaycan hər zaman beynəlxalq maliyyə institutları ilə fəal əməkdaşlıq edib. Cənub Qaz Dəhlizi layihəsini həyata keçirərkən bütün əsas beynəlxalq maliyyə institutları bizim tərəfdaşlarımız idi. Bu təbiidir, əlbəttə ki, iqtisadi layihələr regional əməkdaşlığı qaçınılmaz edir. Aparılan enerji və nəqliyyat layihələri Gürcüstan və Azərbaycana əlavə maliyyə ehtiyatları gətirməklə yanaşı ölkələrimizin beynəlxalq tərəfdaşlar qarşısında əhəmiyyətini artırmağa da imkan yaradıb. Bu gün Cənubi Qafqazda əlimizdə olanların təməli bizim birgə səylərimiz sayəsində qoyulub. Azərbaycan toqquşma məkanı deyil, əməkdaşlıq yeri olmalıdır
Hazırda Azərbaycan Çinin təşəbbüsü ilə gerçəkləşən “İpək Yolu iqtisadi kəməri” layihəsinin iştirakçısıdır. 2015-ci ilin dekabrında Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviq edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Çin şirkətləri bizim enerji sektoruna sərmayə yatıranlardandır. Hesab edirik ki, enerji sektorumuzda Çin şirkətləri daha da geniş təmsil oluna bilər. Azad edilmiş ərazilərdə infrastruktur layihələri bir nömrəli prioritetdir və ümid edilir ki, bir çox Çin şirkəti bizimlə çalışmaq arzusunda olacaq.
Beynəlxalq əməkdaşlıq imkanlarımız bunlarla tamamlanmır. Azərbaycan-ABŞ münasibətlərinin də bu əsnada böyük potensialı və perspektivi var. Əməkdaşlıq sahələrinə enerji təhlükəsizliyi ilə yanaşı müasir texnologiyalar və ticarət də daxildir. Azərbaycan eyni zamanda ABŞ hərbi avadanlığınada çıxış əldə etmək istəyir və bu daha çox ABŞ-ın gündəliyindən asılıdır.
Azərbaycan-İsrail münasibətləri də təkcə ticarət əlaqələri üzərində qurulmayıb. Azərbaycandaregionun ən fəal və çoxsaylı yəhudi icması mövcuddur, eynilə də Israildə yəhudi-azərbaycanlı icması var. Əlbəttə ki, İsraillə əməkdaşlığımızın vacib sahələrindən biri müdafiə sənayesidir. Bu əməkdaşlıq uzun illərdir davam edir.
Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri 1991-ci ildə yaranmışdır, 1996-cı ildə imzalanmış tərəfdaşlıq və əməkdaşlıq sazişi siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədəniyyət sahəsində əməkdaşlığı əhatə etmişdir. Avropa İttifaqı regionda münaqişədən sonrakı inkişafda çox böyük rol oynaya bilər, çünki Cənubi Qafqazın 3 ölkəsi ilə Avropa İttifaqının çox geniş əməkdaşlıq gündəliyi var: işğaldan azad olunmuş ərazilərdə elektrikləşmə işləri tamamlanmalı, magistral yollar inşa edilməli, “yaşıl enerji” zonası, müasir infrastruktur yaradılmalıdır.
Regionda daim sülhü və əmin-amanlığı dəstəkləyən Azərbaycandan fərqli olaraq rəsmi Irəvanın işğalçı siyasəti Ermənistanı tənəzzülə apardı. 30 il çəkən işğal faktı səbəbindən Azərbaycan öz mövqeyini birmənalı şəkildə bəyan etdi ki, Ermənistanla biz ərazilər azad olunmayana qədər əməkdaşlıq etməyəcəyik. Əlbəttə ki, bu bizim üçün ciddi itki deyildi. Lakin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqaz regionunda sabitlik, təhlükəsizlik və iqtisadi inkişaf üçün maneəidi. Amma bu, Ermənistanın özü üçün ağır nəticələrə səbəb oldu. Faktiki olaraq işğalçılıq siyasəti Ermənistanı regional enerji layihələrindən kənarda qoyub və iqtisadi inkişafının önündə böyük maneələr yaradıb. Təbii ki, iqtisadi iflasla yanaşı, ölkə daxilində mövcud sosial böhran fonunda miqrasiya da geniş vüsət alıb. Ermənistanın işğalçı mövqeyi hazırki erməni cəmiyyətinin daxili ehtiyatlarını da heçə endirir. Nəticədə Ermənistan asılı dövlət kimi yenə də asılılığını davam etdirməkdədir. Zəif hakimiyyət isə nə iqtisadi- siyasi islahatlar aparmaq, nə də müasir dövlət qurmaq iqtidarında deyil. Bu səbəbdən təcavüzkar ölkənin kənar qüvvələrin diktəsilə hərəkətə davam edəcəyi qaçılmaz olacaq.
İşğaldan azad edilmiş ərazilər erməni vandalizminin canlı şahididir. Azərbaycanın işğal altında olan torpaqlarında erməni qəsbkarları 30 il ərzində görünməmiş talançılıqla məşğul olub, ağlasığmaz vandalizm aktları həyata keçiriblər. Ermənistan hərbi-siyasi rəhbərliyinin Azərbaycan xalqına məxsus tarix və mədəniyyət abidələrinin dağıdılması, mənimsənilməsi və öz tarixi təyinatına uyğun olmayan şəkildə istifadəsinə görə məsuliyyətə cəlb olunacağına və layiqli cəzalarını alacaqlarına tam əminik.
Bununla yanaşı gələcək naminə yeni əməkdaşlıq gündəliyi müəyyən olunmalıdır. Regionun xalqları birgə yaşamanı öyrənməlidir. Düzdür, bu mövzuda emosiyalarsız hərəkət etmək hər iki tərəf üçün çətindir. Xüsusilə də bizlər yerlə yeksan olmuş torpaqlarımızı gördükcə qəzəbimizə hakim ola bilmirik. Lakin əziyyət çəkmiş tərəf olsaq da, dəfələrlə bəyan etmişik ki, yeni səhifə açılsın, keçmiş yox, gələcək haqqında danışılsın. Azərbaycan bu istiqamətdə çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış edib və bu təşəbbüslər 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatda da əks olunub. Bu, xüsusən də, kommunikasiyaların və yeni daşıma dəhlizlərinin açılması ilə bağlıdır. Layihənin həyata keçirilməsi ilə bağlı iş artıq başlayıb. Bu ərazilərdə böyük təbii potensial var – böyük sümüklərin qeydiyyatı, meşə fondu, nadir flora və fauna. Onların da bərpası tezliklə reallaşacaq. Ərazinin iqlimi, torpaq fondu buradan həm aqrar, həm sənaye, həm də turizm üçün böyük perspektivlər açır. Azad olunmuş ərazilər “yaşıl enerji” zonası elan edilib və orada əsasən bərpaolunan enerji mənbələrindən – su, günəş və külək enerjisindən istifadə ediləcək. Qarabağ ərazisində 10-dan çox su elektrik stansiyası yaratmaq planlaşdırılır. İranla Azərbaycan sərhədindəki iri su anbarında böyük potensial var. Ötən il müharibədən əvvəl biz 2 elektrik stansiyası – ümumi gücü 440-480 meqavat olan 1 günəş və 1 külək enerji stansiyası tikmək üçün bərpa olunan enerji üzrə dünyanın iki aparıcı şirkəti – Səudiyyə Ərəbistanın “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri ilə 2 investisiya razılaşması imzaladıq. İnvestisiyalar 100 faiz şirkətlər tərəfindən qoyulacaq və indi biz artıq Qarabağ üçün baş planın, “yaşıl enerji” zonasının icrası mərhələsindəyik. Başdan-başa viranə qoyulmuş o yerlərdə insanlar yalnız köklü quruculuq işləri aparıldıqdan sonra yaşaya bilərlər. Ona görə indi ərazilərin minalardan təmizlənməsi ilə paralel şəkildə ziyanın qiymətləndirilməsi aparılır. Ərazilərin partlamamış silah-sursatla dolu olması iqtisadi layihələrin sürətlə reallaşdırılmasında əlavə çətinlik yaradır. Ermənistan bizə minaların xəritəsini verməkdən imtina edir.
Son illərdə Cənubi Qafqaz regionunda baş verən kəskin dəyişikliklər, əlbəttə ki, yeni yanaşmaları tələb edir və Azərbaycan bu sahədə hər zamankı kimi firavan gələcək naminə əməkdaşlıqlara açıqdır. Bu əməkdaşlıq perspektivlərinin Azərbaycana, o cümlədən regiona müsbət təsirinə heç bir şübhə yoxdur.
Xalidə Əliyeva
Bakı şəhəri 149 nömrəli tam orta məktəbin müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB