Şərqin ilk demokratik respublikası - Azərbaycan Xalq Cümhuriyyəti

Şərqin ilk demokratik respublikası - Azərbaycan Xalq Cümhuriyyəti

Prezident İlham Əliyev: “Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü Azərbaycan dövləti xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi”

Bəli, bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan dövləti - Qalib Sərkərdə Prezident İlham Əliyevin “Dəmir yumruq” siyasətinin gücü ilə Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərinin birliyi və qəhrəmanlığı ilə xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi.

Prezident İlham Əliyev 28 May - Respublika Günü ilə bağlı paylaşım edib

Paylaşımda dediyi kimi: “Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü Azərbaycan dövləti xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi. Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq”.

Ulu Öndər Heydər Əliyev: "Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu"

Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il ötür. Azərbaycan tarixinin şanlı səhifələrindən olan, xalqımızın milli azadlıq mücadiləsinin məntiqi nəticəsi sayılan və müasir dövlətçilik tariximizdə önəmli yerə malik olan və 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olmaqla yanaşı, xalqımızın tarixində mühüm bir hadisə idi. Belə ki, əsrlər boyu müstəqillik arzusu ilə yaşayan xalqımız nəhayət ki, öz müstəqil dövlətinə sahib oldu. Çətin beynəlxalq şəraitdə müstəqilliyini elan etmiş və hərbi köməyə böyük ehtiyacı olan Azərbaycan Xalq Cümhuriyyəti ilk addım kimi Türkiyə ilə müqavilə bağlamağı qərara almışdı. Belə ki, 1918-ci il iyunun 4-də Batumda Osmanlı Türkiyəsi ilə Azərbaycan Respublikası arasında dostluq müqaviləsinin imzalanması Azərbaycan xalqı üçün həyati əhəmiyyətli sənəd olmaqla yanaşı, Cümhuriyyət hökumətinin imzaladığı ilk dövlətlərarası müqavilə idi. İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə, bütün Şərqdə ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun-parlamentli respublikanın yaradılacağından xəbər verirdi. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində göstərilirdi ki, artıq Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tamhüquqlu müstəqil bir dövlətdir. Müstəqil Azərbaycan dövlətinin idarə forması isə Xalq Cümhuriyyətidir. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir: "Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır. Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur".

AXC Türk dünyasında ilk dünyəvi dövlət kimi tarixə düşdü

23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti böyük dövlətçilik tarixinə sahib olan Azərbaycanın həyatında mühüm rola malik oldu. 1918-ci ilin 28 Mayında Şərqin ilk demokratik respublikası kimi yaradılan AXC Türk dünyasında ilk dünyəvi dövlət kimi tarixə düşdü. Cəmi 23 ay yaşayan Cümhuriyyət dövlət quruculuğu sahəsində mühüm qərarları ilə yadda qaldı. 1918-ci il iyunun 26-da Xalq Cümhuriyyətinin hökuməti Azərbaycanın ilk Milli Ordu hissəsinin - əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul etdi. Həmin dövrdə Cümhuriyyət hökumətinin tabeliyində olan hərbi qüvvələr türk (Osmanlı) ordu hissələri ("Qafqaz İslam Ordusu") ilə birlikdə Nuru paşanın komandanlığı altında "Bakı Kommunası"nın qoşunları ilə qızğın döyüşlər aparırdı. Cümhuriyyətin Hərbi Nazirliyinin təşkili barədə qərar bir qədər sonra - avqustun 1-də verildi. Nazirlik özü isə 1918-ci ilin dekabrında fəaliyyətə başladı. Keçmiş çar Rusiyası ordusunun generallarından Səməd bəy Mehmandarov hərbi nazir, Əliağa Şıxlinski hərbi nazirin müavini təyin edildilər. Həmin ayın 27-də isə Azərbaycanın tarixində ilk dəfə olaraq Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında qərar qəbul olundu. 2 iyul 1918-ci il tarixdə isə Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri və daxili işlər naziri Fətəli xan Xoyski ölkədə ilk polis bölümünün yaradılması barədə əmr verdi. Bununla da Azərbaycan polis orqanlarının əsası qoyuldu. 1918-ci il noyabrın 9-da Azərbaycanın indiki üçrəngli dövlət bayrağı qəbul edildi. Eyni zamanda, Azərbaycan vətəndaşları haqqında qanun da qəbul olundu.

Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ayda həm də xalqımızı dünyaya tanıtmaqla mühüm bir tarixi missiyanı yerinə yetirmiş oldu. Bu mənada, yürüdülən xarici siyasətinin ən önəmli uğurlarından biri kimi Versal Ali Şurası tərəfindən 1920-ci ilin yanvarında Azərbaycanın de-fakto müstəqil dövlət kimi tanınmasına nail olunması xüsusi qeyd edilməlidir. Artıq 1919-cu ilin sonlarında Azərbaycan Xalq Cümhuriyyəti 20-dən çox ölkə ilə diplomatik əlaqələr yaratmışdı.

Milli istiqlaliyyətə vurulan zərbə və AXC-nin süqutu

Bütün bunlara baxmayaraq, Azərbaycan daha bir işğal faktı ilə üz-üzə qaldı. 27 aprel 1920-ci il tarixdə bolşevik Rusiyasının XI Ordusu Bakıya daxil oldu. Bu vaxt Xalq Cümhuriyyətinin ordu hissələri Qarabağda və Gəncəbasarda qiyamçı erməni qüvvələri ilə döyüşdə idi, azsaylı sərhəd qoşunları isə rus ordusuna müqavimət göstərə bilməmişdi. Bolşevik rəhbərliyi - Azərbaycan K(b)P MK və Rusiya K(b)P Qafqaz Diyar Komitəsinin Bakı Bürosu hakimiyyəti təhvil vermək barədə Xalq Cümhuriyyətinin parlamentinə ultimatum verdi. Meydana çıxmış situasiyanı dəyərləndirən parlament gərgin müzakirələrdən sonra ultimatumla razılaşdı və hakimiyyətin kommunistlərə verilməsi barədə qərar qəbul edildi. Parlamentin qərarında Azərbaycanın istiqlaliyyətinin və ərazi bütövlüyünün qorunması, Milli Ordunun saxlanılması, siyasi partiyalara fəaliyyət azadlığı, Cümhuriyyətin dövlət xadimlərinə təqiblərin olmaması barədə şərtlər yer almışdı. Lakin bolşeviklər sonradan bu şərtlərin heç birinə əməl etmədi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində 1920-ci ilin aprel ayının 28-də süqut etdi.

Ulu Öndər Heydər Əliyev: “Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu”

Tarix hər zaman ədalətin gec də olsa, bərpa olunması ilə təkrarlanıb. XX əsrin əvvəlində xalqımız qarşısında tarixi əhəmiyyət kəsb edəcək işlər görməyi qarşısına məqsəd qoyan Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 71 il sonra xalqımız bir daha müstəqillik əldə etdi. Məlum olduğu kimi, 1991-ci il oktyabrın 18-də qəbul olunan Konstitusiya Aktında Azərbaycan Respublikasının AXC-nin siyasi varisi olması elan olundu. Bəzən "tarix təkrar olunur" deyirlər və 1993-ci ildə də tarixin təkrar olunmaması, müstəqilliyin itirilməməsi üçün xalqımız Ulu Öndər Heydər Əliyevi Azərbaycanda siyasi hakimiyyətə yenidən qayıdışı və Onun müəyyənləşdirdiyi strateji kurs sayəsində siyasi, hüquqi, iqtisadi, sosial, mədəni, ideoloji və digər sahələrdə əldə edilən nailiyyətlər Azərbaycanı müasir, müstəqil və güclü milli dövlətə çevirdi. Müasir, müstəqil dövlət kimi çıxış edən ölkəmiz özünün tərəqqisi ilə milli inkişafın Azərbaycan modelinin əsasını qoydu. Ümummilli Lider Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin müstəqillik tarixində mühüm yerə malik olduğunu bildirirdi. Ulu Öndər, həmçinin, bəyan edib ki, AXC-nin qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxıb, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynayıb: "Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu".

Əsası ümumilli lider tərəfindən qoyulmuş və hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurlu həyata keçirilən xarici siyasət strategiyası dövlətlərarası əlaqələrə daha yaxından qatılaraq regionda, eləcə də dünyada baş verən əsas iqtisadi, siyasi və mədəni proseslərdə Azərbaycan dövləti layiqincə təmsil olunur, öz mövqeyini bildirərək mənafelərini qoruyur. Ölkə daixilində gedən demokratik proseslər və iqtisadi yüksəlişlə yanaşı, uğurlu xarici siyasət bu gün dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların diqqətini Azərbaycana yönəltmiş və bu da beynəlxalq hüquq normalarına uyğun qarşılıqlı faydalı əməkdaşlığın yaranmasına və inkişafına əlverişli zəmin yaratmışdır.

Bu gün ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu novatarcasına, dinamik şəkildə və çox uğurla davam etdirən Prezident İlham Əliyev çıxışlarında AXC-nin Azərbaycan xalqı üçün tarixi hadisə olduğunu bildirmişdir: "Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Xalqımız üçün tarixi hadisə idi. Ona görə ki, Azərbaycan xalqı əsrlər boyu arzuladığı müstəqilliyə qovuşurdu".

Zəfər Günün mübarək, Azərbaycan!

Bəli, Ermənistanın ardıcıl təxribatları və hərbi təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı Ermənistanın otuz ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoymaq və torpaqlarımızı düşmən tapdağından azad etmək uğrunda 44 gün davam edən Vətən Müharibəsi əsası ümumilli lider tərəfindən qoyulmuş və hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurlu həyata keçirilərək Qələbə ilə başa çatdı. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında» 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-nin Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alındı.

Bəli, 30 il arzusunda olduğumuz Qarabağ həsrətə 8 noyabr, 2020-ci il Şuşanın azad olunduğu və onun ardınca 10 noyabrda son qoyulduğu gün aldıq! 8 noyabr - 10 noyabr tarixi günləri xalqımıza yaşadan Azərbaycan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev, Şanlı Azərbaycan Ordusu, Rəşadətli əsgər və zabitlərimiz bəxş etdi. Yaşa, Prezidentimiz! Yaşa, Güclü Ordumuz! Yaşa, Rəşadətli əsgər və zabitlərimiz!

8 noyabr – Ata vəsiyyəti - oğul hesabatı günü

2020-ci il, 8 noyabr. Azərbaycan tarixində ən böyük qələbə. 28 ildir ki, şuşalıların gözlərində olan kədər bu tarixi gün sevinc yaşları ilə əvəzləndi... Bu göz yaşlarını tək şuşalılar yox, bütün türk dünyası, regionlarımızın rayon və şəhərlərinin sakinləri yaşadı. 1992-ci il 8 may – 2020-ci il 8 noyabr. İşğal və Qələbə. Bir faktı vurğulamaq lazımdır ki, tarix qalibləri mühakimə etmir, həm də bu qalib haqq işi uğrunda qələbə qazanırsa! Bəli, 8 noyabrda Ali Baş Komandanımızın, Müzəffər Ordumuzun və Rəşadətli əsgər və zabitlərimizin şücəati ilə 8 noyabrda göz bəbəyimiz Şuşamız işğaldan azad olundu. Üçrəngli Bayrağımız artıq Şuşamızda dalğalanmaqdadır. 8 noyabr - Şanlı Qələbəmizin, Zəfərimizin günü - Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü Azərbaycan dövləti xalqımızın müstəqillik arzularını gerçəkləşdirdiyi gündür.

“Şuşasız Qarabağ, Qarabağsız Şuşa yoxdur” deyən Ulu Öndər Heydər Əliyevin bu arzusunu bu gün Prezident İlham Əliyev “Şuşasız işimiz yarımçıq qalar” deyərək reallaşdırır. Onun siyasətinin layiqli davamçısı, Azərbaycan xalqının mərd oğlu Qalib Sərkərdə İlham Əliyevin dediyi kimi - Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü Azərbaycan dövləti xalqımızın müstəqillik arzularını gerçəkləşdirdiyi gündür. Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq.

Budur, Azərbaycan Prezidenti, Ali Baş Komandanımızın diplomatik siyasəti! Budur, xalqının Prezidenti olmaq! Budur, Liderlik missiyası!

Bəli, bu gün Ali Baş Komandanımız, Prezident İlham Əliyev bu tarixi qələbəni bir daha əbədiləşdirdi. Ali Baş Komandanımız Prezident İlham Əliyev cənablarının 28 May - Respublika Günü ilə bağlı paylaşımda dediyi kimi: «Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan bugünkü Azərbaycan dövləti xalqımızın müstəqillik arzularını gerçəkləşdirdi. Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi yaşayacaq».

Respublika Günün mübarək, Azərbaycan! Qarabağ Azərbaycandır!

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə