Ermənistanın KTMT-dən narazılığı fonunda atacağı addımlar nə ola bilər? - EKSPERT RƏYİ

Ermənistanın KTMT-dən narazılığı fonunda atacağı addımlar nə ola bilər? - EKSPERT RƏYİ

“Bundan öncə Rusiyanın münaqişənin davam etməsində maraqlı olmasının səbəbi o idi ki, bu yolla həm regionda qalmış olacaqdı, həm silah satışı ilə iqtisadi gəlir əldə etmiş olacaqdı, həm də Naxçıvanla yolun kəsilməsi (Türk yolu) və beləcə enerji layihələrinin baş tutmamasıdan yararlanacaqdı. Lakin Azərbaycan alternativ yollarla bu enerji layihələrini icra etdi, Rusiyanın rolunu azaltmış oldu. Türkiyənin də bölgədə, bütövlükdə dünyada qazandığı supergüc imici Rusiyanın münaqişənin dondurulmuş vəziyyətdə qalması üçün sərf etdiyi səylərini azaltmasına şərait yaratdı”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Züriyə Qarayeva deyib.

Ekspertin sözlərinə görə, münaqişədə Rusiyanın kənarda dayanması, onu Cənubi Qafqazda tək rıçağı olan Ermənistanı itirmə təhlükəsi ilə üz-üzə qoydu: “Bu baxımdan Moskva administrasiyası delimitasiya-demarkasiya prosesinin maksimum şəkildə Paşinyanın hakimiyyətdə olduğu dönəmdə icra olunmasının tərəfdarı olaraq erməni xalqına Qərbin təyin etdiyi kadrın nə cür bərbad siyasət yürütdüyünü göstərməyə çalışır. Paşinyan isə Rusiyanın bu cür hiyləgər siyasətini yaxşı başa düşdüyü üçün KTMT silahından istifadə etməyə cəhd göstərir. Öz hüquqi sərhədlərimizi heç bir beynəlxalq prinsipləri pozmadan bərpa etməyə çalışdığımız halda, Ermənistanın baş naziri məqsədli şəkildə Rusiyaya, KTMT rəhbərinə müraciətlər edərək öz elektoratını inandırmağa çalışır ki, ölkəsinin məruz qaldığı məğlubiyyətin tək günahkarı Rusiyadır. Bundan sonrakı planlara gəlincə isə, Paşinyan hakimiyyətə gəldiyi gündən bəri icra etdiyi iki masada əyləşmək taktikasının öz ölkəsini kollapsa götürdüyünü anladı. Bu yolla Qərbin dəstəyini qazanaraq yenidən hakimiyyətə gələrsə, Rusiyadan tamamilə qurtulmaq, hərbi bazalarını ölkəsinin ərazisindən çıxarmaq və siyasi istiqamətini qərbə yönləndirməyi planlaşdırır”.

Z.Qarayeva vurğulayıb ki, ümumiyyətlə, regionda proses ona doğru gedir ki, Türkiyə bölgədə öz varlığını sürdürəcək: “Türk xətti deyilən Naxçıvan dəhlizi açılacaq. Bunun üçün yeni avtomobil və dəmir yolları çəkiləcək.Türkiyənin həm Turan ölkəsi kimi, həm NATO ölkəsi kimi, həm də regionun söz sahibi olan müsəlman ölkəsi kimi ölkəmizə yerləşməsi isə, 1) qüvvələr nisbətini tarazlayacaq, 2) Azərbaycanın ərazi bütövlüyü qarantiya altına alınmış olacaq, 3) Azərbaycanın suveren hüquqları Xankəndi daxil olmaqla bütün Qarabağa şamil olunacaq, 4) Monitorinq mərkəzindən Laçın koridoru ilə hər iki istiqamətə kimlərin getdiyinə və nələrin daşındığına Türkiyə vasitəsi ilə nəzarət olunacaq, 5) Naxçıvan dəhlizi Tük dünyasına, onun tərkib hissəsi olan Azərbaycana əlavə iqtisadi, geosiyasi, strateji, maddi və mənəvi dividentlər gətirəcək”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə