Zamanın sınaqlarından çıxan əməkdaşlıq- Belarus-Azərbaycan etibarlı tərəfdaş
Prezident İlham Əliyev: “Bu gün Belarus və Azərbaycan qarşılıqlı fəaliyyətin, əməkdaşlığın yüksək səviyyəsini nümayiş etdirir”
Bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiq olan, haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası yolunda, Güclü Orduya, iqtisadi gücə malik olan ölkə kimi tanınır, sözünə etibar olunur. Və bunun nəticəsidir ki, Azərbaycanın dünyadakı dostlarının sayı artmaqdadır, həmçinin, beynəlxalq təşkilatlarda fəaliyyəti çox müsbətdir. Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycanın bu sevincinə şərik olan Azərbaycan-Belarus əlaqələrinin inkişafı və münasibətlərin yüksək səviyyədə olması beynəlxalq arenada da özünü göstərir. Bu, ilk növbədə Prezident İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında mövcud dostluq əlaqələrinin nəticəsidir. İqtisadi əlaqələrimiz ildən ilə sürətlənir. Hətta pandemiya dövründə iki ölkə arasında əməkdaşlıq imkanları genişlənir.
Qeyd edək ki, iki ölkə arasında diplomatik əlaqələr 1993-cü ildə qurulub və Azərbaycan-Belarus münasibətləri hazırda özünün ən yüksək zirvəsinə çatıb. Bir-birindən kifayət qədər coğrafi uzaqlıqda yerləşmələrinə, ayrı-ayrı mədəniyyətlərin daşıyıcıları olmalarına baxmayaraq, bu iki dövlət bir-birinin etibarlı tərəfdaşı və yaxın dostudur. Əlaqələrin inkişaf dinamikasına nəzər saldıqda aydın olur ki, müxtəlif sahələri əhatə edən münasibətlər qarşılıqlı faydalı əməkdaşlığa və strateji tərəfdaşlığa əsaslanır. Ən əsas məqam isə ondan ibarətdir ki, iki dövlət arasında əlaqələrin bu səviyyəyə çatmasında dövlət başçılarının şəxsi dostluq münasibətləri əvəzsiz rol oynayır. İndiyədək dövlət başçıları dəfələrlə qarşılıqlı rəsmi və işgüzar səfərlər ediblər. Bu səfərlər ilk növbədə prezidentlər arasında olan dostluğun və strateji xarakter daşıyan Belarus-Azərbaycan əməkdaşlığının yüksək məzmun və mahiyyətinin təsdiqidir.
Azərbaycan-Belarus prezidentlərinin qarşılıqlı səfərləri iki ölkə arasında münasibətlərin dinamik inkişafından xəbər verir. Bu baxımdan da, istər bu yaxınlardı, yəni aprelin 14-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri, istərsə də may ayının 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının müdafiə naziri Viktor Xrenini qəbulu zamanı keçirilən görüşlər bir daha Azərbaycan-Belarus aravsında əməkdaşlığın zamanın sınağından çıxdığının realllığıdır.
“Bizdə bütün istiqamətlər üzrə işlər yaxşı gedir. Prezident Aleksandr Qriqoryeviç Lukaşenkonun Azərbaycana bu yaxınlardakı səfəri bunu bir daha təsdiq etdi”
Azərbaycan Prezidenti İlham Əliyev Belarusun müdafiə naziri Viktor Xrenini qəbul edərkən bildirmişdir: “Əminəm ki, səfəriniz uğurlu olacaq. Hərbi sahədə əməkdaşlığımızla bağlı məsələləri həmkarınızla ətraflı müzakirə edəcəksiniz. Bizdə bütün istiqamətlər üzrə işlər yaxşı gedir. Prezident Aleksandr Qriqoryeviç Lukaşenkonun Azərbaycana bu yaxınlardakı səfəri bunu bir daha təsdiq etdi”.
Prezident İlham Əliyev onu da bildirib ki, Prezident Aleksandr Qriqoryeviç Lukaşenkonun Azərbaycana bu yaxınlardakı səfəri bir daha bu münasibətlərin daha da sıx olacağını deyib: “Biz onunla çox ətraflı söhbət etdik, ikitərəfli münasibətlərin geniş gündəliyinə dair danışıqlar apardıq, o cümlədən ölkələrimiz arasında artıq qədim tarixə malik olan hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə etdik. Bu istiqamətdə, həmçinin bütün başqa istiqamətlərdə əməkdaşlığı davam etdirmək əzmindəyik. Ona görə ki, bu gün Belarus və Azərbaycan qarşılıqlı fəaliyyətin, əməkdaşlığın yüksək səviyyəsini nümayiş etdirir”.
“Mən Belarus şirkətlərini Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında iştiraka dəvət etmişəm”
Qeyd edək ki, Azərbaycan dövlətinin elan etdiyi prioritetlərdən biri işğaldan azad edilmiş torpaqlarımızın bərpası və yenidən qurulmasıdır. Artıq bu istiqamətdə bir neçə aydır ki, infrastruktur layihələrinin icrasına başlanılıb. İşğaldan azad olunmuş rayonlarımızda yeni yollar çəkilir, enerji təminatı yaradılır. Prezident İlham Əliyevin indiyədək bir neçə dəfə Qarabağ bölgəsinə səfər etməsi göstərir ki, bütün bu məsələlər dövlət başçısının xüsusi nəzarətindədir.
İkinci Qarabağ müharibəsində Azərbaycanın Qələbəsi və işğal edilmiş ərazilərin geri qaytarılması sayəsində bir çox dövlətlərin ölkəmizə marağı daha da artıb. Onlar Ermənistan tərəfindən dağıdılmış ərazilərin yenidən qurulmasında iştirak etməyə çalışırlar. Lakin dövlətimiz dost və tərəfdaş ölkələrin Qarabağın bərpasında iştirak etməsində maraqlıdır. Belarus Prezidenti də ölkəsinin postmünaqişə dövründə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası prosesində iştirakının tərəfdarıdır. Təsadüfi deyil ki, Aleksandr Lukaşenkonun Azərbaycana səfəri zamanı Belarusun da azad olunmuş ərazilərimizin yenidən qurulmasında iştirakı məsələsi müzakirə olundu. “Biz Qarabağda işğaldan azad olunmuş ərazilərin bərpasında bir sıra istiqamətlər üzrə - həm şəhərsalma, həm infrastrukturun yaradılması, kənd təsərrüfatının inkişafı sahələrində Belarus şirkətlərinin gələcək iştirakı ilə bağlı məsələləri ətraflı müzakirə etdik. Biz dünən də, bu gün də Belarusun aqroşəhərciklər yaradılması sahəsində təcrübəsini geniş müzakirə etdik. Mən Aleksandr Qriqoryeviçə məlumat verdim ki, Qarabağ “yaşıl enerji” zonası elan edilib və birinci “ağıllı kənd” layihəsi praktiki olaraq həyata keçirilməyə hazırdır. Əlbəttə, bu sahədə Belarusun təcrübəsi nəzərə alınmaqla bu istiqamətdə işləmək çox maraqlı olardı. Mən daha sonra dedim ki, biz ərazilərin bərpası işlərinə yalnız dost ölkələrdən olan şirkətləri cəlb edəcəyik. Belarus da Azərbaycan üçün belə ölkədir. Qarabağın bərpası layihələrində üç dost ölkədən olan şirkətlər artıq işləyirlər. Ümidvarıq ki, dördüncü ölkə Belarus olacaq”, - deyə cənab İlham Əliyev bildirmişdir.
Və mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının müdafiə naziri Viktor Xrenini qəbulu zamanı keçirilən görüşdə də bir daha dövlət başçımız 30 ilə yaxın işğala məruz qalmış torpağımızda törədilmiş vandalizmin və dağıntılarla bağlı məlumat verərək bildirdi ki, işğaldan azad olunan torpaqlarımızın bərpasında Belarus şirkətlərini Azərbaycana dəvət edib: “Mən Belarus şirkətlərini Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında iştiraka dəvət etmişəm. Bir qədər sonra mən sizə həmin ərazilərdən çəkilmiş fotoşəkilləri göstərərəm. Onlar 30 ilə yaxın işğala məruz qalmış torpağımızda törədilmiş vandalizmin və dağıntıların səviyyəsini əyani şəkildə göstərir”.
“Ölkələrimiz arasında hərbi, hərbi-texniki sahədə əməkdaşlıq qədim tarixə malikdir və çox yaxşı nəticələr verir”
Dövlət başçısı, həmçinin iki ölkə arasında qədim tarixə malik olan hərbi- texniki sahədə əlaqələrin olduğunu da vurğulayıb: “Dediyim kimi, ölkələrimiz arasında hərbi, hərbi-texniki sahədə əməkdaşlıq qədim tarixə malikdir və çox yaxşı nəticələr verir. Buna görə, əminəm ki, sizin həmkarlarınızla diskussiyalar, fikir mübadiləsi bu sahədə qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsi işində faydalı olacaq”.
Bəli, Belarus hər zaman Azərbaycana dost münasibəti göstərən dövlətdir. Təsadüfi deyil ki, 44 günlük müharibə dövründə də bu ölkədə Azərbaycanın maraqlarına zidd olan hər hansı hadisə baş vermədi. Prezident İlham Əliyev bunları görür və yüksək dəyərləndirir. Bu baxımdan, Belarusun Qarabağın dirçəldilməsində iştirak etmək niyyətində olması tamamilə düzgündür. Nəzərə alsaq ki, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının və sənayenin inkişafı, alternativ enerji mənbələrinin yaradılması üçün böyük imkanlar var, Belarus şirkətləri bu sahədə əhəmiyyətli rol oynaya bilərlər. Hesab edirik ki, belaruslu dostlarımızın Qarabağın dirçəlişinə cəlb olunması faydalı ola bilər.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB