Zəngəzur dəhlizi Azərbaycan Türkiyə qardaşlığını məğlub edilməz gücə çevirəcək Deputatın mövqeyi
"Zəngəzur dəhlizi Naxçıvanla quru yolla birbaşa birləşməyimizdə alternativsiz, labüd və vacib məsələdir. Azərbaycan Zəngəzur dəhlizinin açılması üçün öz üzərinə düşən bütün məsələləri sürətlə icra edir. Naxçıvanda Ermənistan sərhədinə qədər dəmir yolu infrastrukturu hazır işlək vəziyyətdədir. Horadiz -Ağbənd dəmir yolu yenidən tikilir. O cümlədən Mincivan dəmir yolu stansiyası və Qərbi Zəngəzurun sərhədinə qədər olan ermənilər tərəfindən məhv edilmiş 15 kilometrlik dəmir yolu infrastrukturu da sürətlə tikiləcək. 40 kilometrlik Zəngəzur dəhlizindən keçəcək dəmir yolu infrastrukturu isə Rusiya tərəfindən tikiləcək. Ona görə Rusiya tərəfindən tikiləcək ki, Ermənistan müstəqil ölkə olmadığına görə, Ermənistanın dəmir yolları da bu ölkəyə aid deyil". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisinin üzvü Azər Badamov deyib.
Deputatın sözlərinə görə, Ermənistanın dəmir yolları Rusiyanın mülkiyyətidir: "Ona görə də bütün danışıqlar əsasən Rusiya tərəfi ilə aparılır və Rusiyanın iştirakı ilə bu marşrut istifadəyə veriləcək. Zəngəzur dəhlizinin açılması ölkəmiz üçün siyasi və iqtisadi cəhətdən çox əhəmiyyət daşıyır. Birinci onu qeyd edim ki, Prezident İlham Əliyevin ifadə etdiyi hər bir söz həyatda öz əksini tapır. Cənab Prezident deyirdi ki, Azərbaycan erməni işğalı ilə heç vaxt barışmayacaq və öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Torpaqlarımız danışıqlar müstəvisində azad olunmasa, biz bunu hərb yolu ilə edəcəyik. Bütün bu məsələlər real həyatda öz həllini tapıb. Bu gün Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Ermənistanla dövlət sərhədində delimitasiya və demarkasiya işləri aparılır. Dağlıq Qarabağın status məsələsi və ümumiyyətlə Dağlıq Qarabağ kimi bir ifadə gündəmdən və danışıq leksikonumuzdan çıxıb. Qarşı tərəf Prezident İlham Əliyevin müsahibələrində səsləndirdiyi bütün mesajları diqqətlə izləyir və nəticədə öz ölkəsinin rəhbərlərindən daha çox Prezidentimizə inanırlar. Onlar bilirlər ki, Prezident İlham Əliyev boş və yalan ifadələri heç vaxt işlətməyib və bu gün qeyd etdiyi Zəngəzur dəhlizinin açılışı məsələsini də alternativsiz reallıq olduğunu anlayırlar. Digər tərəfdən Zəngəzur dəhlizinin açılması Azərbaycanı bütövləşdirir və Türkiyəyə bir başa qapımız açılır. Bu məsələ böyük siyasi əhəmiyyət daşıyır. Türkiyəyə birbaşa birləşməyimiz regionda türk dünyasının birləşməsinə yol açmaqla Azərbaycan-Türkiyə qardaşlığını daha da möhkəmləndirəcək və yeni bir məğlubedilməz gücə çevriləcəkdir".
A.Badamov vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması həm də regiona uzunmüddətli sabitliyin gəlməsində təməl nöqtəsi rolunu oynayacaq: "Çünki bu dəhlizin açılışı regionda yeni əməkdaşlıq mühitinin formalaşmasının simvoludur. Ona görə ki, kommunikasiyaların açılması, qonşuluq münasibətlərin inkişafı və regional əməkdaşlığın genişlənməsi Zəngəzur dəhlizi ilə birbaşa bağlı olacaqdır. Bu dəhliz Asiyadan Avropaya və əks istiqamətdə yükdaşımaların həyata keçirilməsi üçün daha rentabelli beynəlxalq marşrut rolunu oynayacaq. Zəngəzur dəhlizi Rusiya üçün yükdaşımaların həyata keçirilməsində yeni və iqtisadi cəhətdən daha əhəmiyyətli bir marşrut kimi özünü təqdim edəcək. Ermənistan üçün isə bu dəhliz nəfəslikdir.
Uzun illər blokada şəraitində olan Ermənistanına iqtisadi müstəqilliyinin itirməsinin əsasında bu ölkəni tərəfimizdən dalana çevrilməsi dayanıb. Ermənistan bu günə qədər rahat şəkildə dünya ilə iqtisadi əməkdaşlıq edə bilməyib. Zəngəzur dəhlizinin açılışı Ermənistana imkan verəcək ki, Rusiyaya, İrana, Asiya və Avropa ölkələrinə yükdaşımalarını həyata keçirə bilsinlər. Azərbaycan üçün isə Zəngəzur dəhlizin iqtisadi əhəmiyyəti o qədər böyük olacaq ki, bunu sözlə ifadə etmək çətindir. Birincisi Azərbaycanın beynəlxalq logistika mərkəzi kimi rolu artacaq. Ölkəmizin üzərindən daşınan yükdaşımaların həcmi sıçrayışla artacaq. Bu da dövlət büdcəmizə tranzit daşımalardan əlavə valyuta gətirəcək. İkincisi isə ölkəmizin dünya ölkələri ilə iqtisadi əməkdaşlığımız Zəngəzur dəhlizi vasitəsilə daha möhkəmlənəcək. İstehsal etdiyimiz məhsulları xarici bazarlara çıxarılmağımız asanlaşacaq. Üçüncüsü və hər şeydən önəmlisi Naxçıvanla quru yolumuz açılır ki, bu da uzun illər xalqımızın yaşadığı bütün çətinliklərin sonu deməkdir.
Zəngəzur dəhlizinin açılması Prezident İlham Əliyevin qeyd etdiyi kimi bunu Ermənistan istəsə də, istəməsə də edəcəyik. Ermənistan 10 noyabrda və 11 yanvarda imzalanmış üçtərəfli bəyanatlarda Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəlik götürüb və biz bu öhdəliyin icrasına qarşı tərəfi məcbur edəcəyik. Onu da qeyd edim ki, Ermənistan məğlub tərəfdir və üçtərəfli bəyanatların icra olunmasına Rusiya zəmanət verib. Bu bəyanatların icrasının müddətləri Ermənistanda baş verən siyasi proseslərlə bağlı bir az uzanacağını düşünürəm. Amma icrası labüddür və yenidən müzakirə predmeti deyildir".
Bütün xəbərlər Facebook səhifəmizdə