“Ermənistanda siyasi mübarizə gərginləşir” SƏDR MÜNASİBƏT BİLDİRDİ

“İyunun 20-də keçiriləcək erkən parlament seçkiləri ərəfəsində Ermənistanda siyasi mübarizə gərginləşməkdədir. Nəyin bahasına olursa olsun, Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırıb, ermənilərə yaşatdığı tarixi məğlubiyyətə görə mühakimə etməyi planlaşdıran müxalifət müəyyən cəhdlərə baxmayaraq birləşə bilmədi”. Bunu SİA-ya açıqlamasında ANAP-ın sədri Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın özündən sonrakı dövlət başçılarına seçkilərdə “Milli Həmrəylik Alyansı”nın tərkibində birgə iştirak etmək təklifi qəbul edilmədi: “Özünü “müzəffər prezident” sayan Robert Koçaryan təklifin müzakirəsini belə istəmədən rədd etdi. Ondan fərqli olaraq üçüncü prezident susmağa üstünlük verdi və susqunluq haqlı olaraq təklifi “rədd etmə” kimi qiymətləndirdi.Levon Ter-Petrosyan nə qədər heç bir iddiasının olmadığını, bu addımı erməni xalqının maraqları naminə atdığını, Nikol Paşinyanın Ermənistan üçün Azərbaycan və Türkiyədən daha təhlükəli olduğunu desə də sözlərinin heç bir təsiri olmadı. Bir vaxt aralarından “su sızmayan” silahdaşlar-Koçaryan və Sarqsyan da birləşə bilmədilər və seçkilərə ayrı-ayrı bloklarda qatılmaq qərarı verdilər. “Dirçələn Ermənistan” və “Daşnakstyun” partiyalarının birləşdiyi bloka rəhbərlik edən R.Koçaryan hələ də Ermənistan üçün uğurlu olan ötən əsrin 90-cı illərinin “eyforiyası” ilə yaşayır və qalib gələcəyinə ümid edir. Maraqlıdır ki, “Dirçələn Ermənistan” partiyasının yaradıcısı və lideri Sünik (Zəngəzur) vilayətinin keçmiş meri Vage Akopyan, əsas fiqurları isə həmin vilayətin sabiq vəzifəli şəxsləridir. Bu amil onu göstərir ki, Zəngəzur onun təbliğat kampaniyasında mühüm yer tutacaq və o, keçmiş Azərbaycan ərazisinin problemlərini qabartmaqla hər ötən gün nüfuzunun artacağına ümid edir”.

A.Səmədov bildirib ki, siyasi dəstək almaq üçün Moskvaya səfər edən ikinci prezident arzuladığı münasibəti görmədi və V. Putinlə üzbəüz görüşə bilmədi: “Rusiyadan “əli ətəyindən uzun” vəziyyətdə qayıtdı. Keçirilən rəy sorğuları hələlik onun təmsil etdiyi blokun qələbədən çox uzaq olduğunu göstərsə də Koçaryan vəziyyətin dəyişəcəyinə ümid edir. Seçkiqabağı kampaniyanın uğurlu təşkilinin ona hakimiyyətə gedən yolu açacağını güman edir. Bu məqsədlə artıq mitinqlərə start verməyi düşünən müxalifət lideri mayın 9-da Yerevanda, “Azadlıq” meydanında ilk mitinqini keçirəcək və bəyanatla şıxış edəcək. Bitərəf R.Koçaryandan fərqli olaraq “Respublika”çılar partiyasının lideri kimi “Vətən” partiyası ilə birlikdə yaradılan blokun başında seçkilərə qatılan üçüncü prezident V.Sarqsyanın durumu da ürəkaçan deyil.

Keçirilən rəy sorğuları da Paşinyan blokunun rəqiblərindən xeyli irəlidə olduğunu göstərir. Bununla belə, onun xalq içərisində dəstəyi azalmaqdadır. Çox güman ki, bu azalma tendensiyası son günə qədər davam etsə də seçkilər onun qələbəsi ilə başa çatacaq. Ancaq bu qələbə böyük üstünlüklə olmadığından və ermənilərin bir hissəsinin Paşinyana nifrət etməsi səbəbindən hakimiyyət uğrunda mübarizə seçkilərdən sonra da davam edəcək. Nə xalqın bir hissəsi, nə də müxalifət Ermənistana tarixinin ən ağır məğlubiyyətini, sarsıntısını yaşadan şəxsin yenidən Baş nazir olması ilə barışmayacaq. Bu isə o deməkdir ki, hakimiyyət uğrunda mübarizə seçkilərlərdən sonra daha kəskin şəkil alacaq və müəyyən qüvvələr qan tökməkdən belə çəkinməyəcəklər”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...