“Fransa televiziyasında həqiqətlərin açılması müsbət haldır” DEPUTAT ŞƏRH ETDİ

“Fransa televiziyasında həqiqətlərin açılması müsbət haldır” DEPUTAT ŞƏRH ETDİ

Fransada çox böyük erməni təşkilatları var, hətta Fransada bu gün zənnimcə, erməni təşkilatları bir çox mediada, siyasi dairələrdə böyük nüfuza malikdirlər. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.
Millət vəkili xatırladıb ki, cənab Maryani birinci dəfə bu həqiqətləri açıqlamır.
“Həm Avropa Parlamentindən, həm də Fransa hökumətindən olaraq, cənab Maryani Azərbaycanda da olmuşdur və həqiqətləri özü görmüşdür. Yəni, Azərbaycanın ərazisinin işğalını, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasını özü görüb. Ona görə onun belə çıxışı, Fransa televiziyasında həqiqətlərin açılması çox müsbət bir haldır. Lakin etiraf etməliyik ki, Fransa bu gün tərəfdir və Fransa bir ölkə kimi, Minsk Qrupunun Həmsədri kimi qala bilməz. Çünki o artıq tərəfkeşlik edir və açıq şəkildə Azərbaycanla informasiya müharibəsinə gedir və beynəlxalq hüquq normalarını kobud surətdə pozur.
Cənab Maryani kimi Fransada bir neçə siyasətçi var ki, onlar beynəlxalq hüququ müdafiə edir, açıq şəkildə həqiqətləri deyir. Belə şəxslər Fransa Parlamentində də var. Amma, onlar azlıqdadır. Çoxluq bilavasitə erməni tərəfindədir və biz bunu nəzərə alaraq, Fransanın Minsk Qrupunun Həmsədrliyindən çıxardılmağını tələb edirik. Mənə elə gəlir ki, Azərbaycanın dostları olan Fransa siyasətçiləri bizim belə qərarımızı anlayacaqlar və haqq-ədalət tərəfində olacaqlar”, deyə Asim Mollazadə bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə