Parlament Paşinyanı seçmədi 75 nəfər bitərəf qaldı

Ermənistan parlamenti bu gün keçirilən xüsusi iclasında Nikol Paşinyanı baş nazir vəzifəsinə seçməyib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, səsvermə zamanı bir deputat lehinə, üçü onun əleyhinə səs verib, 75 nəfər bitərəf qalıb.

Qeyd edək ki, “Parlamentin nizamnaməsi haqqında" konstitusiya qanununun 140-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq, bu gün parlamentin xüsusi iclasında Ermənistanın baş nazirinin seçilməsi məsələsi müzakirə edilib.

Xatırladaq ki, 25 aprel tarixində Ermənistanın baş naziri Nikol Paşinyan erkən parlament seçkiləri keçirmək üçün istefa verdiyini açıqlayıb. Ermənistan prezidenti Armen Sarkisyan isə hökumətin istefası haqqında fərman imzalayıb.

Nəzərə çatdıraq ki, Konstitusiyaya uyğun olaraq, baş nazirin istefası halında, parlament yeddi gün ərzində baş nazir namizədlərini təqdim edir. Baş nazir seçilmirsə, yeddi gün ərzində yeni seçkilər keçiriləcək. Baş nazir səs çoxluğu ilə yenidən seçilmirsə, Milli Məclis qanunla ləğv edilir və erkən seçkilər elan edilir.
"Mənim addımım" fraksiyası 3 mayda parlamentdə keçirilən səsvermədə Nikol Paşinyanın Ermənistanın baş naziri vəzifəsinə namizədliyini irəli sürüb. Bu proses parlamentin buraxılması və erkən parlament seçkilərinin keçirilməsi üçün lazımdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə