"Qırğızıstan özgə ərazilərinə iddialı deyil" XİN RƏHBƏRİ

"Qırğızıstan özgə ərazilərinə iddialı deyil" XİN RƏHBƏRİ

"Qırğızıstan hansısa ölkənin, özgəsinin ərazilərinə iddia etmir, ancaq öz ərazilərini bölüşmək niyyətində də deyil". SİA xəbər verir ki, bunu Qırğızıstan Xarici İşlər Nazirliyinin rəhbəri Ruslan Kazakbayev tacik həmkarı Sirojiddin Muhriddin ilə danışıqlarda deyib və ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti onun sözlərini sitat gətirib.
Nazir, bu çərçivədə "bütün sərhəd və iqtisadi məsələlərin Qırğızıstan-Tacikistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı hökumət nümayəndə heyətləri çərçivəsində yüksək nümayəndələrin iştirakı ilə danışıqlar masasında həll edilməli olduğunu" vurğulayıb.
Xatırladaq ki, 28 aprel tarixində Qırğızıstan və Tacikistanın sərhəd xidmətləri sərhədin bir hissəsində münaqişə baş verdiyi barədə məlumat verib. Sonra Tacikistan tərəfinin nümayəndələri elektrik xəttinin dirəklərinə kameraları quraşdırmağa çalışıblar, Qırğızıstan tərəfinin nümayəndələri dirəyi kəsməyə başlayıblar. Bundan sonra hər iki tərəf bir-birinə daş atmağa başlayıb. 29 aprel gecəsi qarşıdurma böyüyüb, artıq atışma başlayıb. Nəticədə üç Tacikistan vətəndaşı öldürülüb və 31 nəfər yaralanıb, Qırğızıstan tərəfində isə 1 ölü və 16 yaralı olduğu bildirib. Axşam saatlarında tərəflər sərhəddə atəşkəsin Moskva vaxtı ilə 17.00-dan etibarən qüvvələrin əvvəlki yerləşdirildiyi yerlərə çəkilməsinə dair razılığa gəliblər.
Diqqətə çatdıraq ki, Qırğızıstan-Tacikistan dövlət sərhədinin bir hissəsi, vaxtaşırı olaraq iki ölkənin yerli əhalisi və ya sərhəd mühafizəçiləri arasında münaqişə zonasına çevrilir. Əsas səbəb bölünməmiş hissələrdir və burada dövlətlər arasındakı sərhədin harada yerləşdiyini müəyyənləşdirmək mümkün deyil.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə