ABŞ prezidenti hərəkəti ilə bəşər tarixinə utancverici səhifə yazdırdı ETİRAZ

ABŞ prezidenti hərəkəti ilə bəşər tarixinə utancverici səhifə yazdırdı ETİRAZ

Dünyaya demokratiya dərsi keçən Amerika Birləşmiş Ştatları kimi bir ölkənin prezidenti Cozef Baydenin 1915-ci ildə, birinci dünya müharibəsi dövründəki Osmanlı İmeriyasında baş vermiş hadisələri qondarma erməni soyqırımı qismində tanıdığını bəyan etməsi qəbulolunmaz və əsassız iddia kimi bəşər tarixinin utanc səhifəsinə yazıldı. Xüsusilə, özündə heç bir tarixi faktları əks etdirməyən bu kimi iddianın təməlində daha çox görünən məqam son dövrlərdə güclənən, əhatə dairəsi genişlənən Türk Birliyi ideologiyasının formalaşması gerçəkliyidir. Regional gücdən beynəlxalq gücə çevrilmək, bölgəyə sülh, əminamanlıq və inkişaf faktorunu bəxş etmək missiyasının qarşısını almaq niyyətində olan tərəflər isə əlbəttə ki, bu ideyaya qarşı var gücləri ilə çıxış edirlər. Lakin, tarixi faktları saxtalaşdıraraq onu bütünlüklə Türk Birliyinə qarşı işlətmək marağı ayaq tutsa da yürümək imkanında olmayacaq. Çünki gec, ya da tez-haqq və ədalət hər zaman öz sözünü deyib və bərqərar olub.

Bu kimi məsələdə nəzərə çarpan daha bir reallıq Qərbin ikili standartlardan çıxış edərək, əslində xristian klubu qismində Türk və İslam dünyasına qarşı səlib yürüşü başlatmasıdır. Uzun illərdir ədalətsizlik, qeyri-humanizm və qərəzli siyasət çərçivəsində islamofobiya, türkofobiya məqsədlərini güdən siyasət bilavasitə hədəf olaraq götürülməkdədir. Son illərdə uydurma “erməni soyqırımı” iddialarının dünya gündəmində yer almasının səbəbkarları, sadəcə, Ermənistan və erməni lobbisi deyil, eyni zamanda, regionla bağlı imperialist maraqları olan güclərdir. Həmin güclər ki, vaxtilə Anadoluya və Cənubi Qafqaza dair maraqlarını reallaşdırmaq üçün milli münaqişələrin alovlanmasına və kütləvi köçlərə səbəb olub, erməniləri Osmanlı Türkiyəsinə qarşı təşkilatlanmağa, silahlanmağa, terror və qətliamlar törətməyə təşviq ediblər.

Xatırlatmaq yerinə düşərdi ki, saxta “erməni soyqırımı” iddialarının 100 illiyi ərəfəsində, yəni 2015-ci il martın 12-də Avropa Parlamenti “Dünyada insan haqları və demokratiya” adlı sənəddə Avropa İttifaqına daxil olan 28 ölkəyə qondarma “erməni soyqırımının” tanınması ilə əlaqədar müraciət edib. Həmin il aprelin 15-də isə Avropa Parlamenti bunun davamı olaraq 12 maddəlik “erməni soyqırımı” qətnaməsini qəbul etdi. Bununla da Avropa Parlamenti növbəti addımı atmaqla anti-Azərbaycan və antitürk mövqeyini bir daha ortaya qoydu. Həmin sənədin mahiyyəti ondan ibarət idi ki, Avropa İttifaqına daxil olan ölkələr 24 aprel tarixini “erməni soyqırımı günü” kimi qeyd etsinlər.

Məhz Cozef Baydenin məlum bəyanatı da sözügedən qaranlıq məqsədlərin davamı olaraq qiymətləndirilir. Fakt budur ki, özündə heç bir beynəlxalq hüquq prinsiplərini ehtiva etməyən “genosid” iddiasının doğru olan tərəfi qəsdən atılır bir kənara və açıq-aydın şəkildə gerçək soyqırımı törədənlərin – erməni ultramillətçilərinin, daşnak və hnçak ünsürlərinin cinayətkar əməlləri gizlədilir, qatillər soyqırıma uğramışlar qismində təqdim olunur. Əlbəttə, bu cür faktların ifşası üçün tarixi arxivlər, sənədlər mövcuddur və əbəs deyil ki, dəfələrlə Türkiyə tərəfinin irəli sürdükləri təkliflərinə baxmayaraq, “soyqırımı” iddiasında olan erməni tərəfi və onların Qərb havadarları həmin təkliflərin həyata keçirilməsinə qarşı çoxsaylı bəhanələr gətiriblər. Çünki arxivlər açılarsa, əsl həqiqətlərin ortaya çıxacağı, əksinə, 1915-ci il hadisələrində günahkarların kim olduqları öz təsdiqini tapacaq.

Eyni zamanda, istər birinci Qarabağ müharibəsi dövründə, istərsə də Vətən müharibəsində erməni silahlı birləşmələrinin dinc azərbaycanlılara qarşı törətdikləri soyqırımı faktları dünya birliyi tərəfindən nəzərə alınmalı, xüsusilə Xocalı, Başlıbel, Bağanıs Ayrım və s.qətliamların soyqırımı kimi tanınmalı, Gəncə, Bərdə, Mingəçevir şəhərlərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşlərinə məruz qoyulması faktlarına ədalətli və hüquqi qiymət verilməlidir.

Onu da hesab edirik ki, Baydenin bəyanatı əsasında qondarma “erməni soyqırımı” iddialarının heç bir tarixi,hüquqi əsası yoxdur və Türkiyəyə qarşı siyasi təzyiq vasitəsidir. Ancaq bu vasitənin təzyiq olaraq ölkələrimizə qarşı təsir imkanlarının yox dərəcəsində olduğunu da qeyd etmək yerinə düşərdi.

Hazırda Azərbaycan və Türkiyənin dövlət başçılarının bu istiqamətdə ictimai-siyasi fəaliyyətləri ilə hər zaman vahid platformadan çıxış etməsi mühüm əhəmiyyət kəsb edir. Xüsusilə, biz bunun Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı, xüsusilə sentyabrın 27-dən başlayan hərbi təcavüzünə cavab olaraq cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları zamanı, xüsusilə 44 günlük Vətən müharibəsinin getdiyi günlərdə Azərbaycan və Türkiyənin dövlət başçılarının qətiyyətli və prinsipial mövqeyi, eləcə də Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyətlərində, həmçinin vahid media platformasından çıxış edərək dünya informasiya məkanına operativ və obyektiv məlumatların çatdırılmasında da şahidi olduq.

Qarabağ məsələsinin hər zaman Türkiyə üçün də eyni dərəcədə ağrılı problem olduğunu bildirən Rəcəb Tayyib Ərdoğan Azərbaycanın sevinci, bizim sevincimizdir, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir, Azərbaycan kədərlənərsə, biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik sözlərini diqqətə çatdırmış və ölkəmizin haqlı mübarizəsini qətiyyətlə müdafiə etmişdir.

Eləcə də, ABŞ prezidentinin məlum bəyanatından sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan cənabları arasında arasında telefon danışığının aparılması, danışıq əsnasında dövlət başçılarının Cozef Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanatını qınanılması da belə deməyə kifayət qədər zəmin yaradır ki, bənzər qərarların ümumilikdə Türk Dünyasına təzyiq olaraq istifadə edilməsi nəticəsiz qalacaqdır. Belə ki, bu qərarın yanlış olduğunu qeyd edən Prezident İlham Əliyev onu tarixi səhv adlandırıb və Azərbaycanın bu bəyanatı qəbuledilməz hesab etdiyini vurğulayıb. Həmçinin, söhbət zamanı Prezident İlham Əliyev açıqlamanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu bildirib, dövlətimizin başçısı Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu qeyd edib.

Bütün bunlardan isə belə bir nəticəyə gəlmək olar ki, hazırda Türk İttifaqı ideyasının gerçəkləşdirilərək tez bir zamanda həyata keçirilməsi zərurəti artıq özünü daha qabarıq şəkildə biruzə edir və ideoloji prinsiplər əsasında təməlli birliyin formalaşdırılması tələbi yaranır.

Resurs Analitik İnformasiya Mərəkəzi olaraq ABŞ prezidenti Co Baydenin qondarma soyqırımı bəyanatını pisləyir, beynəlxalq aləmi və Türk Dünyasını həqiqətin yanında dayanmağa, əsassız deyil, ədalətli qərarları dəstəkləməyə çağırırıq.

Resurs Analitik İnformasiya Mərkəzinin Mətbuat Xidməti

Bütün xəbərlər Facebook səhifəmizdə