Ali Baş Komandanımızın qətiyyəti, rəşadətli Azərbaycan ordusunun fədakarlığı və qəhrəmanlığı, Prezident-xalq-ordu birliynin yenilməzliyi nəticəsində 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfər hamımıza tərifəgəlməz qürur hissi yaşatdı. Bu şanlı zəfərin əhəmiyyətini isə günlər keçdikcə daha çox anlayır, daha dərindən dərk edirik.
Bildiyimiz kimi, 2020-ci il 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyanat imzalanmışdır. Bu bəyanatın 9-cu bəndi və 2021-ci il 11 yanvar tarixində Moskvada imzalanmış 4 bəndlik bəyanat Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi zəmin yaradır. Bu bəyanatlar Azərbaycan liderinin böyük diplomatik qələbəsidir, çünki möhtərəm Prezidentimizin də qeyd etdiyi kimi, Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir. Xalqımız bu şanlı tarixi uzun illərdən bəri gözləmiş, igid oğullarımız Vətən uğrunda savaşlarda öz qanları və canları bahasına bu tarixi yaxınlaşdırmış, müzəffər Ali Baş Komandanımız hər bir yeni əmri, yeni bəyanatı ilə bu tarixi reallaşdırmağa çalışmışdır.
Zəngəzur dəhlizi ideyası hələ XX əsrin 70-ci illərindən Azərbaycan tərəfinin diqqət mərkəzində olub. Belə ki, 1970-80-ci illərdə ulu öndərimiz Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunun üzvü olan zaman Mehridən keçən Naxçıvan-Bakı avtomobil yolunun inşasına başlanılmışdı. Bu, “türklərin Böyük Turan layihəsi”nin icrasına zəmin hazırlamaq məqsədi daşıyırdı. Azərbaycan xalqının mənfur düşməni Zori Balayan özünün bədnam “Ocaq” əsərində bu yolu “Turan yolu” adlandırır, onun bağlanmasını zəruri sayırdı. Ermənistan KP MK katibi Dəmirçiyanın etirazlarından sonra layihə dayandırıldı. Ümummilli liderin müəyyən etdiyi strateji hədəfə illər sonra onun siyasi kursunun layiqli davamçısı olan möhtərəm prezidentimiz İlham Əliyev çatdı.
Prezident İlham Əliyev 2021-ci il 31 mart tarixində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə çıxışı zamanı demişdir: “Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq”.
Möhtərəm Prezidentimizin əzmi bizə əminliklə deməyə əsas verir ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirməklə türk dünyasının coğrafi parçalanmasını təmin edənlər tezliklə Zəngəzur dəhlizinin açılması ilə türk dünyasının coğrafi birləşməsinə şahidlik edəcəklər və biz bu istiqamətdə aparılan işlərin də bəhrəsini görəcəyik. “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq. Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.
Zəngəzur dəhlizinin açılması Naxçıvanla birbaşa əlaqənin bərpasına, Muxtar Respublikanın nəqliyyat blokadasından çıxmasına imkan yaradacaq, Naxçıvana dəmir yolu əlaqəsinin bərpası Şərq-Qərb, Şimal-Cənub dəhlizləri ilə bağlı yeni imkanlar açacaq. Nəhəng geosiyasi və iqtisadi layihə kimi mühüm əhəmiyyətə malik Zəngəzur dəhlizi gələcəkdə region dövlətləri ilə yanaşı, Türk dünyasının da yararlana biləcəyi marşrut olacaq. Eyni zamanda Zəngəzur dəhlizi Çindən Qərbə doğru yeni bir nəqliyyat qapısı, eləcə də Avropa ilə Asiyanı bağlayacaq əsas xətt, türk dünyası arasında yaranmış yeni körpü olacaq. Beləliklə, Zəngəzur dəhlizinin bölgə və beynəlxalq yükdaşımalarında mühüm həlqə olacağı aydındır. Rəsmi Bakı hələ müharibənin gedişində və müharibədən sonra ilk günlərdə belə əməkdaşlıqda maraqlı və hazır olduğunu dəfələrlə bəyan edib. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan tərəfi Ermənistan istisna olmaqla, bütün region dövlətləri ilə ikitərəfli və çoxtərəfli platformalarda uğurla əməkdaşlıq edir, müharibədən sonra Ermənistanın da bu platformalarda təmsil olunmasında maraqlıdır. Prezident İlham Əliyev çıxışlarında beynəlxalq yükdaşımaları uğrunda rəqabət getdiyinə toxunaraq qeyd edib ki, Zəngəzur dəhlizi ölkəmizin bu rəqabətdə imkanlarını genişləndirən bir fürsətdir, ondan istifadə edilməsi də zəruridir. Lakin İlham Əliyevin Zəngəzur dəhlizinin açılması ilə bağlı çıxışında əsas vurğu heç də regional əmədaşlıq və yükdaşımaları ilə bağlı rəqabət üzərində deyil. Möhtərəm prezidentimiz Zəngəzur dəhlizinin açılmasını milli hədəf kimi vurğulayır.
Beləliklə, xalqından güc alan, ordusuna arxalanan prezident İlham Əliyev ata vəsiyyətinə əməl edərək tarixi torpaqlara qayıdışı strateji planlaşdırma ilə həyata keçirir.
Məmmədli Könül Yusif qızı
E.Əliyev adına 234 №–li tam orta məktəbin direktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB