“Həmişə ayıq-sayıq olmalıyıq” JURNALİST ŞƏRH ETDİ

“İkinci Dünya Müharibəsi bəşəriyyət tarixindəki ən ağır cinayətlərdən biri sayılır. Bu baxımdan 9 may Qələbə gününün qeyd olunması vacibdir. Bu ənənə uzun illərdi ölkəmizdə də yaşadılır”. Bu sözləri SİA-ya açıqlamasında yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.

Rusiya sülhməramlılarının Xankəndində qələbə paradı keçirəcəyinə dair xəbərlərə münasibət bildirən jurnalist qeyd edib ki, bu cür aksiyalar Azərbaycanın suverenliyinə xələl gətirməməli, xalqımızın heysiyyatına zərər verməməlidir: “Rusiya sülhməramlıları konkret mandat əsasında fəaliyyət göstərirlər. Onların fəaliyyət istiqamətləri 10 noyabr sazişində aydın şəkildə öz əksini tapıb. Əgər həmin paradda separatçı rejimin nəzarətində olan hərbi birləşmələr iştirak edəcəksə, bu özbaşınalıq olacaq. Rusiya prezidentinin də imzasının olduğu sənəddə separatçılarla əməkdaşlıq nəzərdə tutulmayıb. Belə bir təşəbbüs Putinin imzasına “tüpürmək”dir. Ümid edirəm ki, sülhməramlı kontingentin rəhbərliyi öz dövlət başçılarını bu hörmətsizliyə layiq bilməyəck”.

Baş redaktor Azərbaycan cəmiyyətində müəyyən narahatlıqların olmasını təbii qarşılayıb. Qeyd edib ki, xalqımız ermənilərin xislətinə yaxşı bələd olduğu üçün düşmən tərəfdən hər cür təxribat gözləyir: “Həmişə ayıq-sayıq olmalıyıq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə