Orxan Bağırovun iki məqaləsi xarici mediyada nəşr edilib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Orxan Bağırovun iki məqaləsi xarici mediyada nəşr edilib. “Suveyş kanalının bağlanması Orta Koridorun əhəmiyyətini ortaya qoydu” başlıqlı məqaləsi Aİ-nin nüfuzlu “Modern Diplomacy” portalı (https://moderndiplomacy.eu/2021/04/18/suez-canal-shutdown-revealed-the-importance-of-the-middle-corridor/), “İkinci Qarabağ müharibəsinin Ermənistan üçün iqtisadi nəticələri” başlıqlı məqaləsi (https://www.eurasiareview.com/18042021-economic-implications-of-second-karabakh-war-for-armenia-oped/) isə ABŞ-ın “Eurasia Review” nəşri tərəfindən çap edilib.

Birinci məqalədə Süveyş kanalının yük gəmilərinə bağlaması nəticəsində yaranan böhranın Orta Koridorun əhəmiyyətini artırmasından bəhs olunur. Məqalədə qeyd edilir ki, Süveyş kanalında yaşanan böhran beynəlxalq yükdaşımaların bu marşrutdan asılılığının formalaşdırdığı risklər barədə sullar yaradıb: “Ona görə də bir sıra dövlətlər bu marşruta alternativ ola biləcək marşrutları təklif və təbliğ etməyə başladılar. Belə ki, Rusiya tərəfindən Süveyş kanalından keçən yola alternativ kimi Şimal Dənizi marşurtu, İran tərəfindən isə Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi irəli sürüldü”. Müəllif hesab edir ki, Suveyş kanalına alternativ yola çevrilmək imkanlarına malik olan əsas yol Trans-Xəzər Şərq-Qərb-Orta Koridor Təşəbbüsü, qısa olaraq Orta Koridordur. Ona görə ki, bu yol həm ənənəvi nəqliyyat yolları, həm də təklif edilən alternativlər ilə müqayisədə bir sıra üstünlüklərə malikdir: “Trans-Sibir Dəmiryolu ilə müqayisədə Orta Koridor 2 min km qısadır və daha əlverişli iqlimə malik olan ərazilərdən keçir. Ənənəvi dəniz yolu ilə müqayisədə isə bu marşurtla yükləri Çindən Avropaya 3 dəfə daha az müddətə çatdırmaq mümkündür. Təklif edilən alternativ yollara gəldikdə isə Şimal Dənizi marşurtu ilin böyük hissəsi qarla örtülü olur və bu marşurt üzrə yükdaşımalar üçün xüsusi təyinatlı gəmilərə ehtiyac var. Şimal-Cənub Nəqliyyat Dəhlizi isə Suveş kanalına birbaşa rəqib ola bilməz. Ona görə ki, bu dəhliz Suveyş kanalı kimi Şərqi Asiyanı Avropa ilə deyil, Hind Okeanı və Fars Körfəzini Şimali Avropa ilə əlaqələndirmək üçün nəzərdə tutulub. Şimal-Cənub dəhlizi yalnız Orta Koridora inteqrasiya olunduğu halda Suveyş kanalı üçün alternativə çevrilə bilər. Ona görə də Orta Koridorun malik olduğu üstünlüklər və digər alternativlərin çatışmaz tərəfləri Orta Koridoru Suveyş kanalından keçən marşurt üçün ən yaxşı alternativə çevirir”.

İkinci məqalədə isə əsas diqqət İkinci Qarabağ Müharibəsinin Ermənistan üçün yaratdığı iqtisadi problemlərə yönəlib. Məqalədə ilk olaraq qeyd edilir ki, müharibə nəticəsində Ermənistanın itirdiyi hərbi texnikanın dəyəri 3.8 milyard dollardan çoxdur və bu, Ermənistanın son on ildəki ümumi hərbi xərclərinin 77%-ə qədərini təşkil edir. “Bu böyük maliyyə zərəri olmaqla yanaşı Ermənistan ordusunun döyüş potensalını tamamilə itirməsi deməkdir”,-deyə müəllif qeyd edir.

Daha sonra diqqətə çatdırılır ki, müharibə nəticəsində Ermənistanda enerji, kənd təsərrüfatı və maliyyə sahələrində də əsaslı problemlər yaranıb: “Ermənistan əvvəl işğalda olan ərazilərdə olan 36 Su Elektrik Stansiyasından 30-u üzərində nəzarəti itirib. Bu stansiyalar əvvəl işğalda olan ərazilərdə enerji tələbatının 53%-ni, Ermənistanın enerji təchizatının isə 7%-ni təşkil edirdi. Enerji istehsalı ilə yanaşı əvvəl işğalda olan ərazilərin azad edilməsi nəticəsində Ermənistan 150 min ton müxtəlif taxıl məhsullarının yetişdirildiyi 90 min hektar əkin sahəsindən də məhrum olub. Bu sahələrdə istehsal edilən taxıl məhsulları Ermənistanın yerli tələbatının 25%-ni ödəyirdi. Bu itkilər nəticəsində Ermənistan enerji və ərzaq çatışmazlığı ilə qarşı-qarşıya qalıb. Müharibə eyni zamanda Ermənistanın maliyyə sektoruna da əsaslı təsir edib. Müharibə dövründə hərbi xərclərin artması nəticəsində Ermənistan büdcə xərclərini artırıb (85 milyon dollar) və nəticədə 2020-ci ildə büdcə xərclərinin ÜDM-də payı 27%-ə, büdcə kəsrinin ÜDM-də payı isə 7.6%-ə çatıb. Artan xərcləri qarşılamaq üçün Ermənistan xarici borc cəlb etməli olduğundan dövlət borcu artaraq təhlükəli səviyyəyə- ÜDM-in 66.5%-nə çatıb. Buna görə də hazırda Ermənistan 2021-ci ilin büdcə layihəsini icra etməkdə çətinlik çəkir”.

Bildirilir ki, müharibə həm də Ermənistanda makroiqtisadi göstəricilərin pisləşməsinə yol açıb. Belə ki, 2020-ci ilin yekunlarına görə, ÜDM 8.5% azalıb və bu, regionda ən pis göstəricidir. Bundan başqa müharibə başladıqdan sonra Ermənistanın milli valyutası 8.6% ucuzlaşıbdır. Sonda isə qeyd edilir ki, müharibənin Ermənistan üçün uzunmüddətli dövrdə ciddi iqtisadi nəticələri olacaq və onun maliyyə təhlükəsizliyini sarsıdacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...