Demokratların revanşizmi və potensial təhlükələri SİYASİ RAKURS+AKTUAL

Qozbeli qəbir düzəldər (atalar sözü)

Beləliklə, bütün dünya analitik mərkəzlərinin ehtimal etdiyi kimi, ABŞ prezident seçkilərində qalib gələn demokratların xarici siyasətinin əsasını “revanşizmin” təşkil edəcəyinin sübutu özünü çox gözlətmədi. Ağ Evə çox saylı seçki pozuntuları ilə yiyələnən demokratlar Obama dövründə üzləşdikləri və uzun illər onlara irad bildirilən uğursuzluqları aradan qaldırmasına start verdilər. Trampın yenidən 2024-cü ildə seçkilərdə iştirak etmək niyyətində olduğu bəyanatı isə demokratların bu əməllərini daha da sürətləndirdi.

Və əslində, demokratların xarici siyasət carçısı Blinken bu haqda dövlət katibi vəzifəsində ilk rəsmi çıxışında bəyanat vermişdi. Sadəcə, həmişə olduğu kimi, bu bəyanat dünya ictimaiyyətini yanıltmaq məqsədi daşıyırdı.

Xatırladaq: “Biz artıq demokratiyanı bahalı hərbi əməliyyatlar vasitəsilə yürütməyəcəyik... Biz çalışıb demokratiyanın partnyorlarını mükafatlandırmaqla yürüdəcəyik...”

Beləliklə, Ağ Ev söz vermişdi ki, artıq çevrilişlər və sui-qəsdlər etməyəcək, amma həqiqətdə tam əksi baş verməyə başladı.

Növbəti addım olaraq Ukraynada vəziyyət gərginləşdirildi, bundan sonra isə Lukaşenkoya sui-qəsd hazırlandı

Qayıdaq demokrat Obama administrasiyasının uğursuzluqlarına. Uğursuzluqlar isə, həqiqətən də, çox idi. Məhz elə həmin uğursuzluqların ciddiliyi 2016-cı ildə Tramp kimi bir qalmaqallı şəxsə imkan vermişdi ki, demokratlara qalib gəlsin. Gəlin yenidən həmin uğursuzluqların bəzilərini xatırladaq. Məsələn, Vikiliks biabırçılığı və yaxud 2012-ci ildə ABŞ-ın Liviyadakı səfirinin qətli ilə nəticələnən “Ərəb Baharı”, 2013-cü ildə Edvard Snoudenin ABŞ xüsusi xidmət orqanlarının sirlərini açdıqdan sonra Rusiyada məskunlaşması, 2012-ci ildə ABŞ-ın “təbliğat və kəşfiyyat” maşının aparıcı qüvvəsi olan USAİD-in Rusiyadan qovulması, 2014-cü ildə İŞİD-in yaradılması və Krımın Rusiya tərəfindən ilhaqı, 2016-cı ildə Türkiyədə iflasa uğramış Gülənçilərin hakimiyyətə gətirilməsi cəhdi, 2011-ci ildə start verilən Bəşər Əsədin devrilməsi planının bu günədək baş tutmaması və bu siyahını çox uzatmaq olar. Obama administrasiyasının səhv siyasəti elə ölkəmizlə də münasibətlərin pisləşməsinə səbəb olmuşdu. Kifayət edər ki, məhz Obama hakimiyyəti dövründə ölkəmizdə bir sıra ABŞ-ın “təsir agentləri” kimi istifadə etdiyi Sülh Korpusu, Açıq Cəmiyyət institutu və yaxud Milli Demokratiya İnstitutun (NED) bağlanması xatırladaq SİA bu haqda əraflı yazmışdı: https://sia.az/az/news/politics/856893.html

Və artıq qeyd olunduğu kimi, Demokratlar Ağ Evə yiyələnən kimi hücuma keçdilər. Başlanğıc kimi, Bayden Putini "qatil" adlandırdı. Sonra isə demokratların artıq “biznes” kartına çevrilmiş “rəngli inqilablar” və “dövlət çevrilişləri” cəhdlərinə start verildi. Yəni növbəti addım olaraq Ukraynada vəziyyət gərginləşdirildi, bundan sonra isə Lukaşenkoya sui qəsd hazırlandı. Bir sözlə, demokratlar öz ampluasındarırlar. Və əslində demokratların Obama hakimiyyətləri dövründə ki uğursuzluqlarını mərhələli şəkildə həll edəcəklərini nəzərə alsaq, o halda onların növbəti harada və necə hərəkət edəcəklərini ehtimal etmək olar.

Demokratların yeni hoqqabazlıqlarının necə nəticələnəcəyinə dair hər hansı proqnoz vermək çətindir

Ölkəmiz üçün, əsasən, bizim regionda baş verə biləcək proseslərin əhəmiyyətini nəzərə alsaq, demokratların məhz bizim ölkəyə təsir edəcək addımları ətrafında təhlilin aparılması daha vacibdir. Və nəzərə asaq ki, demokratların “revanşizmi” bütün əvvəlki uğursuzluqlarla üzləşdiyi ölkələri əhatə edəcək, onda aydın olur ki, bizi qarşıda Türkiyə, Gürcüstan, Ermənistan, İran, hətta Rusiya ilə bağlı çox mürəkkəb proseslər gözləyir. Amma eyni zamanda unutmayaq ki, Rusiya öz növbəsində demokratların hər xarici siyasət təpkisini “aykido” qaydalarına uyğun öz xeyrinə istifadə edir - endirilən zərbələri zərbə vuranın özünə qarşı çevirir. Odur ki, demokratların yeni hoqqabazlıqlarının necə nəticələnəcəyinə dair hər hansı proqnoz vermək çətindir.

Beləliklə, ABŞ-ın ölkəmizlə bağlı revanşist planlarını, əslində, elə unudulmuş köhnə planlardan ibarət olacağını gözləmək olar. Yəni yenə “rəngli inqilab” cəhdi, yenə insan haqları və bu kimi cəfəngiyatlar. Yeri gəlmişkən, nəzərə alsaq ki, Lukaşenko ona sui-qəsd dövründə, məhz Azərbaycana səfər etdi, buradan ehtimal etmək olar ki, görüşün gündəlikdə ABŞ siyasəti ilə bağlı məsələlər də olub. Yəni Lukaşenko, ona sui-qəsd cəhdi və onun qarşısının alınması haqqında tərəf müqabilinə məlumat verib və eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevdən qərbin bu kimi cəhdlərin alınmasında məsləhətlər istəyib.

Revanşist demokratların təhdid edəcəkləri yeganə yeni məsələ Azərbaycanın öz torpaqlarının qaytarılması fonunda demokratların erməni lobbisi qarşısında götürdüyü öhdəliklərinin necə icra edəcəkləri ilə bağlıdır. Maraqlısı odur ki, bu məsələdə demokratlar özlərinin belə hallar üçün nəzərdə tutulan “standart” təzyiq paketindən istifadə edə bilməyəcəklər. Belə ki, Azərbaycan həm geosiyasi yerləşməsi baxımından, həm resurs mənbəyi olaraq, ABŞ-ın maraq dairələrinə daxildir. Odur ki, onlar hazırda çox ciddi məsləhətləşmələr aparmaqdadırlar və ölkə başçısının Bayden administrasiyasının hələ də Azərbaycan hökumətinə regiondakı proseslərə öz mövqelərini bildirilməməsinin səbəbi elə bu ola bilər.

Prezidenti İlham Əliyev də bir neçə dəfə bəyanat verərək xarici qüvvələrə xəbərdarlıq edib ki, bizi bu yoldan heç kim (!!!) döndərə bilməz

Deməli, indi Blinken və onun komandası dilemma qarşısındadılar: bir yandan regiondakı üstünlüyü Rusiya tam ələ alıb və vermək niyyətində deyil (bax: https://sia.az/ru/news/politics/863869.html ); Azərbaycan ABŞ-ın təhdidlərinə baxmayaraq, axıradək gedərək öz torpaqlarını azad etdi, və bunu ermənilərin özlərini düşmən hesab etdiyi Türkiyənin dəstəyi ilə etdi.

Digər tərəfdən, Ermənistan ayılır və ABŞ-ın müttəfiqliyinin heç bir faydası olmadığını dərk etməyə başlayır və erməni lobbisi demokratlara təzyiqləri artırır; həm qondarma Dağlıq Qarabağın tanınması istiqamətdə, həm də genosid məsələsində.

Hər bir halda, Azərbaycan hökumətinin mövqeyi tam şəffafdır: Biz əməkdaşlığa açığıq amma bütün ermənipərəstlər unutmasınlar ki, rəhmətlik Məsud Yılmazın sözləri ilə desək: “Bizim başqalarının torpaqlarında gözümüz yoxdur, amma bizim torpaqlarda gözü olanın, gözünü çıxararıq”. Yəni bizim qərarımız və məqsədimiz bütün Qarabağdır! Və Azərbaycan Prezidenti İlham Əliyev də bir neçə dəfə bəyanat verərək xarici qüvvələrə xəbərdarlıq edib ki, bizi bu yoldan heç kim (!!!) döndərə bilməz.

Amma demokratların hiyləgərliyini nəzərə alaraq, onların hakimiyyəti dövründə ABŞ təşkilatların və şirkətlərinin ölkəmizdəki fəaliyyətləri ciddi monitorinqi aparmaq və hər hansı bir şübhəli fəaliyyət hiss olunduqda onları ölkədən xaric etmək lazımdır. Sorosçuların Ermənistanı və Gürcüstanı nə günə qoyduqlarını unutmaq olmaz...

Aydınoğlu,

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə