18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Təbii ki, tarixi abidələr daş yaddaşımıza cevrilib və hər bir xalqın kimliyini, kecdiyi tarixi yolu xatırladır. Ölkəmizdə yaşı əsrləri və minillikləri əhatə edən tarixi abidələrin mövcudluğu fikrimizi tamamlayır. Azıx mağarasından tapılmış qədim insanın çənə sümüyü, Qobustanda aşkar edilmiş yaşayış məskənləri Azərbaycanda ən qədim dövrlərdən insanların məskunlaşdığını təsdiqləyir. Tarixin müxtəlif dövrlərində ölkəmizin ərazisində dövlətlərin yaranması ilə qədim şəhərlər salınıb, müdafiə tikililəri, əzəmətli qala divarları inşa olunub. Orta əsrlərə aid abidələr Qız Qalası, Möminə Xatun, Qarabağlar, Gülüstan, Allah-Allah türbələri, Şirvanşahlar sarayı, Şəki xan sarayı, Şuşa şəhərinin abidələri və s. nəinki Şərq, hətta dünya memarlığının ən gözəl incilərindəndir. Abidələrin və tarixi yerlərin dağıdılması xalqın, millətin varlığının məhvi deməkdir. Hazırda dünyada baş verən siyasi proseslər nəticəsində minlərlə abidə məhv olmaq təhlükəsindədir. Bu baxımdan, Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün təsis olunması böyük əhəmiyyətə malikdir. Abidələr və tarixi yerlərin məhv olmaq təhlükəsi ölkəmizdən də yan ötməyib.
Son illər ölkəmizdə tarixi abidələrin bərpası və qorunması istiqamətində bir sıra layihələr icra olunub. Ölkə başçısının böyük diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir. Xalqımızın yaratdığı mədəni irs nümunələrinin dünyada tanıdılması istiqamətində də uğurlara imza atılıb. İçərişəhər memarlıq kompleksi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Qobustandakı muzey isə 2013-cü ildə Avropanın ən yaxşı muzeyləri sırasında olub.
Abidələri yer üzündən silməklə, keçmişimizi, yaddaşımızı silməyə çalışıblar
30 ilə yaxin işğal altında olan ərazilərində və Qərbi Azərbaycanda vəhşi işğalçılar abidələrimizə, bizim tariximizlə, mədəniyyətimizlə bağlı yerlərə divan tutublar. Bu abidələri yer üzündən silməklə, keçmişimizi, yaddaşımızı silməyə çalışıblar. Tarixi mənbələrdə qeyd olundugu kimi, Azərbaycan torpaqları 1828-ci ildə “Türkmənçay” müqaviləsi ilə Rusiya və Iran arasında bölüşdürüldükdən sonra çar Rusiyası mərhələli şəkildə ermənilərin bu ərazilərdə məskunlaşmasına imkan yaratdı. Özlərinə yer eyləyən ermənilər illər uzunu öz murdar niyyətlərini həyata keçirməyə başladılar. Onlar Azərbaycan torpaqlarını işğal etməklə, tarixi-mədəni irsimizi, adət-ənənələrimizi, musiqimizi və incəsənətimizi özününküləşdirməyə cəhd edir, qədim tarixə malik olduqlarını bu yolla sübut etməyə çalışıblar. Məkrli niyyətlərinə nail ola bilmədikdə isə tarixi-mədəniyyət abidələrini, məscidləri, qəbiristanlıqları vəhşicəsinə dağıdıb, yer üzündən siliblər. Qərbi Azərbaycan indiki Ermənistan torpaqlarında 1913- 1918-ci illərdə Irəvan şəhərində Sərdar sarayı kompleksi, çoxsaylı karvansaralar, hamamlar, türbələr dağıdılmışdır. Şah Ismayıl Xətainin öz vəziri Rəvanqulu xana tikdirdiyi Irəvan qalası, o cümlədən 1870-dən çox Azərbaycan-türk mənşəli tarix və mədəniyyət abidələri, bir o qədər də qədim və orta əsrlərə aid qəbiristanlıq, heykəllər, incəsənət nümunələri tamamilə məhv edilib. O illərdə Irəvan qəzasında 42, Eçmiədzin qəzasında 33, Zəngəzur qəzasında 35 məscid talan edilərək yandırılmışdır.
Tarixi abidələrimiz əsirlikdən azad oldu
Şanlı Azərbaycan Ordusunun 44 günlük zəfər yürüşü doğma Qarabağımızın azadlığa qovuşdurulması ilə yanaşı, tarixi, mədəni irsimizi də erməni vandallarından xilas etdi. 30 il müddətində işğal altında saxladıqları bütün tarixi, dini abidələrimizi məhv ediblər. Cəbrayılda 132 tarixi abidə, Ağdam, Zəngilan, Qubadlı, Kəlbəcər və Füzuli rayonlarında yüzlərlə tarixi, memarlıq və mədəniyyət abidələri, on minlərlə eksponatı olan muzeylər düşmən əlinə keçərək viran edilmişdir. Şuşada XVIII əsrə aid Gövhər Ağa məscidi, Hacı Abbas məscidi və karvansaray, Hacı Yusifli məscidi, Cəbrayılda V və VII əsrlərə aid səkkizguşəli türbə, XVIII əsrə aid Sultanməcid hamamı, Zəngilanda XII əsrə aid Qız qalası, XIV əsrə aid səkkizguşəli türbə, Laçında XIV əsrə aid Məlikəjdər Türbəsi, Ağdamda dünyada ikinci olan Çörək Muzeyi, eramızdan əvvəl V əsrə aid Çalaqtəpə yaşayış məskəni, Qubadlıda IV əsrə aid Gavur dərəsi, V əsrə aid Qalalı və Keyqala abidələri, Kəlbəcərdə XIII-XVIII əsrlərə aid Xotavənd məbədi, Füzulidə 1682-ci ildə tikilmiş Qiyasəddin məscidi, 1684-cü ildə tikilmiş Qarğabazar karvansarayı və digər tarixi memarlıq abidələrimiz erməni vandalizminə məruz qalmışdır.
Ermənilər ələ keçirdikləri ərazilərdə 12 muzeyi və 6 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət edərək yandırıblar. Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunub, 44 məbəd və 9 məscid təhqir edilib. Dağıdılan və yandırılan 927 kitabxanada 4 milyon 600 min kitab və misilsiz əlyazma nümunələri məhv olunub. Ermənilər tərəfindən ən çox dağıntılara və tələfata məruz qalan islam dini abidələri, yəni məscidlər, türbələr və digər inanc yerləridir. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınmışdır. Yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub. Ermənilər dini dəyərlərimizə hörmətsizlik edərək Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla azərbaycanlıların heysiyyətlərinə toxunmaga calışıblar. Düşmən bizim dinimizi təhqir edib, bütün müsəlmanları təhqir edib.
Dövlətimizin başçısı işğaldan azad olunmuş Zəngilan rayonunda mənfur düşmən tərəfindən dağıdılan məsciddə olarkən "Görün mənfur düşmən məscidi nə günə salıb. Bizim bütün dini abidələrimiz düşmən tərəfindən dağıdılıb", deyərək dünyanın buna 30 il ərzində səssiz qaldıgını qeyd edib: "Biz bu məsələni dəfələrlə qaldırmışdıq, beynəlxalq kürsülərdən qaldırmışdıq, tarixi-dini abidələrimiz dağıdılıb, təhqir edilib. Biz o videoları dəfələrlə göstərirdik. Ağdam məscidini, Şuşa məscidlərini, o vaxt işğal altında olan digər məscidlərin vəziyyətini göstərərək deyirdik ki, mənfur düşmən bizim dini abidələrimizi dağıdıb, təhqir edib. Zəngilan işğaldan azad olunandan sonra rayonda yerləşən məscidlərin birində donuzların saxlanması ilə bağlı videokadrlar nümayiş etdirilmişdir. Düşmən bizim dinimizi təhqir edib, bütün müsəlmanları təhqir edib. Bax, burada məscid olub, indi yoxdur, dağıdıblar. İndi bəziləri azad edilmiş torpaqlarda erməni xalqının dini irsi haqqında məsələ qaldırırlar. Bəs, bizim milli-dini irsimiz haqqında niyə heç kim məsələ qaldırmayıb?".
Bütün bu əməllərlə Ermənistan “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasını, “Arxeoloji abidələrin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasını, “Mədəni dəyərlərin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında” 1970-ci il Paris Konvensiyasını, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” YUNESKO-nun 1972-ci il Paris Konvensiyasını, “Arxeoloji irsin mühafizəsi haqqında” Avropa Konvensiyasını və s. kobudcasına pozub.
Əsrlər boyu xalqımızın bu torpaqlarda qurub-yaratdığı evlər, muzeylər, məscidlər, tarixi-mədəni abidələrimiz ermənilər tərəfindən dağıdıldı, viran qoyuldu, talan edildi. Artıq torpaqlarımıza Böyük qayıdış başlayıb və möhtəşəm quruculuq işlərinə, o cümlədən Ölkə Prezidenti tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşanın bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə də start verilib. Tezliklə bütün dünya Şuşanın, Qubadlının və digər məkanların yenilənmiş simasını görəcək, erməni vandalları isə törətdikləri vəhşiliklərin cəzasını tarix boyu çəkəcəklər.
Artıq işgaldan azad olunan torpaqlarımızda da tarixi abidələrimiz bərpa olunacaq. Həyat öz axarına qayıdacaq.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB